Britaniyanın 2 trilyonluq dövlət büdcəsi açıqlanıb

Birləşmiş Krallığın maliyyə naziri Reyçel Rivz növbəti illər üzrə dövlət büdcəsində nəzərdə tutulan xərclər planını açıqlayıb. SİA “Sky News”a istinadla xəbər verir ki, ümumi dəyəri 2 trilyon funt sterlinqdən (təxminən 2,7 trilyon ABŞ dolları) çox olan xərclər paketi ictimai xidmətlərə inamı bərpa etmək məqsədi daşıyır.

Nazir bildirib ki, hökumətin əsas məqsədi ölkə boyu hiss olunan dəyişiklik yaratmaq və vətəndaşların gündəlik həyatına birbaşa təsir edən sahələrə ciddi sərmayə yönəltməkdir. Yeni plan çərçivəsində səhiyyə xidmətlərinə illik 3 faizlik artımla 29 milyard funt, müdafiə sahəsinə isə 11 milyard funt əlavə vəsait ayrılacaq. Müdafiə büdcəsinin 2027-ci ilə qədər ÜDM-in 2,3 faizindən 2,6 faizinə qədər artırılması nəzərdə tutulur. Kəşfiyyat və təhlükəsizlik xidmətləri üçün 600 milyon funt ayrılması planlaşdırılıb.

Miqrantların mehmanxanalarda yerləşdirilməsinə 2029-cu ilə qədər son qoyulacaq, bunun əvəzində sərhəd təhlükəsizliyinin gücləndirilməsi üçün hər il 280 milyon funt ayrılacaq. Enerji sahəsində isə “Sizewell C” atom elektrik stansiyasına 14,2 milyard funt sərmayə qoyulacaq ki, bu da ümumilikdə 30 milyard funtluq nüvə enerji proqramının bir hissəsidir.

Elmi tədqiqat və texnologiyaya ayrılan vəsait 22 milyard funt ilə rekord həddə çatacaq. Süni intellekt sahəsinə isə ayrıca 2 milyard funt ayrılması nəzərdə tutulur. Nəqliyyat sahəsində də ciddi addımlar atılacaq.

Şotlandiya üçün 52 milyard, Şimali İrlandiya üçün 20 milyard, Uels üçün isə 23 milyard funt ayrılması planlaşdırılıb. Həbsxana sistemində isə 14 min yeni yer yaradılması üçün 7 milyard funt sterlinq nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə