Gəncədə xalçaçılıq sənəti unudulur - Araşdırma

Gəncədə xalçaçılıq sənəti unudulur - Araşdırma

Gəncə lap qədimdən yun parçaların, ipək xalçaların mərkəzi kimi məşhurlaşıb, tanınıb. Əsrlər boyu yüksək, keyfiyyətli xalçaları ilə seçilən Gəncədə bu sahə daima diqqət mərkəzində olub. Bunun nəticəsi olaraq Gəncə nəinki Azərbaycanda, hətta Qafqazda, Şərqdə xüsusi xalça emalatxanalarının çox olduğu şəhər kimi də tanınıb.

Gəncə xalçaçılıq məktəbi Gədəbəy, Goranboy, Şəmkir, Samux və digər rayonlarda da geniş yayılıb. Ancaq təəssüf ki, hazırkı dövrdə Gəncə xalçaçılıq sənətinin ənənəsini davam etdirənlərin sayı olduqca azdır. Xalçaçı Faiq Osmanov SİA-nın bölgə müxbirinə bildirib ki, bu gün ən ciddi problem Gəncə xalçaçılıq məktəbini, onun dəsti-xəttini yaşadan toxucuların sayının getdikcə azalmasıdır. Yetişməkdə olan mütəxəsisslər isə milli ornamentləri özündə əks etdirən xalçalara yox, yaradıcılıq üslubunda toxunan xalçalara meyl edir.

"Gəncənin Lətif Kərimov, Cəfər Mücri, Kamil Əliyev kimi xalça ustaları olub. Hansı ki, onlar Gəncə xalçaçılıq məktəbini olduğu kimi yaşatmağa çalışıblar. İndi bu sənətkarlar yoxdur. Yetişən nəsil isə maddi durumu əsas gətirərək tələbat olan janrlarda işləyirlər. Misal olaraq, portret janrı geniş yayılıb. Ümumiyyətlə, indi Gəncə xalçaçılıq məktəbini dərindən bilən toxucuları tapmaq çətindir", - deyə F.Osmanov bildirir.

İncəsənətin bu növünə marağın azalması xalçaçılığın səbr tələb edən peşə olması ilə də bağlıdır. Əvvəlki illərdə olduğu kimi Gəncədə xanımlar bu ecazkar sənətin sirlərinə yiyələnmək həvəsində deyillər. "Xalçaçılıq oturaq sənətdir. Üstəlik, bu peşəni öyrənmək üçün səbr tələb olnur. Elə xalçalar var ki, onun üzərində illərlə işləyirsən. Bu işlə əsasən qadınlar məşğul olub. Keçmişdə qadın və qızlarımızın xalçaçılıq sənətini mənimsəyə həvəs və səbri çatıb. Bu gün isə bu yoxdur", - deyə F.Osmanov əlavə edir.

Bütün bunların fonunda isə böyük bir tarixi, ənənəsi olan məktəb itmək təhlükəsi ilə üzləşir. Hər halda şərəfli tarixi, keçmişi olan Gəncə xalçaçılıq məktəbinin davamçılarının sayının gün keçdikcə azalması təhlükənin ciddiliyindən xəbər verir və aidiyyəti qurumlar, tarixini, mədəniyyətini sevən hər kəs bu haqda düşünməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə