“Zaman keçdikcə bir çox peşələr avtomatlaşdırılır, bəziləri isə tamamilə ləğv olunur. Dünya İqtisadi Forumu tərəfindən 2023-cü ildə yayımlanan “The Future of Jobs Report” sənədində qeyd olunur ki, qarşıdakı beş ildə 83 milyon iş yeri ləğv olunacaq, bunun əvəzində 69 milyon yeni iş yeri yaranacaq. Bu dinamika texnoloji transformasiya və süni intellektin sürətli tətbiqi ilə birbaşa əlaqəlidir. Lakin bu qədər dəyişkənlik fonunda bəzi peşələr var ki, hələ də sabitliyini qoruyur, sosial və iqtisadi əhəmiyyətini itirmir. Bu peşələrin davamlılığını təmin edən əsas amil onların insan faktoru ilə sıx bağlı olması və texnologiyanın onları tam əvəzləyə bilməməsidir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Kamran Əsədov sözlərinə belə davam edib: “Müəllimlik peşəsi bu baxımdan mühüm yer tutur. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 21-ci maddəsinə əsasən, müəllim təkcə tədris prosesinin təşkilatçısı deyil, həm də tərbiyəvi və sosial-psixoloji funksiyaları yerinə yetirən şəxsdir. Bu maddədə müəllimin pedaqoji azadlığı, tərbiyəvi məsuliyyəti və şagirdlərin şəxsiyyət kimi formalaşmasındakı rolu xüsusi vurğulanır. Müasir texnologiyalar bilik ötürülməsi funksiyasını müəyyən qədər yerinə yetirə bilsə də, tərbiyəvi və dəyərlərə əsaslanan öyrətmə missiyasını hələ də yalnız müəllim həyata keçirə bilir. Burada məsələ yalnız informasiya vermək yox, həm də düşünmək, seçmək, empati qurmaq, vətəndaş yetişdirməkdir. UNESCO-nun 2022-ci il hesabatına görə, süni intellektin geniş yayıldığı ölkələrdə belə müəllim ehtiyacı azalmamış, əksinə daha çox psixopedoqoji biliklərə malik müəllimlərə tələbat artmışdır.
Həkimlik də dəyişməyən peşələr sırasında yer almaqdadır. Tibb sahəsində texnologiya və süni intellekt bir çox diaqnostik və monitorinq proseslərini avtomatlaşdırsa da, pasiyentlə ünsiyyət, tibbi qərarvermə və humanist yanaşma həkimə olan ehtiyacı qoruyub saxlayır. Dünya Səhiyyə Təşkilatının (WHO) 2021-ci il məlumatına əsasən, 2030-cu ilə qədər dünyada 18 milyon həkim və tibbi işçi çatışmazlığı gözlənilir. Bu rəqəm göstərir ki, tibb sahəsində texnologiya işçi qüvvəsini tam əvəz edə bilmir. Həmçinin, Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 4-cü maddəsində qeyd olunur ki, həkim yalnız diaqnoz və müalicə ilə deyil, həm də əhalinin sağlamlığının təbliği, profilaktik tədbirlərin həyata keçirilməsi və xəstənin sosial-psixoloji vəziyyəti ilə də məşğuldur. Bu isə sübut edir ki, həkimlik sadəcə texniki biliklər deyil, həm də kompleks sosial xidmət funksiyası daşıyır.
Digər dəyişməyən peşə isə hüquq sahəsidir. Qanunvericiliyin tətbiqi, məhkəmə prosesləri və hüquqi qiymətləndirmə yalnız mətnə əsaslanmır, həm də insanın niyyəti, davranışı və sosial konteksti ilə bağlıdır. Süni intellekt müəyyən dərəcədə hüquqi analizlər apara bilsə də, etik qərarvermə, məsuliyyət bölgüsü və hüquqi mübahisələrin qiymətləndirilməsi üçün hələ də insan faktoruna ehtiyac var. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinə əsasən, məhkəmə hakimiyyəti yalnız hakimlər tərəfindən həyata keçirilir və bu hakimlər müstəqil və qərəzsiz olmalıdırlar. Süni intellektin qərəzsizliyi mübahisəli ola biləcəyindən, hüquq və məhkəmə sahəsi dəyişməyən peşələr sırasında qalır. Həmçinin, vəkil peşəsi də hüquq sahəsində şəxsin maraqlarını müdafiə, insan hüquqlarının qorunması funksiyasına görə əvəzolunmaz hesab olunur.
Bu dəyişməz peşələrin müsbət tərəfi ondan ibarətdir ki, onlar insani münasibətlərə, empatiyaya, əxlaqi və etik prinsiplərə əsaslanır. Bu sahələrdə çalışanlar yalnız texniki işçi deyil, həm də cəmiyyətin dayağıdır. Məsələn, müəllim cəmiyyətin gələcəyini formalaşdırır, həkim insan həyatını qoruyur, hüquqşünas isə ədaləti təmin edir. Onların fəaliyyət sahələri yalnız iş deyil, həm də missiyadır. Digər tərəfdən, bu peşələrdə dəyişməzliyin mənfi tərəfi kimi texnoloji inteqrasiya və innovasiyaya açıq olmamaq təhlükəsi ortaya çıxır. Əgər bu peşə sahibləri öz fəaliyyətlərini müasir tələblərə uyğunlaşdırmazlarsa, bir müddət sonra sistem içərisində marginallaşa bilərlər. Məsələn, rəqəmsal savadlılığı olmayan müəllim və ya texnologiyanı qəbul etməyən həkim effektiv fəaliyyət göstərə bilməyəcək.
Dünya təcrübəsində də bu peşələrin sabitliyi təsdiqlənir. Finlandiyada müəllimlik peşəsi cəmiyyətin ən prestijli sahələrindən biri sayılır və yüksək maaş, sosial status ilə müşayiət olunur. ABŞ-da həkimlik peşəsi həm gəlirlilik, həm də ictimai əhəmiyyət baxımından ilk sıralardadır. Almaniyada isə hüquq sahəsində çalışanlar cəmiyyətin ən etibarlı və sabit peşə sahibləri kimi qəbul olunur. Bu ölkələrdə bu peşələr dəyişmir, əksinə daha da gücləndirilir və dəyərləndirilir.
Azərbaycanda da bu sahələrin davamlılığı dövlət siyasətində müəyyən qədər öz əksini tapır, lakin praktiki tətbiqdə bəzi boşluqlar qalmaqdadır. Müəllimlərin sosial müdafiəsi, həkimlərin etik prinsiplərlə fəaliyyət göstərməsi, hüquq sisteminin müstəqilliyi kimi məsələlərdə institusional zəifliklər bu peşələrin dəyərinin reallıqda tam əks olunmasına mane olur.
Dəyişən dünyada dəyişməyən peşələrin sosial və insani dəyəri daha da artacaq. Gələcəkdə texnologiya bu sahələrə köməkçi vasitə kimi tətbiq olunmalı, lakin bu peşələrin insan faktoru qorunmalıdır. Bu istiqamətdə təhsil siyasəti, peşəkar inkişaf, sosial təminat və ictimai nüfuz kimi məsələlərə önəm verilməlidir. Əks halda, bu dəyişməz peşələr də dəyişən dünyanın içində mənasını itirə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə