“Ukrayna-Ermənistan dostluğu” abidəsi darmadağın edilib

“Ukrayna-Ermənistan dostluğu” abidəsi darmadağın edilib

Nikopolda ucaldılmış "Ukrayna-Ermənistan dostluğu" abidəsi darmadağın edilib. SİA-nın xəbərinə görə, Dnepropetrovsk vilayətinin cənubunda yerləşən bu iri sənaye şəhəri əlvan metallurgiya və boru prokatı istehsalı mərkəzi kimi tanınıb. Dnepr çayının sağ sahilində Zaparojye atom elektrik stansiyası yerləşir. Hazırda daxili qoşun bölmələri və Ukrayna DİN-in "Berkut" xüsusi təyinatlı dəstələri təcili surətdə Nikopola göndərilir.

Kütləvi etnik iğtişaşlar yeni il bayramında yerli "Kristal" kafesində qanlı davadan sonra başlanıb. Dava zamanı iki nəfər 23 yaşlı ukraynalı gənc bıçaqlanmışdır. Daha bir cavan oğlan və 19 yaşlı qız bıçaq yaraları ilə şəhər xəstəxanasının reanimasiya bölməsinə çatdırılıb.

Yerli sakinlərin sözlərinə görə, bıçağa əl atanlar ermənistanlı gənclər olub. Onlar bu regionda ən çoxsaylı erməni diasporunun nümayəndələridir. Şəhər həyəcan içindədir, insanlar küçələrdə toplaşır və qatillərin onlara verilməsini tələb edirlər.

Milis iki nəfər şübhəli şəxsi həbs etmişdir, lakin etiraz nümayişləri davam edir. Vilayətin bütün kazakları ayağa qalxıb. Heç kəs inanmır ki, 4 nəfər Nikopol sakinini amansızlıqla qətlə yetirən cəmi 2 nəfər gəlmə erməni olub.

Nikopolda yaşayan erməni ailələri təcili olaraq bu şəhərdən köçürlər. Həlak olanların dəfn mərasimi güc qurumlarının mühasirəsi şəraitində keçib. Axşam isə qəzəblənmiş kütlə "Ukrayna-Ermənistan dostluğu" adlı abidəni yerlə yeksan edib.

Dnepropetrovsk və Zaporojye vilayətlərinin bütün rəhbər işçiləri qan tökülməsinə yol verməmək xatirinə milad tətillərini təcili olaraq yarımçıq qoymalı olmuşdur. Narahat olmaq üçün çox ciddi əsas vardır. Təlatümə gəlmiş Nikopol ilə şaxtaçılar şəhəri Marqanes arasındakı məsafə maşın ilə cəmi yarım saatlıq yoldur. 2009-cu ilin iyul ayında bu şəhərdə misli görünməmiş Qafqaz-erməni talanları olub.

O vaxt qoşunlar və milis Marqanes əhalisini sakitləşdirmək üçün şəhəri 3 həftə mühasirədə saxlayıb. Erməni diasporunun liderləri öz həmyerliləri olan, "həbs edilə biləcək" cinayətkarların siyahısını yerli hakimiyyət orqanlarına verəndən sonra münaqişə sakitləşmişdi.

Məşhur "Marqanes qiyamı"nın başlanmasına səbəb - 22 yaşlı post-patrul xidməti serjantı Sergey Bondarenkonun qətlə yetirilməsi olub. Samvel adlı bir erməni Sergeyi bıçaqla ürəyindən vurub. Minlərlə hiddətlənmiş şəhər sakini serjantı son mənzilə yola salıb. Sergeyin tabutunun arxasınca gedənlər arasında onun hamilə həyat yoldaşı da vardı.

Gənc milis işçisinin ölümü sözün hərfi mənasında təlatümə gəlmiş ukraynalıların səbir kasasını daşdıran "son damla" olub. Silahlanmış dəstələr küçələri gəzib dolaşaraq erməni kommersantlara məxsus evləri və bahalı xarici avtomaşınları yandırır, ermənilərin mağaza və köşklərini dağıdırdı. Onlar şəhər administrasiyasının binasını mühasirəyə alaraq içəri soxulmuş, meri binadan bayıra çıxarmışdılar. Onların bircə tələbi vardı – bütün şəhərdə pasport rejimi yoxlanılsın və həddini aşmış ermənilər sürgün edilsin.

Qanlı münaqişələrin ən qızğın vaxtında yerli hakimiyyət orqanları şəhərdə fövqəladə vəziyyət rejimi və komendant saatı elan edib. Milis indiyə qədər yerli erməni klanları arasında praktiki olaraq heç kəsi saxlamayıb. Halbuki yerli əhali ilə erməni diasporunun bundan sonra dinc yanaşı yaşamasını hansı şəkildəsə tənzimləmək lazım idi. Ukrayna güc qurumları, administrasiya nümayəndələri və Marqanesdə yaşayan ən nüfuzlu ermənilər arasında məxfi "randevu" Krımın Koktebel kurort şəhərində keçirilib.

Ukrayna DİN Ermənistanın Kiyevdəki səfiri Xaçatryanı şəxsən inandırmışdı ki, erməni kriminallarını həbs etmədən münaqişəni sakitləşdirmək mümkün deyildir. Ukrayna KİV-lərinin yazdığına görə, erməni diasporunun liderləri ukraynalıları sakitləşdirmək üçün öz həmvətənlərindən bəzilərinin siyahısını yerli hakimiyyət orqanlarına vermişdi. Erməni diasporunun liderləri bildirirlər ki, adları bu siyahıda olan ermənilər Ukrayna əhalisini terror etdiyinə və kütləvi millətlərarası münaqişəyə səbəb olduğuna görə onlara "toxunmaq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə