Hikmət Şikarov: “Belə tədbirlərin ölkəmizdə keçirilməsi olduqca vacibdir”. RƏY ÖZƏL

Hikmət Şikarov: “Belə tədbirlərin ölkəmizdə keçirilməsi olduqca vacibdir”. RƏY ÖZƏL

“Artıq müxtəlif istiqamətlərdə bir sıra beynəlxalq humanitar tədbirlərə, beynəlxalq konfranslara ev sahibliyi edən Azərbaycan bununla beynəlxalq arenada öz tarixi mədəniyyətinin nə qədər qədim kökə malik olduğunu, qədim sivilizasiya ocaqlarından biri, eləcə də müxtəlif millətlərin, dinlərin nümayəndələrinin birgə yaşadığı tolerantlıq məkanı olduğunu bəyan etmişdir”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi ilə bağlı münasibətini açıqlayarkən deyib.

“Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir”, deyə qeyd edən Hikmət Şikarov həmçinin bildirib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi təbiidir: “Çünki ölkəmizdə bütün millətlərin nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayır. Buna görə də qloballaşan dünyada yaşanan humanitar böhranların aradan qaldırılması istiqamətində yolların araşdırılması, problemlərin həllinin, inkişaf yollarının müzakirə olunması üçün belə tədbirlərin ölkəmizdə keçirilməsi olduqca vacibdir”.

YAP Pirallahı rayon təşkilatının sədri həmçinin qeyd edib: “VI Bakı Beynəlxalq Humanitar Forumuna 90-dan çox ölkənin nümayəndələri qatılıb və bu, o deməkdir ki, Forumda müzakirə edilən bütün mövzular həmin ölkələrə çatdırılacaq. Forumda Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayonun erməni işğalı altında olması və Azərbaycanın humanitar fəlakətlə üzləşən dövlətlərdən biri olmasını, işğal edilmiş ərazilərdə mədəni sərvətlərimizin, tarixi, dini abidələrimizin dağıdılmasını forum iştirakçılarına çatdıran Prezident İlham Əliyev bununla bağlı beynəlxalq səviyyədə qəbul olunan qərar və qətnamələrin yalnız kağız üzərində qaldığını və icra edilmədiyini də vurğulayıb”.

“Təbii ki, bu faktların dünyanın müxtəlif ölkələrindən olan nümayəndələrə çatdırılması, Azərbaycan Respublikasının üzləşdiyi ağır fəlakətlərdən dünya ictimaiyyətinin bir daha xəbərdar olmasına və qloballaşan dünyada beynəlxalq müstəvidə əməkdaşlığa can atan bir dövlət kimi tanınmasına stimul yaradacaq və tərəfdaşlarının sayının artması üçün bir impuls olacaqdır”, deyə qeyd edən Hikmət Şikarov sonda onu da bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində əks-səda doğuran Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq arenaya Azərbaycan Respublikasının müxtəlif sahələrdə əldə etdiyi böyük nailiyyətlərin Azərbaycanda azad və demokratik siyasi mühit yaratdığını və dünya ölkələri ilə qarşılıqlı əməkdaşlığa əsaslanan siyasət yeritdiyini bir daha təsdiqləmiş oldu.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə