Birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları ilə bağlı mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratdığını bildirib.
Nazir diqqətə çatdırıb ki, dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanı bu kateqoriyadan olanlara xüsusi qayğının əyani bir sübutudur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını, Ədliyyə Nazirliyi həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə vərəsələrinə sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısını Nazirliyə təqdim edib. Bu siyahılar üzərində müvafiq dəqiqləşdirmə işləri yekunlaşıb. Fərmana əsasən bu kateqoriyadan olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.
Mətbuat konfransında qeyd olunub ki, artıq oktyabrın 9-dan hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında “Birdəfəlik ödəmə” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilər. Hərbi qulluqçunun vərəsəsi tərəfindən hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edildiyi təqdirdə, bu barədə məhkəmə qərarı, birdəfəlik ödəmənin verilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ünvanlanan ərizə, bank hesabı nömrəsinə dair arayış əsasında veriləcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayev qeyd edib ki, cənab Prezidentin Fərmanı vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsini yaxşılaşdırmaqla yanaşı, ölkəmizdə gənclərin vətənpərvərlik hissinin güclənməsinə təkan verir. Fərman nazirlik tərəfindən tam şəffaf, məmur təması olmadan, növbəlilik prinsipi ilə icra olunacaq.
Sonra nazir jurnalistləri maraqlandıran suallara cavab verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB