Göygöl rayonundakı həkim məntəqələri hansı qurumun balansındadır? - Araşdırma

Göygöl rayonundakı həkim məntəqələri hansı qurumun balansındadır? - Araşdırma

Bölgələrdə həkim məntəqələrinin vəziyyəti ilə bağlı apardığımız araşdırmalar davam edir. Növbəti ünvanımız Göygöl rayonunda fəaliyyət göstərən həkim məntəqələri olub. SİA-nın bölgə müxbirinin apardığı araşdırma daha öncəki nəticələrdən heç nəyi ilə fərqlənməyib. Rayonun gözdən uzaq, ucqar kəndlərində səhiyyə ocaqları baxımsız vəziyyətdədir.

Təxminən 3 min kənd sakininə xidmət göstərən və dağətəyi ərazidə yerləşən Topalhəsənli kənd həkim məntəqəsində bu gün nəinki yüksək, hətta adi tibbi xidmətdən söhbət gedə bilməz. Yararsız vəziyyətdə olan bina, lazımı avadanlıqlarla təmin edilməyən tibb işçiləri bu səhiyyə ocağının bərbad gündə olmasından xəbər verir. Sözügedən tibb məntəqəsinin ilk növbədə təmirə ehtiyacı var. Yəni Topalhəsənli tibb məntəqəsində yenidənqurma aparıldıqdan sonra hər hansı bir tibbi xidmətdən danışmaq olar. Burada istilik sistemi ümumiyyətlə yoxdur. Məntəqə odun və elektrik enerjisi ilə qızdırılır.

Digər ünvan, Aşıqlar kənd tibb məntəqəsi isə ilk baxışdan səhiyyə ocağını xatırlatmır. Cəmi bir otaqdan ibarət olan məntəqədə tibbi avadanlıq yox dərəcəsindədir. Qeyd edək ki, kənddə qaz olsada, aidiyyəti qurumlar nədənsə məntəqəyə mavi yanacaq çəkməyi məsləhət bilməyiblər.

Bundan əlavə, ən ciddi problemlərdən biri də tibb məntəqələrində çalışanların ixtisaslı həkimlər olmamasıdır. Burada əhaliyə xidmət göstərənlər ali təhsilli yox, orta təhsilli tibb işciləridir.

Məsələyə münasibət bildirən Göygöl Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hamlet Ömərov SİA-ya açıqlamasında qeyd edib ki, yararsız vəziyyətdə olan tibb məntəqələrinin əksəriyyətinin yerləşdiyi binalar Səhiyyə Nazirliyinin balansında deyil.

Baş həkmin sözlərindən görə, bu məntəqələrin vəziyyətinə onun rəhbərlik etdiyi xəstəxana cavabdeh deyil. Bu binalar bələdiyyə və İcra Hakimiyətinin balansındadır. "Tibb məntəqələrinin, eləcə də həkim məntəqələrinin əksəriyyəti Səhiyyə Nazirliyinin balansında deyil. Hansısa binalarda, klubların bir otağında yeləşdirilib. Bu binalar yerli icra hakimyyətinin və bələdiyyələrin balansındadır. Odur ki, bu binalara Səhiyyə Nazirliyinin vəsaitlərini xərcləməyə ixtiyarımız yoxdur.", H.Ömərov deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə