FTB Hillari Klinton ilə Barak Obamanın evlərinə göndərilmiş şübhəli paketləri araşdırır

FTB Hillari Klinton ilə Barak Obamanın evlərinə göndərilmiş şübhəli paketləri araşdırır

ABŞ Məxfi Xidmətinin nümayəndələri oktyabrın 24-də bildiriblər ki, “potensial partlayıcı qurğular” sabiq prezident Barak Obamaya və prezidentliyə keçmiş namizəd Hillari Klintona ünvanlanıb.

AZƏRTAC xəbər verir ki, “New York Times” qəzeti Klintonların Çappaqdakı (Nyu-York ştatı) evinə göndərilmiş paketi hüquq mühafizə orqanlarına istinadla “partlayıcı qurğu” kimi təsvir edib. H.Klinton Vestçester dairəsindəki (Nyu-York ştatı) iqamətgahında həyat yoldaşı, sabiq prezident Bill Klintonla birlikdə yaşayır.

Məxfi Xidmət bəyan edib ki, Barak Obamaya ünvanlanmış paket oktyabrın 24-də Vaşinqtonda xidmətin əməkdaşları tərəfindən ələ keçirilib. Federal Təhqiqatlar Bürosunun (FTB) xüsusi agentinin köməkçisi Meyson Brayman hadisə ilə əlaqədar deyib: “Məxfi Xidmət cinayət işi üzrə irimiqyaslı təhqiqata başlayıb. Paketlərin mənbəyini və günahkarları tapmaq üçün mövcud olan bütün federal, dövlət və yerli resurslardan istifadə olunacaq”.

“The Times” qəzetinin yazdığına görə, partlayıcı qurğu siyasətlə fəal məşğul olan milyarder Corc Sorosun evində oktyabrın 22-də tapılan qurğuya bənzəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə