Lissabon sammiti: Azərbaycanın prinsipial mövqeyi

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başlamışdır. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı.

Ümumiyyətlə, münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır.

Yuxarıda qeyd olunduğu kimi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqlədi. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırdı. BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərini bəyənərək, ATƏT-in Minsk prosesi çərçivəsində münaqişənin həlli yollarının axtarılmasına çağırdı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilməmişdir.

12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olundu. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olundu. Budapeşt sammiti ATƏM-in fəaliyyətdə olan sədrinə silahlı münaqişənin dayandırılması üçün siyasi razılaşmanın əldə olunması məqsədilə danışıqlar aparmaq tapşırığı verdi. Sözügedən siyasi razılaşma münaqişənin nəticələrini aradan qaldırmalı və Minsk konfransının çağırılmasına imkan verməli idi. Sammit həmçinin silahlı münaqişənin dayandırılmasına dair Tərəflər arasında saziş əldə edildikdən sonra ATƏM-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi və sülhyaratma əməliyyatlarını hazırlayan Vyana mərkəzli Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) yaradılması ilə bağlı qərar qəbul etdi. YSPQ 1993-cü ilin may ayında yaradılan İlkin Əməliyyat Planlaşdırma Qrupunu (İƏPQ) əvəz etdi.

23 mart 1995-ci il tarixində ATƏT-in fəaliyyətdə olan sədri Minsk prosesinin həmsədrlərinə mandat verdi (DOC.525/95). 2-3 dekabr 1996-cı il tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə etdi, lakin Ermənistan bu prinsipləri qəbul etmədi və ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət oldu. ATƏT-in fəaliyyətdə olan sədri sözügedən prinsipləri ehtiva edən bəyanatla çıxış etdi.

Həmin prinsiplər aşağıdakılardır:

- Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü;
- Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququna əsaslanan sazişlə müəyyən olunmuş və ona Azərbaycan daxilində ən yüksək özünüidarəetmə statusu verən hüquqi statusu;
-Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə, o cümlədən nizamlamanın müddəalarını bütün Tərəflərin yerinə yetirəcəyi ilə bağlı qarşılıqlı öhdəliklərə dair zəmanət Lissabon sammitindən sonra 1997-ci ildə Fransa, Rusiya və ABŞ-dan ibarət həmsədrlik institutu yaradıldı (1992-ci ildən Minsk konfransına İtaliya (1992-1993), İsveç (1994), Rusiya (1995) və Finlandiya (1995-1996) sədrlik etmişlər).

1997-ci ilin aprel ayından etibarən həmsədrlərin bölgəyə səfərləri intensiv xarakter almağa başladı. 1 iyun 1997-ci il tarixində həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hərtərəfli saziş layihəsini təqdim etdilər. Həmin layihəyə əsasən, silahlı münaqişə dayandırılmalı və Dağlıq Qarabağın statusuna dair razılaşma əldə edilməli idi. Azərbaycan tərəfinin sözügedən sənədlərin mahiyyəti ilə bağlı konstruktiv məsləhətləşmələrə başlamağa hazır olmasına baxmayaraq, Ermənistan tərəfi təklif olunan yanaşmanı qəti şəkildə rədd etdi.

19-23 sentyabr 1997-ci il tarixlərində həmsədrlər bölgəyə səfərləri zamanı münaqişənin “mərhələli həlli”nə əsaslanan yeni təklif təqdim etdilər. Bu təkliflər ilk mərhələdə 6 rayonun işğaldan azad olunması, ATƏT-in sülhyaratma əməliyyatlarının başlaması, köçkünlərin azad olunmuş ərazilərə qayıtması və münaqişə bölgəsində əsas kommunikasiya vasitələrinin bərpasını nəzərdə tuturdu. İkinci mərhələdə Laçın və Şuşa məsələləri həll olunmalı, Dağlıq Qarabağın statusunun əsas prinsipləri qəbul olunmalı və nəticədə ATƏT-in Minsk konfransı çağırılmalı idi.

10 oktyabr 1997-ci il tarixində Strasburqda Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edərək, “həmsədrlərin son təkliflərinin Minsk qrupu çərçivəsində danışıqların bərpa edilməsi üçün ümidverici baza” olduğunu bildirdilər. Lakin 1998-ci ilin fevral ayında Levon Ter-Petrosyanın istefası və 1998-ci ilin mart ayında Robert Köçəryanın hakimiyyətə gəlişindən sonra həmsədrlərin bölgəyə növbəti səfəri zamanı Ermənistan rəsmi olaraq, münaqişənin “mərhələli” həlli təkliflərinə dair razılığını geri götürdü.

9 noyabr 1998-ci il tarixində həmsədrlər “ümumi dövlət” konsepsiyasına əsaslanan yeni təklif irəli sürdülər. Bu konsepsiyaya əsasən, Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi vahidi statusu əldə etməli və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanla birlikdə ümumi dövlət təşkil etməli idi. Azərbaycan bu təklifləri onun suverenliyinə və Lissabon prinsiplərinə zidd olması səbəbindən rədd etdi. Bundan sonra heç bir yeni təklif irəli sürülmədi və Minsk prosesi çıxılmaz vəziyyətə düşdü. Danışıqlar prosesinə təkan vermək üçün 1999-cu ilin aprel ayından etibarən Azərbaycan və Ermənistan prezidentləri arasında münaqişənin həllinə nail olunması məqsədilə birbaşa görüşlər başladı.

ATƏT-in Minsk qrupunun həmsədrləri 2002-ci ilin mart ayında bölgəyə səfərləri zamanı danışıqlar prosesinin Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələri səviyyəsində davam etdirilməsi təklifini irəli sürdülər. Bu təklif hər iki dövlət başçısı tərəfindən qəbul olundu. 13-15 mart və 29-30 iyul 2002-ci il tarixlərində Praqa yaxınlığında hər iki dövlət başçısının xüsusi nümayəndələrinin iki görüşü keçirildi. 2004-cü ildən etibarən “Praqa prosesi” çərçivəsində Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında birbaşa danışıqlar başladı.

25 yanvar 2005-ci il tarixində Avropa Şurasının Parlament Assambleyası “ATƏT-in Minsk konfransının məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi” adlı 1416 saylı qətnamə qəbul etdi. Parlament Assambleyası qətnamədə Azərbaycan ərazisinin böyük bir hissəsinin işğal olunduğunu bir daha təsdiq edərək, etnik düşmənçilik və onu müşayiət edən hərbi əməliyyatların çoxlu sayda insanın etnik əsasda qovulmasına və monoetnik ərazilərin yaradılmasına gətirib çıxardığına dair narahatlığını ifadə etdi. Assambleya Avropa Şurasının üzvü olan bir dövlətin digər dövlətin ərazisini işğal etməsinin həmin dövlətin üzvlük öhdəliklərini kobud şəkildə pozması demək olduğunu açıq şəkildə bəyan edərək, münaqişə zonasından didərgin düşmüş şəxslərin təhlükəsiz və ləyaqətlə geri qayıtması hüququnu bir daha təsdiq etdi. Assambleya həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq, münaqişə tərəflərini onları yerinə yetirməyə, xüsusilə də işğal olunmuş ərazilərdən hərbi qüvvələri çıxarmağa çağırmışdır.

2006-cı ilin may ayında ATƏT-in Minsk qrupunun hazırkı həmsədrlik institutu yaradılan vaxtdan etibarən ilk dəfə olaraq, həmsədr ölkələrin Xarici işlər nazirlərinin müavinlərindən ibarət birgə missiya bölgəyə səfər etmişdir. Səfərin məqsədi Dağlıq Qarabağa dair razılıq əldə edilməsi üçün 2006-cı ilin mühüm “imkan pəncərəsi” yaratdığını hər iki ölkə prezidentlərinin diqqətinə çatdırmaqdan ibarət idi. ATƏT-in Minsk qrupu həmsədrləri 22 iyun 2006-cı il tarixində ATƏT-in Daimi Şurasına məruzə təqdim etdilər. Onlar məsələyə aydınlıq gətirərək bəyan etdilər ki, yanaşmalarının məqsədi münaqişənin bütün aspektlərinin bir mərhələdə həlli deyildi. Həmsədrlərin sözlərinə görə, qeyd olunan prinsiplərlə mümkün ən yüksək tərəqqiyə nail olmaq, lakin bəzi ən çətin məsələləri sonraya saxlayaraq danışıqlar aparmaq nəzərdə tutulurdu. Buna baxmayaraq, həmsədrlər bəyan etdilər ki, prezidentlər razılığa gələ bilmədikləri üçün onlar bu prinsiplərin müəyyənləşdirilməsi, ifadə edilməsi və yekunlaşdırılması işində öz yaradıcılıqlarının zirvə nöqtəsinə çatmışlar. Həmsədrlər bildirdilər ki, əgər tərəflər irəli sürülmüş prinsiplərə dair razılığa gələ bilmirsə, onda onları qane edə biləcək alternativ razılaşmaya nail olunması məqsədilə birlikdə çalışmalıdırlar. Həmsədrlər hazırkı mərhələdə intensiv “məkik diplomatiyası”nın davam etdirilməsinə və prezidentlərin yeni görüşlərinə heç bir zərurət görmədiklərini diqqətə çatdırdılar.

Minsk qrupu həmsədrlərinin bəyanatına və danışıqlar prosesi ilə bağlı reallıqları ənənəvi olaraq təhrif etməyə çalışan Ermənistan tərəfinin qeyd olunan bəyanata dair şərhlərinə cavab olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirərək onu da bildirdi ki, Azərbaycan ərazilərinin davam edən işğalı və etnik təmizləmə şəraitində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun hüquqi statusunun müəyyən edilməsi mümkün deyildir. Bunun üçün Azərbaycan əraziləri işğaldan azad edilməli, münaqişə zonası demilitarizasiya olunmalı, müvafiq beynəlxalq təhlükəsizlik zəmanəti təmin edilməli və zorla didərgin salınmış azərbaycanlı əhali öz evinə qayıtmalıdır. Azərbaycan tərəfi Dağlıq Qarabağa Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində və Konstitusiyasına uyğun olaraq, ən yüksək səviyyəli özünüidarəetmə statusu verməyə hazır olduğunu bir daha bəyan etdi. Xarici İşlər Nazirliyi bölgənin gələcək inkişafını nəzərə alaraq, beynəlxalq təcrübədə mövcud olan presidentlərə uyğun şəkildə obyektiv şəraitin yaradılması məqsədilə münaqişədən əvvəlki etnik tərkibin bərpasından sonra Dağlıq Qarabağın əhalisi üçün iqtisadi və digər stimulların yaradılmasını nəzərdən keçirməyə hazır olduğunu bildirmişdir. Bununla yanaşı, XİN bölgədə ədalətli və daimi sülhün əldə olunması üçün Azərbaycanın danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bir daha bəyan etmişdir.

13 iyul 2007-ci il tarixində ATƏT-in Minsk qrupu həmsədrləri 9 iyun 2007-ci il tarixində İlham Əliyev və Robert Köçəryan arasında Sankt-Peterburqda keçirilən görüşdən sonra münaqişənin həlli prosesində yaranmış vəziyyəti qiymətləndirən bəyanat yaydılar. Həmsədrlər bəyan etdilər ki, prezidentlərin görüşü zamanı, əsas etibarilə münaqişənin sülh yolu ilə həllinin “əsas prinsiplər”inə dair razılaşma ilə bağlı məhdud sayda əngəllər müzakirə edilmiş və tərəflər mövqe fərqləri səbəbindən razılığa gələ bilməmişlər. Həmsədrlər bəyanatlarında Azərbaycan və Ermənistanın bir qrup ziyalısının Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna, eləcə də Bakı və Yerevana birgə səfər təşəbbüsünə toxunaraq, onu bəyəndiklərini və yüksək qiymətləndirdiklərini qeyd edərək, bu təşəbbüsü ilk etimadyaratma addımı adlandırdılar.

2 noyabr 2008-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Moskvada Bəyannamə imzaladılar. Bəyannamədə “münaqişənin nizamlanması beynəlxalq hüququn norma və prinsipləri, eləcə də bu çərçivədə qəbul edilmiş qərar və sənədlərə əsaslanmalı olduğu” vurğulanır. Digər sənədlərlə yanaşı, buraya 1993-cü il BMT Təhlükəsizlik Şurasının, eləcə də 2006 və 2008-ci il BMT Baş Assambleyasının məlum qətnamələri daxildir. Bununla yanaşı, Bəyannamədə vurğulanır ki, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan həlli regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaqdır. Beləliklə bu sənəd Ermənistanın münaqişənin son həlli və onun əsas nəticələrinin aradan qaldırılmasından öncə regional əməkdaşlığa üstünlük verilməsi ilə bağlı iddialarını heçə endirir.

2009-cu il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə aparılan danışıqlar daha intensiv xarakter almışdır. Belə ki, ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin iştirakı ilə Ermənistan və Azərbaycan Prezidentləri 6 dəfə, Ermənistan və Azərbaycan xarici işlər nazirləri isə 3 dəfə görüş keçirmişlər.

2009-cu ilin 22 noyabr tarixində Münhendə keçirilmiş Azərbaycan və Ermənistan Prezidentlərinin görüşündə bir neçə məsələ ilə bağlı tərəflərin mövqelərində yaxınlaşma istiqamətində irəliləyiş əldə olunmuşdur.

2009-cu ilin 1-2 dekabr tarixlərində Afinada ATƏT-in Nazirlər Şurasının 17-ci iclası çərçivəsində ATƏT-in Minsk Qrupunun Həmsədr ölkələrinin nümayəndələri –Rusiya və Fransanın xarici işlər nazirləri, eləcə də ABŞ Dövlət Katibinin müavini birgə bəyanatla çıxış etmişlər. Bundan əlavə, ATƏT-in Nazirlər Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair Bəyanat qəbul etmişdir. Sözügedən bəyanatlarda münaqişənin nizamlanması prosesinin vacib elementi kimi, tərəflər arasında imzalanmış Moskva Bəyannaməsi və Helsinki Yekun Aktında təsbit olunmuş əsas prinsiplər göstərilir.

2010-cu il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilmişdir. İl ərzində davam etmiş danişiqlar 2009-cu ilin dekabrında Minsk Qrupu Həmsədrləri tərəfindən təqdim edilmiş yenilənmiş Madrid prinsipləri əsasında aparılmışdır.

Aparılan danışıqlarda Azərbaycan ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası, işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması, yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin edilməsi, ərazilərin bərpası və kommunikasiyaların açılması və sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşməsi mövqeyindən çıxış etmişdir.

İl ərzində Rusiya Prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistan Prezidenti S.Sarqsyan arasında 25 yanvar tarixində Soçidə, 17 iyun tarixində Sankt-Peterburqda və 27 oktyabr tarixində Həştərxanda üç görüş keçirilmişdir. Son görüşün nəticəsində tərəflər ATƏT-in Minsk Qrupu və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə hərbi əsir və girovların, həmçinin, atəşkəs rejiminin pozulması nəticəsində həlak olmuş şəxslərin cəsədlərinin qaytarılmasına dair birgə bəyanat qəbul etmişlər. Bunun nəticəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun cəsədlərinin vətənə qaytarmaqla, torpağa tapşırılması mümkün olmuşdur.

2010-cu ildə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 17 iyul tarixində Almatıda, 6 noyabrda Moskvada, 19 noyabrda Lissabonda, 22 noyabr və 9 dekabrda Moskvada ümumilikdə beş görüş keçirilmişdir.

Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının başlıca prinsiplərinin razılaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərin başçılarının cari ilin 26 iyun tarixində Kanadanın Muskoka şəhərində verdiyi birgə bəyanat olmuşdur. Sözügedən bəyanatda dövlət başçıları tərəfindən münaqişənin həlli üçün işğal edilmiş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması və digər prinsipləri nəzərdə tutan mərhələli həllinin zəruriliyi vurğulanmışdır.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq aləmdə ifşa edilməsi və müvafiq hüquqi-siyasi qiymətləndirilməsinə nail olmaq istiqamətində həm ikitərəfli əsasda, həm də ATƏT, BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində iş davam etdirilmişdir.

2010-cu ilin 19-20 noyabr tarixlərində Lissabonda keçirilmiş NATO-nun Zirvə görüşünün yekun Bəyannaməsində regional ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş və regional münaqişələrin məhz bu prinsipləri nəzərə almaqla həllinə çağırılmışdır.

1-2 dekabr tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilmiş ATƏT-in 7-ci Sammiti çərçivəsində qəbul edilmiş Astana Bəyannaməsində ATƏT məkanında həlli uzanan münaqişələrin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında təsbit olunmuş normalar öz əksini tapmışdır. Eyni zamanda, Sammit çərçivəsində ATƏT Minsk Qrupunun Həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları və Azərbaycan və Ermənistan Prezidentləri tərəfindən qəbul olunmuş birgə bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Minsk Qrupu Həmsədr Dövlət Başçılarının 2009-cu il İtaliya və 2010-cu il Kanadada keçirilmiş G-8 Zirvə toplantıları çərçivəsində qəbul edilmiş prinsiplər əsasında həllinin vacibliyi bir daha vurğulanmışdır.

Ümumilikdə qeyd edilməlidir ki, 2010-cu ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüquq və normalar və bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirilmişdir. Bu da 2008-ci ildə Moskvada Rusiya, Azərbaycan və Ermənistan Prezidentləri tərəfindən imzalanmış bəyanatda əks olunur.

Ötən ildə Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı” adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğalı altında olması faktı təsdiq edilmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxarılması, öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb edilmişdir.

Azərbaycan tərəfi işğal edilmiş ərazilərdə təbii sərvətlərin və mədəni irsin talan edilməsi, qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının pozulması ilə bağlı vəziyyətin araşdırılması və müvafiq qiymətləndirilməsi məqsədi ilə işğal olunmuş ərazilərə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında beynəlxalq dəyərləndirmə missiyasının səfərinin təşkil edilməsinə nail olmuşdur. Dəyərləndirmə missiyasının hesabatının 2011-ci ilin yanvar ayında yayılması planlaşdırılır.

Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi və Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin bir dəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə ümid bəsləyir.

2011-ci ildə Azərbaycan və Ermənistan prezidentləri Rusiya Federasiyasının prezidenti D.Medvedyevin dəvəti ilə iki görüş keçirmişlər: 5 martda Soçidə və 24 iyunda Kazanda. Görüşlər nəticəsiz başa çatmışdır. Uğursuzluğun əsas səbəbi mövcud status-kvonu möhkəmləndirməyə və sonda bitmiş fakt vəziyyətini (fait accompli) yeritməyə çalışan Ermənistanın inadkar və destruktiv mövqeyi olmuşdur. Bundan əlavə, 29 sentyabrda prezident İlham Əliyev Varşavada ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşmüşdür.

2012-ci ildə Azərbaycan və Ermənistan prezidentləri Rusiya Federasiyasının prezidenti D.Medvedyevin dəvəti ilə 23 yanvar tarixində Soçidə görüş keçirmişlər. Qəbul olunmuş birgə bəyanatda, Yekun Sülh Sazişi üzrə işin başlanmasının vacibliyi vurğulanmış və bu məqsədlə Azərbaycan və Ermənistan Prezidentlərinin əsas prinsiplər üzrə razılığı sürətləndirməyə hazır olduqları qeyd edilmişdir.

2012-ci ildə beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli kontekstində Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəklənməsi tendensiyası davam etmişdir.

Belə ki, NATO-nun 20 may tarixində Çikaqoda keçirilmiş Sammitində qəbul edilmiş Bəyannamədə (47-ci maddə) Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş və münaqişənin bu prinsiplər əsasında sülh yolu ilə həllinə çağırış ifadə olunmuşdur.

Dünyanın 120 dövlətini özündə birləşdirən və üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 26-31 avqust tarixlərində Tehranda keçirilmiş 16-cı Sammitinin yekun sənədində münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllinə dəstək ifadə edən maddə öz əksini tapmışdır (391-ci maddə).

Bütün xəbərlər Facebook səhifəmizdə