Nikol Paşinyanla Anna Naqdalyanın sözləri üst-üstə düşmədi ANALITIK

Nikol Paşinyanla Anna Naqdalyanın sözləri üst-üstə düşmədi ANALITIK

Ermənistanın baş naziri vəzifəsini icra edən küçə siyasətçisi özü-özünə dərin quyu qazmaqla məşğuldur

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Sankt Peterburqda Avrasiya İttifaqına daxil olan ölkə rəhbərlərinin görüşündə Belorus prezidenti Aleksandr Lukaşenko ilə söhbət edəcəyini deyib. Belə ki, Belorus prezidentinin bir müddət öncə Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovla görüşün zamanı Paşinyanla bağlı mövzuda deyib ki, o, yəni Paşinyan hökumətində baş verənlərlə maraqlanmalıdır. “Ermənistan həm Avrasiya İttifaqına, həm də KTMT-yə rəhbərlik edir və bu, keçid dövrü yaşayan ölkə üçün ağır bir yükdür. Ermənistan bunun altından çıxa biləcəkmi?”, deyə Lukaşenko səfirimizlə görüşündə bildirib.

Məhz bundan sonra, N.Paşinyan iddia edir ki, o Avrasiya İttifaqı ölkələrinin görüşündə Lukaşenko ilə sözdə “haqq-hesab” çəkmək fikrindədir. “Əlbəttə ki, danışmalıyıq, bunu uzada bilmərik ki...”, jurnalisitlərlə söhbətində erməni hökumətinin başçısı deyib.

Anna Naqdalyan iddia edir ki, guya Ermənistanın KTMT-də baş katiblik postunda qalması üçün kifayət qədər resursları var

Xatırladaq ki, Ermənistanın xarici işlər nazirliyi də dərhal bu məsələyə qarşı bəyanat verərək, Belorus prezidentini tənqid atəşinə tutaraq, hətta onun sözlərini “korrektə olunmamış” kimi bildirmişdi. “Ermənistan KTMT-ni kollektiv təhlükəsizlik məsələləri və problemlərin həlli meydanı kimi görür”, deyə qeyd edən Anna Naqdalyan KTMT daxilində problemlərin olduğunu iddia edib, hətta Ermənistanın 2020-ci ilə qədər baş katiblik postunda qalması üçün “kifayət qədər resurslarının” olduğunu da bildirib.

Maraqlıdır ki, məhz Paşinyanla Naqdalyanın fikirlərində üst-üstə düşməyən məqamlar var. Misal üçün, Ermənistanın xarici siyasət qurumunun rəhbəri ölkəsinin baş katiblik postunda qalması üçün guya kifayət qədər resurslarının olduğunu desə də, Paşinyan tamamilə başqa motivdən çıxış edir.

Nikol Paşinyan KTMT-yə kimin namizəd olub-olmaması məsələsindən daha vacib işlərin olduğunu bildirib

KTMT-nin baş katibi postu məsələsinin konsensus yolu ilə həll olunmalı olduğunu deyən Paşinyan Belorus prezidenti ilə yanaşı, Rusiyanın siyasət adamlarının da bostanlarına daş atmağı unutmayıb. Misal üçün, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistanın KTMT-nin sammitinin vaxtının dəyişdirilməsi ilə bağlı müraciət etməsi ilə bağlı fikirlərini sözün əsil mənasında, ermənicəsinə yalanlayıb. O, jurnalistlərlə söhbətində Ermənistanın guya belə bir təşəbbüslə çıxış etmədiyini deyib. “Biz demişik ki, öz namizədimiz var və bu namizədimiz ətrafında danışıqlarımızı davam etdiririk”, deyən Paşinyan bununla yanaşı, KTMT-yə kimin namizəd olması ilə bağlı məsələlərdən daha vacib məsələlərin olduğunu bildirib.

Paşinyan Lukaşenko ilə “haqq-hesab” çəkəcəyini desə də, Belorus prezidenti küçə siyasətçisini daha sərt şəkildə yerində otuzdutacaq

Beləliklə, buradan da aydın görünür ki, Ermənistanın xarici siyasət qurumunun rəhbəri Anna Naqdalyanla Nikol Paşinyanın sözləri bir-birini tamamlamıt və bu amil əslində, ölkənin yeni hakimiyyətinin səriştəsiz, diplomatik dəyərlərdən uzaq və naşı olduğunu sübuta yetirmiş olur. Hər halda, Nikol Paşinyan Sankt-Peterburqda Aleksandr Lukaşenko ilə “haqq-hesab” çəkəcəyini iddia edirsə, onun Belorus prezidenti tərəfindən daha sərt cavab alaraq, yerində otuzdurulmasını da kifayət qədər ehtimal etmək mümkündür. Bu reallıq isə, seçkilərə gedən və keçid dövrü yaşayan işğalçı ölkəyə heç də yaxşı gələcək vəd etmir. Daha dəqiq desək, Paşinyan hələ də özü-özünə dərin quyu qazmaqla məşğuldur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə