Gövhər Baxşəliyeva: “18 yaşına çatmayan qızların hicab bağlaması düzgün deyil” - MÖVQE

Gövhər Baxşəliyeva: “18 yaşına çatmayan qızların hicab bağlaması düzgün deyil” - MÖVQE

"2010-cu ilin ən böyük uğurlarından biri Təhsil Nazirliyinin hicabla bağlı qəti mövqeyini ortaya qoymasıdır". Bu sözləri millət vəkili Gövhər Baxşəliyeva SİA-ya açıqlamasında deyib.

O bildirib ki, bu addım çoxdan atılmalı idi. Atılan addımı tam dəstəklədiyini deyən millət vəkilinin sözlərinə görə, hicabsızlıq Azərbaycan qadınının böyük nailiyyətiddir: "Bunu bəziləri başa düşmür. Hicab bağlayan gənc qızların bəziləri dəbə, bəziləri əqidəsinə görə bağlayır. Hazırda təkcə Azərbaycan yox, bütün şərq ölkələrində hicabla bağlı böyük mübarizə aparılır. Ölkəmizdə uzun illərlə hicabla bağlı mübarizə aparılıb. Sovet dövründə əldə edilən hər şey mənfi deyildi. Həmin dövrdə də böyük nailiyyətlər əldə olunub. Azərbaycan qadınının inkişafı, hicabsızlığı, kişi ilə bərabər hüquqa malik olması həmin dövrdə əldə olunan çox byük nailiyyət idi. O nailiyyəti qoruyub saxlamalıyıq. Azərbaycan qadının bugünki səviyyəsi, inkişafı Şərq ölkələrində hamını valeh edir ki, ölkəmizdə bu qədər sivil, azad, dövlət orqanlarında təmsil olunan, ali təhsilli qadınlar var. Bu irəliyə atılan böyük addımdır".

G.Baxşəliyevanın fikrincə, ölkəmizdə əqidə azadlığı olduğuna görə, hicabı tam ləğv etmək mümkün deyil. Lakin millət vəkili hesab edir ki, həddi-buluğa - 18 yaşına çatmayan qızların hicab bağlaması düzgün deyil. "Bəzən 8-9 yaşında qızların hicab taxdığını görürük. Bu düzgün deyil. O uşaqlar hicabı ya məcburiyyət, ya da ki, kiməsə bənzəmək xatirinə də taxa bilərlər. Onlar həyatda müstəqil seçimlərini etməyiblər. Onları o yaşda hicab altına salmaq nə dərəcədə düzgündür? 18 yaşına çatdıqdan sonra qız öz istəyi və müstəqil seçimi əsasında hicaba bağlana bilər. Əgər kimsə müstəqil şəkildə hicabı seçərsə biz ona hörmətlə yanaşarıq".

Bütün xəbərlər Facebook səhifəmizdə