Ermənistanı pəjmürdə edən proqnoz ABŞ, İran, Türkiyə faktoru

Ermənistanı pəjmürdə edən proqnoz ABŞ, İran, Türkiyə faktoru

Rusiya ilə münasibətlərin pozulması işğalçı ölkəyə hansı mənfi təsirlərini göstərir?

Amerikanın “Stratfor” analitik mərkəzi Ermənistan-Rusiya münasibətlərinin inkişafı və iqtisadi münasibətlərə toxunulan proqnoz-təhlillə çıxş edib. SİA Ermənistanın tert.am saytına istinadən xəbər verir ki, sözügedən təhlildə 5000 rus əsgərinin Gümrüdəki 102-ci hərbi bazada yerləşdiyini qeyd edib, bununla yanaşı, Rusiyanın Ermənistanın iqtisadi sektoruna təsirindən yazıb. Burada enerjiötürücü kəmərlərdən tutmuş telekommunikasiya məsələlərinə qədər toxunulub.

Ermənistandakı hakimiyyət dəyişikliyi Yerevanla Moskva arasında daha öncə mövcud olmuş möhkəm bağlantıları şübhə altına qoyub

“Rusiya eyni zamanda, Ermənistanın nəhəng ticarət partnyorudur ki, onun payına ümumi ticarət dövriyyəsindən 25% daxil olur”, deyə yazılan proqnoz-təhlildə həmçinin bildirilir ki, bütün bunlara baxmayaraq, Ermənistandakı hakimiyyət dəyişikliyi Yerevanla Moskva arasında daha öncə mövcud olmuş möhkəm bağlantıları şübhə altına qoymağa başlayıb.

Analitiklərin rəylərinə görə, ölkələr arasındakı münasibətlərə xüsusilə sabiq prezident Robert Koçaryan və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovla bağlı açılmış cinayət işləri təsir edib.

Paşinyanın Moskvaya iradları gərginliyi daha da artırmış oldu

Məqalə müəllifi qeyd edir ki, münasibətlərdəki gərginlik mənbələrindən biri də, rus hərbçilərinin erməni kəndində keçirdikləri hərbi təlimlərlə bağlıdır və bunun ardınca, sakinlərin etirazları, habelə Paşinyanın Moskvaya sözügedən məsələ ilə bağlı iradları həmin gərginliyi daha da artırmış oldu.

Analitik mərkəz iki ölkə arasındakı münasibətlərə təsir edən digər faktor kimi ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Boltonun 2018-ci ildə Ermənistana səfəri və həmin səfəri çərçivəsində Amerika silahlarının bu ölkəyə satmaq mümkünlüyü barədə irəli sürdüyü bəyanatıdır.

ABŞ, İran, Türkiyə kimi digər qüvvələr Qafqaz ölkəsinə təsirlərini artıraraq, Rusiyanın mövqelərini zəiflədə bilər

“Erməni-rus əməkdaşlığı çərçivəsindəki fikir ayrılıqları digər sferaları da əhatə edir”, yazan “Stratfor” analitik mərkəzi energetika sektoru ilə yanaşı, Ermənistanla Rusiyanın hərbi bağlantılarına da mənfi təsirlərin olacağını proqnozlaşdırıb, o cümlədən, qaz təchizatında da ciddi problemlərin yaşandığı bildirilib.

“Münasibətlərin pisləşməsinin davam edəcəyi halda, ABŞ, İran, Türkiyə kimi digər qüvvələr Qafqaz ölkəsinə təsirlərini artıraraq, Rusiyanın mövqelərini zəiflədə bilər”, deyə yazılan analitik-proqnozda vurğulanır ki, bütövlükdə Moskva ilə Yerevan arasındakı fikir ayrılıqları digər ölkələrin Ermənistana münasibətdə fəaliyyətlərini artıra, bütövlükdə isə, onların regiondakı mövqelərini yaxşılaşdıra bilər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə