İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı və Şüvəlandakı 3 saylı istintaq təcridxanalarına, həmçinin Xəzər və Binəqədi rayon polis idarələrinin (RPİ) müvəqqəti saxlama təcridxanalarına (MST) başçəkmələr həyata keçiriblər.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, qrupun üzvləri başçəkmələr zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırmış, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olmuş, barələrində istintaq aparılan və saxlanılan şəxslərlə söhbət aparmış, onlara hüquqlarını izah ediblər.
Söhbət aparılmış şəxslərin bəziləri barələrində çıxarılmış məhkəmə qərarlarından, istintaqın qeyri-obyektiv aparılmasından narazılıqlarını bildiriblər.
Qeyd olunmalıdır ki, yenicə istifadəyə verilmiş Xəzər RPİ-nin MST-si yüksək standartlara uyğundur. Lakin dörd nəfər üçün nəzərdə tutulmuş kameralarda cəmi iki oturacağın olduğu müəyyənləşdirilib. Bu nöqsan barədə Daxili İşlər Nazirliyinə müraciət olunub. Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB