“Ərdoğan və Putin iki məsələnin üzərində xüsusi dayandılar" ÖZƏL-ŞƏRH

“Ərdoğan və Putin iki məsələnin üzərində xüsusi dayandılar" ÖZƏL-ŞƏRH

“Moskvada Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş başa çatdı. Bu iki lider arasında bir il ərzində 26-cı (?!) görüş idi, yəni aya 2 görüşdən çox düşür. İki ölkə tarixində ilk yaşanır”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, liderlər Suriyanı müzakirə etdilər: “Ərdoğan və Putin iki məsələnin üzərində xüsusi dayandılar. Birincisi, İdlib, ikincisi Suriya Konstitusiyasıdır. Əslində Ərdoğan və Putin hər iki mövzu ətrafında fikir ixtilafı yaşamasalar da, hər iki problem həll olunmayıb. Nə İdlib terrorçulardan azad olunub və Ankara hələ ki, silahlı müxalifəti terrorçulardan ayıra bilməyib, nə də ki, Suriya Konstitusiyasının necə olacağı ətrafında razılaşma var. Digər tərəfdən Putin Ərdoğandan fərqli olaraq YPG və PYD-ni terrorçu təşkilatlar saymır, onları "kürd qruplar" adlandırır. Demək, Putin gələcəkdə onlarla ittifaq qura biləcəyini də istisna etmir.

Buna baxmayaraq, Ərdoğan və Putin dostluqlarını davam etdirirlər. Çünki, ABŞ hər ikisinə qənim kəsilib. Nə qədər ki, Vaşinqton həm Rusiya, həm də Türkiyəni sıxışdırmağa çalışır, Ankara-Moskva ikilisi çat verməyəcək, hətta Suriyadakı duruma baxış fərqli olsa belə. Əslində Ərdoğanın Suriyaya baxışı Putinin xoşuna gəlmir, ancaq Rusiya prezidenti Suriyaya görə Ərdoğanla dostluqdan qopmaq istəmir. Çünki iki ölkə arasındakı münasibətlərdə pozitiv elementlər – ticarət mübadiləsi, atom elektrik stansiyasının tikintisi, “türk axını” layihəsi və C-400 anlaşması var”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə