“Kentavrın” QRU sərgüzəştləri FAKTLAR... DƏLİLLƏR...

“Kentavrın” QRU sərgüzəştləri FAKTLAR... DƏLİLLƏR...

Orduxan Teymurxanın təməlli ifşası davam edir

Son günlər Hollandiyada məskunlaşaraq, özünü “siyasi mühacir” kimi ictimai rəyə sırıyan “Kentavr” ləqəbli Orduxan Teymurxan haqqında ictimailəşən faktlar onun növbəti xəyanətlərini də ortaya çıxarıb. SİA xəbər verir ki, Orduxanı yaxından tanıyan və hələ ki, məlum səbəblərə görə adının açıqlanmasını istəməyən mənbə QRU (azərbaycan dilində Baş Kəşfiyyat İdarəsi-R.N.) agenri O.Teymurxanın barəsində təməlli ifşalarını davam etdirməkdədir. Belə ki, toxunduğu növbəti məsələlərlə bağlı çıxış edən mənbə bir daha bildirib ki, bu şəxs bilavasitə Azərbaycan dövlətinə qarşı aparılan qaranlıq və çirkli siyasətdə QRU-nin oyuncağı rolunu oynayır və verilən təlimatları yerinə yetirir.

Külli miqdarda pul qazanan Orduxan qardaşlarına biznes qurmağı tapşırıb

Artıq ötən yazılarda da bildirilib ki, Orduxan nə xalq azadlığı hərəkatında, nə Qarabağ müharibəsində iştirakı olmayıb, üstəlik, bu gün onunla eyni xəyanət mövqeyindən çıxış edən radikal müxalifətin də mitinqlərində heç vaxt görünməyib. Eyni zamanda, ömrünün böyük hissəsini Rusiyada yaşayan agent Orduxan sonradan Avropaya göndərilərək, casusluq fəaliyyətini orada davam etdirməyə başlayıb. Çünki daha öncələr də qeyd etdiyimiz kimi, o Rusiyada ona verilən səlahiyyətlərdən aşırı şəkildə istifadə edərək, bazar-dükanlarda əzab-əziyyətlə pul qazanıb, ailələrinə göndərən azərbaycanlılara qarşı reketçiliklər edib, soydaşlarının halal qazanclarını mənimsəyərək, özünküləşdirib, üstəlik Cəbrayıl rayonundan qaçqın düşərək, Bakının Qraçuxur qəsəbənisə yerləşən ailəsinə də həmin haram pulları göndərib. Külli miqdarda pul qazanan Orduxan qardaşlarına biznes qurmağı tapşırıb. Nəticədə bu gün həmin qəsəbədə fəaliyyət göstərən istirahət-əyləncə kompleksi və iaşə obyekti Bəbirovlar (Orduxanın Teymurxanın soyadı-R.N.) ailəsinə məxsusdur.

Orduxan, 1993-cü ilədək Rusiya xüsusi xidmət orqanlarının nəzarətindən demək olar ki, bir addım da kənara buraxılmayıb, yaxud, “stukaçlıq” uğuru əldə edən Orduxana növbəti və daha böyük tapşırıqlar verilməyə başlanılır

Beləliklə, Rusiyada Avropaya göndərilən O.Teymurxan Azərbaycana qarşı başlatdığı murdar oyunbazlıqları onun barəsində olan şübhələri daha da artırıb. Onun kimliyi barədə düşünən insanların ağıllarına da gələn ilk fikir bu olub ki, o bilavasitə xarici qüvvələrin casusudur və dövlət əleyhinə agent qismində istifadə edilir. Çünki Orduxan Bəbirovu yaxından tanıyan mənbənin verdiyi digər məlumatlara görə, o, 1993-cü ilədək Rusiya xüsusi xidmət orqanlarının nəzarətindən demək olar ki, bir addım da kənara buraxılmayıb. Həmçinin, Azərbaycandakı ailəsi və tanışları ilə münasibətlərini azaldıb.

Xatırladaq ki, “Kentavr” əsas etibarilə Murmansk dəniz gəmiçiliyi idarəsinin gəmilərində müxtəlif vəzifələr maskası altında xarici səfərlərə çıxıb. QRU-nun onun qarşısına qoyduğu əsas vəzifələrdən biri də “çalışdığı” gəmidə xaricə qaçmaq istəyən və xarici vətəndaşlarla əlaqə quran heyət üzvlərini müəyyənləşdirərək onları kəşfiyyat rəhbərliyinə satmaq idi. Nəticədə onlarla insanı sataraq “sukalıq”, yaxud, “stukaçlıq” uğuru əldə edən Orduxana növbəti və daha böyük tapşırıqlar verilməyə başlanılır.

90-cı illərin ikinci yarısında çeçen döyüşçülərin müəyyənləşdirilərək QRU-ya təhvil verilməsində Orduxan kartından istifadə edilir. Çünki həmin vaxtlar yaralanan çeçenlərin əksəriyyəti Bakıya – müalicə olunmağa axışırdılar. Beləliklə, 1996-1997-ci illərdə Çeçenistan prezidentinin səlahiyyətlərinin icraçısı olmuş, 2004-cü ildə Doha şəhərində QRU tərəfindən qətlə yetirilmiş Zalimxan Yandarbiyevun tərəfdarı olan çeçen döyüşçüləri barədə məlumatları toplayıb, QRU-ya ötürmək olub.

Onun separatçı “TMR”in hazırda Ermənistanda olan “lideri” Əlikram Hümbətovla əlaqəsi olub!

Sonrakı illərdə Murmanskı tərk edərək xarici ölkələrə sığınandan sonra O.Teymurxann ilk missiyası Hollandiyada məskunlaşmış azərbaycanlı siyasi mühacirlər, xüsusilə, separatçı “Talış Müğan Respublikası”nın “lideri” Əlikram Humbətov və onun ətrafı ilə bağlı əməliyyat müşahidələrinin aparılması olub. Bu da təsadüfi bir tapşırıq kimi qiymətləndirilə bilməz. Çünki Ə.Hümbətov Azərbaycandakı destruktiv və separatçılıq fəaliyyəti ilə bağlı olduğu üçün QRU-ya lazım olub. Bu məsələdə O.Teymurxana Ə.Hümbətov arasında müəyyən bağlılıqların olduğu bildirilir.

Lakin az sonra Ə.Hümbətov QRU agenti kimi Ermənistana göndərilib və bundan sonra O.Teymurxana növbəti missiyalar tapşırılıb. Növbəti missiyasını gözləyənə qədər isə Orduxan Bəbirov “alfons” qismində yaşlı qadınlarla münasibətlər yaratmaqla, həmin ölkədə yaşamaq və çalışmaq izni almaq, təhsil səviyyəsini artırmaq, yerli dili və mədəniyyəti öyrənmək, əlaqələrini genişləndirmək üçün fəaliyyətə keçib. “Kentavr”ın əsas məqsədi ölkə vətəndaşlığını əldə etmək, kuratorların maliyyə dəstəyi ilə kiçik biznes şəbəkəsi qurmaq və “Mərkəz”dən veriləcək tapşırıqların icrası üçün göndəriləcək pul vəsaitlərinin leqallaşdırılmasına nail olmaq idi ki, o, bunları mərhələli şəkildə reallaşdırıb.

Növbəti əmr: Azərbaycanın iqtisadi siyasətinə qarşı çıxışlar etmək...

2000-ci illərin ikinci onilliyindən başlayaraq, Orduxana verilən tapşırıqlar içində Azərbaycanın iqtisadi potensialına və iştirak etdiyi layihələrinə qarşı maksimum şəkildə mane olmaq əmri olub. Bu, ilk növbədə Avropanın enerji bazarının RF-dən asılılığının azaldılmasına yönəlmiş, Cənubi Qafqaz-Türkiyə-Cənubi Avropa enerji nəqli layihələrinə qarşı fəaliyyətləri qeyd etmək olar. Xüsusilə “Şimal axını” və “Cənub axını” kimi Rusiya layihələrinə alternativ kimi nəzərdə tutulan TANAP-TAP layihələrinə qarşı. Çünki Rusiyanın qaranlıq siyasi dairləri Azərbaycanın Avropa ilə yaxınlaşmasının qarşısını almaq üçün ən müxtəlif təxribat variantlarına əl atmağa cəhdlər göstərirdilər. Bu istiqamətdə QRU özünün “Kentavr”ından Avropa Şurası, Avropa Parlamenti, Avropa Birliyi kimi nüfuzlu regional təşkilatlarla Azərbaycan arasında münasibətlərin pozulmasında, insan hüquqlarının pozulması bəhanəsi altında ölkəmizə qarşı müxtəlif qərarların, qətnamələrin çıxarılmasında, kampaniyaların aparılmasında istifadə etməyə başlayıb. Yəni, ortadakı əsas məqsəd Azərbaycan dövlətini, o cümlədən hakimiyyətini nüfuzdan salmaq, Avropada ictimai rəyi çaşdırmaqla, alternativ enerji təchizatı infrastrukturunun yaradılmasına maneələr yaratmaq, bu ətrafda ən çirkin addımları reallaşdırmaq olub. Məhz bu baxımdan, “Kentavr” ləqəbli Orduxanın 2015-ci ildən başlayaraq daha da fəallaşması bəlli olmağa başlayıb. Belə ki, TANAP və TAP kimi dünya əhəmiyyətli layihələr də həmin ildən tikintiyə başlayıb.

Bakıya gətiriləndən sonra özünü necə aparacağı barədə düşünsün, çünki çox az qalıb...

Sonradan Azərbaycanda gedən ictimai-siyasi və iqtisadi proseslərin demək olar ki, hər birinə necə deyərlər, burnunu dürtən O.Teymurxan agentura şəbəkəsini fəallaşdırmaq üçün özünə “söyüş qrupları” toplamağa başlayıb. Bu gün sosial şəbəkələrdə Tural Sadıqlı, Məhəmməd Mirzəli kimi sərsəmlərin siyasi təlxəkliklər edib Azərbaycan dövlətinə qarşı çıxmaları, şəbəkələrdə müxtəlif adlar altında səhifələrin yaradılması, eləcə də digər bənzər addımların hər birində anti-Azərbaycan qüvvələrinin əlinin, yaxud, barmağının olması şəksizdir. Söz yox ki, “dissident” adı altında haray-şivən qaldıran saxta mühacirlər bunun əvəzinə Orduxandan az, çox pullar alırdılar. Həmin pulları isə ona söz yox ki, yenə də QRU ödəyirdi!

Beləliklə, uzun aylardan bəri apardığımız dəqiqləşdirmələr, Orduxanı yaxından tanıyan şəxsin verdiyi bilgilər bu qənaətə gəlməyə kifayət edir ki, O.Teymurxan və onun ətrafında olan adamlar faktiki olaraq Azərbaycan dövlətinə qarşı ağır cinayətlər törədirlər. Onlar ölkəmizə xəyanət etməklə yanaşı, Avropada QRU-nun əsas “alət”ləri kimi istifadə edilirlər. Bütün bunların kökü isə göründüyü kimi açılır və ifşa olunur. Və çox yəqin ki, vaxt gələcək, “Kentavr” ayamalı Orduxan Teymurxan (Bəbirov) özü qazdığı quyuya düşəcək. Onda isə çox gec olacaq. Çünki onun Azərbaycan dövləti və xalqı qarşısındakı saysız xəyanətləri – 20 yanvar olayında SSRİ ordusunun cəza dəstəsi tərkibində soydaşlarına silah qaldırmasından tutmuş, dövlətimizin siyasi-iqtisadi maraqlarına qarşı xarici qüvvələrə nökərçilik etməsi bağışlanmayacaq səhvdir. Yaxşı olardı ki, O.Teymurxan həbs olunaraq, Bakıya gətiriləndən sonra özünü necə aparacağı barədə düşünsün, çünki çox az qalıb...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə