İnsanları qəlyan çəkməyə nə vadar edir? - MÜSAHİBƏ

Qəlyan üzrə mütəxəssis Murad Tağıyevin SİA-ya müsahibəsini təqdim edirik:

- İnsanları qəlyan çəkməyə nə vadar edir? Sulu qəlyan insanları daha çox söhbətə, yoxsa düşüncəyə çəkir?

- Bu, əslində, bir növ tarixi və Şərq mədəniyyətdir. Xüsusilə, Yaponiyada bu ənənəyə daha çox rast gəlinir. Çay süfrəsi zamanı qonağa qəlyan təqdim olunardı və əgər qonaq bunu qəbul etməsəydi, bu, hörmətsizlik kimi qiymətləndirilə bilərdi. İkinci məsələ olaraq onu qeyd etmək lazımdır ki, qəlyanın müalicəvi əhəmiyyəti olduğu iddia olunub. Onun icadı Hindistanın Pakistanla sərhədə yaxın bir kəndində baş verib. Həmin kəndin adı dəqiq tarixə düşməsə də, bəzi araşdırmalarda bu bölgənin adı çəkilir. Tarixən bəzi xəstələrə qəlyan verilməsinin səbəbi onların bədənini rahatlatmaq, uyuşdurmaq olub. Məsələn, belə izah etmək olar: bədən nikotinlə müəyyən bir doza alaraq sakitləşirdi. Elə tütünün ilk istifadəsi də rahatlıq məqsədilə olmuşdur. Bugünkü dövrdə isə qəlyan texnoloji vasitələrlə daha da təkmilləşdirilib və tütünlər xüsusi şəkildə işlənir ki, zərəri azaldılsın. Baxmayaraq ki, bir çoxları deyir ki, "bir qəlyan bir paket siqaret qədər zərərlidir", bu fikir tamamilə mifdir və elmi əsaslara söykənmir. Tütündə nikotin miqdarı olduqca azdır — cəmi 0.05% civarındadır. Qəlyan istifadə edilərkən, adətən, 20-30 qram tütün istifadə olunur. Bu da o deməkdir ki, ümumi nikotin qəbul edilən miqdardan qat-qat aşağıdır. Məsələn, 100 qram tütün əsasında aparılan hesablamalarla müqayisədə insan orqanizmi daha az nikotin qəbul edir. Bir sözlə, qəlyanın tarixi təkcə mədəni və sosial aspektlərlə deyil, həm də sağlamlıq və tibbi istifadə baxımından maraqlıdır. Tarixən bəzən yaraya məlhəm, ağrını azaltmaq və ya rahatlama məqsədilə istifadə olunub. Amma bu gün gəlib çıxıb bir növ əyləncə vasitəsinə. Bəli, bəzi insanlar qəlyan çəkməni vərdiş və ya asılılıq kimi qəbul edirlər, lakin bu, siqaret kimi davamlı və zərərli bir vərdiş deyil. Qəlyan siqaretdən fərqli olaraq gündəlik istifadə olunmur. İnsanlar bəzən aylarla qəlyan çəkmirlər, sadəcə dost məclislərində, xüsusi hallarda istifadə edirlər. Bu isə onun həm sosial, həm də mədəni xarakter daşıdığını göstərir. Beləliklə, qəlyan vərdiş və ya zərərli aludəçilik deyil, daha çox məhdud və seçici şəkildə istifadə olunan bir vasitədir.

- Son illər şəhərin bir çox restoran və PUB-larında bu tip elanlara tez-tez rast gəlmək olur: "Xanımlara qəlyan pulsuz", "Xanımlara içki pulsuz". Bəs bu elanların verilməsinə səbəb nədir?

- Məsələn, mənim işlədiyim şəbəkə və ya qəlyan qrupunda belə bir qayda var: xanımlar üçün qəlyan pulsuz təqdim olunur. Bu, bəzən müzakirə mövzusu ola bilər, amma əslində bu addım sırf marketinq strategiyasıdır, yəni satış baxımından düşünülmüş bir yanaşmadır. Ancaq bu o demək deyil ki, biz bu "pulsuz" təqdim olunan xidmətləri zərərə işləyirik. Əksinə, hesabat apararkən və məkanın ümumi dövriyyəsini hesablarkən, həmin pulsuz verilən qəlyanın dəyəri, o xanımlara təqdim olunan qəlyanın məvacibi də nəzərə alınır və əslində o da dövriyyəyə daxil olur. Başqa sözlə, bu addım müştəri cəlbi üçün edilsə də, maliyyə balansı qorunur. Digər tərəfdən, məsələn, böyük müştərilərimizə gələndə, biz onlara yüksək keyfiyyətli tütün təqdim edirik, çünki onlar qəlyana görə ödəniş edirlər və keyfiyyətli xidmət gözləyirlər. Eyni şəkildə, xanımlara təqdim edilən qəlyan da keyfiyyətsiz olmamalıdır. Əks halda, bu həm xidmətin imicinə zərər verə bilər, həm də ədalətsiz və qeyri-peşəkar yanaşma kimi dəyərləndirilə bilər. Üstəlik, biz özümüz də bəzən həmin qəlyanı çəkirik. Əgər bu zərərli və ya keyfiyyətsiz bir şey olsaydı, özümüz də istifadə etməzdik. Bu da onu göstərir ki, təqdim olunan məhsula inam və balanslı yanaşma var. Bəzən müştəri kütləsində belə fikirlər yarana bilər: “Niyə xanımlara pulsuzdur? Görəsən, keyfiyyəti zəifdir?” Bu kimi düşüncələrin qarşısını almaq üçün təqdim olunan xidmətlərdə balans qorunmalı, hər kəsə eyni keyfiyyətdə məhsul təqdim olunmalıdır. Əlbəttə ki, bu cür jestlər — məsələn, xanımlara pulsuz qəlyan təqdim etmək zövq, diqqət və centlmen yanaşması kimi də qəbul edilə bilər, amma keyfiyyət məsələsində güzəşt olmamalıdır.

- Uşaqlarda "elektron siqaret" və qəlyanlara aludəçilik niyə artır?

- İlk növbədə, elektron siqaretlərin, xüsusilə də keyfiyyətsiz və mənşəyi bilinməyən məhsulların ölkəyə idxalına ciddi nəzarət edilməlidir. Hazırda müxtəlif köşklərdə və satış məntəqələrində bu məhsullar rahatlıqla əldə edilə bilir. Mən özüm yetkin bir insan olaraq bu məsələni müşahidə edirəm, lakin daha narahatedici məqam ondan ibarətdir ki, azyaşlı məktəblilər də heç bir maneə olmadan bu cür məhsulları ala bilirlər. Özüm dəfələrlə canlı şahid olmuşam ki, məktəbdən çıxan uşaqlar rahatlıqla bu məhsulları əldə edirlər. Burada əsas problem təkcə satışda deyil, məhsulların ölkəyə necə daxil olması və onların keyfiyyətinə nə dərəcədə nəzarət olunmasıdır. Gömrük orqanları bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Necə ki, ölkəmizə idxal olunan tütün məhsulları, məsələn, Türkiyə, Rusiya və ya Avropa mənşəli mallar xüsusi markaları ilə təmin olunur, eyni prosesin elektron siqaretlər və onların kartricləri üçün də tətbiq olunması vacibdir. Həmin məhsullar gömrükdə yoxlanılmalı, laborator analizlərdən keçirilməli və yalnız bundan sonra satışa buraxılmalıdır. Bundan əlavə, təkcə elektron siqaretlər deyil, keyfiyyətsiz tütün məhsullarının da tərkibində güclü konsergen maddələrin mövcudluğu böyük sağlamlıq riski yaradır. Belə məhsulların geniş şəkildə yayılması, xüsusən də gənclər arasında istifadəsinin artması, gələcəkdə daha ciddi sağlamlıq və sosial problemlərə yol aça bilər. Sonda qeyd etmək istərdim ki, bu məsələdə təkcə dövlət orqanlarının deyil, cəmiyyətin hər bir üzvünün — valideynlərin, müəllimlərin və ictimai fəalların üzərinə də böyük məsuliyyət düşür. Elektron siqaretlərin tərkibində sağlamlıq üçün çox zərərli maddələr, o cümlədən ağır metallar mövcuddur. Bu məhsullar hələ uzun müddət bazarda olmasa da, artıq bir çox ölkələrdə, o cümlədən Rusiya, Türkiyə və Norveçdə bu cihazların istifadəsi nəticəsində ağır xəstəliklərə düçar olan insanlar var. Mən özüm də müxtəlif videolarda həkimlərin bu məsələ ilə bağlı verdikləri xəbərdarlıqları görmüşəm və eşitmişəm: bu məhsulların tərkibi insan sağlamlığı üçün son dərəcə ziyanlıdır. Birinci növbədə, bu məhsulların ölkəyə idxalına ciddi nəzarət edilməlidir. Hər hansı məhsulun tərkibi, harada və necə istehsal edildiyi, hansı standartlara uyğun olduğu müəyyən edilmədən, onun satışına icazə verilməməlidir. İkinci növbədə, valideynlər bu məsələyə diqqətli olmalıdırlar. Çox təəssüf ki, mən öz işimlə əlaqədar olaraq müxtəlif insanlarla ünsiyyətdə oluram və bir çox hallarda müştərilərimin (o cümlədən azyaşlıların) masasında bu cür elektron siqaretləri görürəm. Onlara da izah edirəm ki, bu məhsul çox zərərlidir və istifadəsi düzgün deyil. Bu cihazların ən təhlükəli tərəflərindən biri də ondan ibarətdir ki, onların içərisində heç bir filtr sistemi yoxdur. Sadəcə plastik və ya metal gövdə, içində pambıq və müəyyən məhlullarla isladılmış spiral tel var. Bu spiral birbaşa qızdırılır və istifadəçi həmin tərkibi birbaşa ağciyərinə çəkir. Bu proses zamanı nə filtr var, nə də zərərli maddələrin qarşısını alan hər hansı bir qoruyucu mexanizm. Bu cihazların tərkibinə müxtəlif aromatizatorlar, mayelər, nikotin və hətta bəzi hallarda spirt qarışdırılır. Ancaq onların hansı laboratoriyada və hansı gigiyenik şəraitdə istehsal olunduğu bilinmir. Bu isə insan sağlamlığı üçün ciddi risk yaradır.

- Qəlyan çəkmək üçün ən ideal məkan haradır?

- Qəlyan verilən restoran, kafe və ya digər ictimai məkanlarda ən vacib məsələlərdən biri havalandırma sistemidir. Hətta otel və ya premium xidmət göstərən məkan olsa belə, əgər düzgün havalandırma sistemi yoxdursa, orada qəlyan çəkilməsi insan sağlamlığı üçün risklidir. Məkanda ən azı iki mərhələli havalandırma sistemi olmalıdır. Hava daim yenilənməli və içəridə toplanan tüstü, karbonmonoksid kimi zərərli maddələr vaxtında kənara ötürülməlidir. Əks halda, hava keyfiyyətsiz olur və bu da istifadəçidə baş ağrısı, nəfəs darlığı, ürək bulanması kimi narahatlıqlara səbəb ola bilər. Bəzən insanlar deyirlər ki, “filan yerdə qəlyan çəkdim, başım ağrıdı, amma başqa bir məkanda heç bir problem olmadı.” Əslində, fərq qəlyanın özündə deyil, çəkildiyi şəraitdədir. Məsələn, qapalı otaqda və ya kabinetdə çəkilən qəlyan sonrası baş ağrısı yaşanması tamamilə normaldır. Çünki həmin məkanda hava sirkulyasiyası zəifdir və zərərli maddələr bədəndə daha tez təsir göstərir. Əvəzində, terasda, balkonda və ya açıq havada qəlyan çəkəndə insan bu narahatlıqları yaşamır. Niyə? Çünki açıq havada hava daim dəyişir, tüstü dağılır və nəfəs aldığımız hava daha təmiz olur. Bu da orqanizmin daha rahat işləməsinə, beynin oksigenlə yaxşı qidalanmasına səbəb olur. Ona görə də, açıq məkanlarda insanlar özlərini daha yüngül və rahat hiss edirlər. Bu baxımdan, qəlyan istifadəsində yaranan bəzi narahatlıqları qəlyanın öz keyfiyyətinə bağlamaq düzgün deyil. Problem çox zaman məkanda olan hava axını və havalandırma sistemi ilə bağlıdır. Qəlyan istifadəsi ilə bağlı narahatlıqları birbaşa onun keyfiyyətinə bağlamaq düzgün deyil. Çox vaxt məsələ qəlyanın özündə yox, istifadə olunduğu şəraitdədir. Gəlin bir misal üzərindən baxaq: Təsəvvür edin, siz qapalı bir məkanda iki saat, iki saat yarım oturursunuz. Sonra çölə çıxırsınız və təxminən 10-15 dəqiqə sonra özünüzü daha yüngül, rahat və gümrah hiss edirsiniz. Bu niyə baş verir? Çünki beyin təzə hava ilə, daha çox oksigenlə təmin olunur. Oksigen axını artdıqca, insanın ümumi vəziyyəti, əhvalı, hətta düşüncə qabiliyyəti belə yaxşılaşır. Bu, qəlyandan asılı deyil, bu, havanın keyfiyyəti ilə bağlıdır. Birinci və ən vacib amil oksigen axınıdır. İkincisi isə, havalandırma sisteminin keyfiyyəti və çevikliyidir. Əgər məkanda havalandırma zəifdirsə, orada tüstü, karbonmonoksid, digər zərərli qazlar yığılır. Bu isə nəfəs almağı çətinləşdirir, orqanizmə mənfi təsir göstərir. Mən bir neçə məkanla işləmişəm və orada gördüyüm ən uğurlu təcrübələrdən biri belə idi: qəlyan çəkilən zona ayrılmışdı, təkilən (yəni çəkilməyən) zona isə ayrıca idi. Bu həm istifadə edən, həm də etməyən insanlar üçün rahatlıq yaradırdı. Xüsusilə ailəli şəxslər və ya uşaqlı ailələr üçün bu, çox önəmlidir. Elə insanlar da var ki, özü qəlyan istifadə edir, amma ailəsi ilə bir yerdə olanda bu vərdişi fərqli zonada icra etməyi üstün tutur. Bu baxımdan məkanda xüsusi, nəzərə alınmış, tənzimlənmiş sahələrin olması vacibdir.

- Kustar üsulla hazırlanan qəlyanın hansı zərərləri var?

- Bu gün qəlyan hazırlanması bir çoxları üçün hobbi və hətta trend halını alıb. Sosial şəbəkələrdə yayılan videolarda bu prosesə böyük həvəs və diqqətlə yanaşılır. Lakin sual yaranır: biz bu həvəsi gigiyena və təhlükəsizlik baxımından da düzgün istiqamətə yönəldirikmi? Bəzi videolarda hazırlıq prosesi sadəcə görüntü üçün edilir, buxar çox olsun, başlıq gözəl görünsün, musiqi fonunda cazibədar səhnə yaransın. Amma əslində həmin prosesdə açıq-aşkar gigiyenik səhvlər olur: Qəlyan lüləsi (şlanq) dəyişdirilmir və ya dezinfeksiya olunmur. Su qabı hər istifadə öncəsi yuyulmur. Başlıq kifayət qədər təmiz olmur. Əllə tutulan hissələr gigiyenik qaydalara uyğun deyil. Kömür doğru yandırılmır, yarıkömürlü halda istifadə olunur. Bu cür natəmiz və səhlənkar hazırlıq nəticəsində: Bakteriyalar qəlyanın içində çoxala bilər, Göbələk və kif əmələ gələ bilər, İnsanlar tənəffüs yolu infeksiyalarına, allergiyalara və daha ciddi xəstəliklərə yoluxa bilər. Sonra da deyirlər ki, "Qəlyandan sonra özümü pis hiss elədim, yəqin qəlyan vurdu." Amma problem çox vaxt qəlyanın özündə deyil, onun necə və kim tərəfindən hazırlandığındadır. Yəni, hazırlanan qəlyan təmizdirmi?, İstifadə olunan avadanlıq sanitar qaydalara uyğundurmu?, Su hər dəfə dəyişdirilirmi?, Kömür tam yanmış vəziyyətdə qoyulurmu? — bu suallar vacibdir və cavabları da çox şeyi dəyişir. Bizim müəssisəmizdə qəlyanlar hər istifadədən sonra mütləq şəkildə təmizlənir. Müşərilərimizin sağlamlığı bizim üçün ön plandadır. Bu səbəbdən, istifadə etdiyimiz təmizlik vasitələri adi şampun və ya ev sabunu deyil, xüsusi qəlyan üçün nəzərdə tutulmuş, kimyəvi baxımdan təhlükəsiz və gigiyenik təmizləyici maddələrdir. Bəzi hallarda görürük ki, kiçik restoran və ya çay evlərində qəlyanlar sadəcə su ilə yaxalanır və ya adi saç şampunu ilə yuyulur. Bu isə qəlyanın içərisində bakteriyaların, kifin və digər zərərli mikroorqanizmlərin qalmasına səbəb ola bilər. Biz isə bu prosesə tam fərqli yanaşırıq. Qəlyanlar hissə-hissə ayrılır, hər hissə xüsusi təmizləyici ilə yuyulur, təmiz su ilə durulanır və qurudulur. Bu, sadəcə vizual təmizlik deyil, bakteriyaların və göbələk sporlarının tamamilə aradan qaldırılması üçündür. Yəni qəlyanın suyunu dəyişmək, üstündən adi şampunla keçmək kifayət deyil. Bu, müştərinin bədəninə gedən bir havadır və onun təmizliyi bizim məsuliyyətimizdir. İnsan orqanizmi zərifdir, bir nöqsanlı təmizlik belə sonradan narahatlığa səbəb ola bilər. Bu zaman insanlar haqlı olaraq düşünür ki, “Qəlyan vurdu, özümü pis hiss elədim.” Amma səbəb çox vaxt qəlyanın tərkibi yox, təmizlənmə forması olur.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə