"Zatulinin Rusiya siyasi dairələrində təmsil olunması təəssüf doğurur” MÖVQE-ÖZƏL

"Zatulinin Rusiya siyasi dairələrində təmsil olunması təəssüf doğurur” MÖVQE-ÖZƏL

“Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin fikirləri ilk növbədə onun tutduğu vəzifə ilə uzlaşmır. Bundan əlavə bu bəyanatlar Rusiyanın MDB məkanındakı dövlətlərlə faydalı əməkdaşlıq münasibətlərinə yönələn siyasətə ziddir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Zatulin bu fikirləri Rusiya ilə Azərbaycan arasında formalaşan strateji tərəfdaşlıq münasibətlərini pozmağa cəhd göstərir: “Görünür onun təkcə son ay ərzində Rusiya ilə Azərbaycan arasında kifayət qədər böyük və mühüm sənədlərin imzalanmasından, razılıqlar əldə olunmasından, qısa müddətdə ərzində həm Azərbaycan prezidentinin qonşu ölkəyə, həm də Rusiya prezidentinin Azərbaycana səfər etməsindən xəbəri yoxdur”.

Rusiyanın Azərbaycanda bu cür distruktiv proseslərin getməsində maraqlı olmadığını dilə gətirən İ. Vəlizadə söyləyib ki, Zatulin “siyasi falçı” qismində çıxış edərək əsası olmayan proqnozlar verir: “Görəsən o, hansı əsaslarla Azərbaycana qarşı belə bəyanatlara çıxış edir? Birinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri milli ordumuzda qulluq edərək, bizi dəstəkləyərək hətta şəhidlik zirvəsinə qalxıblar. Onların xatirəsi hər zaman ölkəmizdə yad edilir, adları əbədiləşdirilir. Bildiyiniz kimi 1990-cı illərin əvvəllərində Azərbaycanı parçalamaq istəyən qüvvələr müxtəlif regionlarda dini zəmində münaqişələr yaratmağa cəhd etsələr də, buna nail ola bilmədilər. Çünki, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri erməni ordusuna qarşı Azərbaycanın uğrunda mübarizə aparırdılar”.

Politoloq qeyd edib ki, Azərbaycanda bütün millətlərin nümayəndələrinə eyni münasibət göstərilir və onlar da ölkəmizin haqq yolunda hər zaman yanımızdadırlar: “ Heç bir ölkə müharibə istəmir. Əgər ikinci Qarabağ müharibə başlasa belə, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri ölkəmizin maraqlarını müdafiə edib, haqq yolunda mübarizə aparacaqlar”.

İ. Vəlizadə söyləyib ki, Zatulin nəinki ölkəmizin əleyhinə çıxış edir, öz fikir və bəyanatları ilə Rusiyanın mövqeyinin əleyhinə çıxmış olur: “Bu cür adamların Rusiya siyasi dairələrində təmsil olunması təəssüf doğurur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə