Əqidəsinə sadiq ziyalı, gözəl insan, ictimai-siyasi xadim MURTUZ ƏLƏSGƏROV-90

Əqidəsinə sadiq ziyalı, gözəl insan, ictimai-siyasi xadim MURTUZ ƏLƏSGƏROV-90

Azərbaycanın müstəqillik tarixinə zəhməti, insanpərvərliyi, prinsipiallığı, ölkəmizin azadlığı uğrunda qətiyyətli mübarizəsi ilə adını yazan görkəmli dövlət xadimi Murtuz Ələsgərovun anadan olmasından 90 il ötür. O, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğundakı xidmətləri və siyasi əqidəsi ilə respublikamızın tarixində silinməz iz qoyub. Böyük bir irs yaradan M.Ələsgərovun tərcümeyi-halı zənginliyi ilə səciyyələnir. Müasir müstəqil Azərbaycanın dövlətçilik tarixində böyük xidmətləri olan ictimai-siyasi xadim Murtuz Ələsgərov haqqında onunla eyni əqidə, eyni amal uğrunda mübarizələr aparmış siyasi və dövlət xadimlərinin fikirlərini dəyərli oxucularımızın diqqətinə çatdırırıq:

Əli Əhmədov: "Murtuz Ələsgərovun Ümummilli Lider Heydər Əliyevin ideyalarının yayılmasında əvəzolunmaz xidmətləri olub"

"Murtuz Ələsgərovun Ümummilli Lider Heydər Əliyevin ideyalarının yayılmasında əvəzolunmaz xidmətləri olub". Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov Bakı Dövlət Universitetində (BDU) tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfransda çıxışı zamanı deyib.

Baş nazirin müavini M.Ələsgərovun şəxsiyyətinə hər zaman hörmətlə yanaşdığını bildirib: "Murtuz Ələsgərovu bir ziyalı kimi səciyyələndirən əsas xüsusiyyətlər o idi ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırdı, parlaq ideoloq idi. Murtuz Ələsgərovun bir alim kimi nüfuzu xalq hərəkatının daha da yüksəlməsinə kömək edirdi".

Ə.Əhmədov M.Ələsgərovun Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olduğunu qeyd edib: "O, müstəqil Azərbaycan tarixində yeri olan bir şəxsdir. Heydər Əliyevin yaxın ətrafında olan Murtuz Ələsgərovun böyük həyat təcrübəsi var idi. O, Yeni Azərbaycan Partiyası sədrinin müavini olub. Onun Heydər Əliyevin ideyalarının yayılmasında əvəzolunmaz xidmətləri olub".

Baş nazirin müavini əlavə edib ki, mübariz bir insan olan M.Ələsgərov Azərbaycanın müstəqilliyi uğrunda, Heydər Əliyevin ideyalarının qorunub saxlanmasında da öz mübarizlik keyfiyyətini göstərib: "O, daim mübariz insan olub. Murtuz Ələsgərov bu gün də onu tanıyanların qəlbində yaşayır".

Milli Məclisin sədri Oqtay Əsədov isə çıxışında deyib ki, Murtuz Ələsgərov BDU-da sıravi müəllimlikdən rektor vəzifəsinə qədər ucalıb: "O, Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmaq üçün bütün vasitələrdən istifadə edirdi. Murtuz Ələsgərov məqalələrində hər zaman Heydər Əliyevin xalq lideri olduğunu xüsusi qeyd edirdi".

Buna görə onun təzyiqlərə məruz qaldığını xatırladan Milli Məclis sədri M.Ələsgərovun ilk parlament üzvü olduğunu da nəzərə çatdırıb.

Spiker qeyd edib ki, M.Ələsgərovun parlamentə rəhbərlik etdiyi 9 il Milli Məclisin məhsuldar dövrü olub: "Murtuz müəllimin xidmətləri dövlətimiz tərəfindən çox yüksək qiymətləndirilib. O, əsl Azərbaycan ziyalısının xüsusiyyətlərini özündə birləşdirirdi".

Əli Həsənov: “Murtuz Ələsgərov xalq hərəkatının generallarından biri olub”

“Murtuz Ələsgərov Azərbaycan xalq hərəkatının generallarından biri olub. Bu sözü deməyə çəkinmirəm, xalq hərəkatında general yox idi. Murtuz Ələsgərovun orada təmsil olunması xalq hərəkatına məzmun və forma verdi”. Bunu Bakı Dövlət Universitetində (BDU) ictimai-siyasi xadim Murtuz Ələsgərovun 90 illiyinə həsr edilən beynəlxalq elmi konfransda çıxışı zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin köməkçisi bildirib: “Kortəbii formada olan xalq hərəkatının sonrakı dövrdə mütəşəkkilləşməsinə dəstək verdi. Heydər Əliyevin hakimiyyətə gəlişinin qarşısının alınmasına hesablanmış yaş senzi məsələsi ortaya atılmışdı. Həmin məsələ ilə bağlı xeyli deputat etiraz etmişdi. Onlar arasında Arif Rəhimzadə, Eldar İbrahimov var idi. Onlar parlamentdə müzakirə olunan ədalətsiz qərara qarşı mübarizə aparırdılar. İctimai dəstəyi isə Murtuz Ələsgərov verirdi. Həmin dövrdə Murtuz Ələsgərov ictimai-siyasi xadim kimi mövqeyini ortaya qoydu. Ona fiziki xəsarət də yetirmişdilər”.

Eldar İbrahimov: “Murtuz müəllim dünya tarixinə dərindən bələd olan dəyərli ziyalı idi”

“Ulu Öndər Heydər Əliyevin xalq arasındakı nüfuzu, Ona olan inamı o dövrkü siyasi qüvvələri çox narahat edirdi. Belə bir vaxtda Murtuz müəllim yaş senzinin ləğv olunması ilə bağlı mitinqlərdə cəsarətlə çıxış edərək, heç nədən çəkinmədən Dahi Öndər Heydər Əliyevin hüquqlarını müdafiə edirdi”. Bunu açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, ölkədə baş verən mürəkkəb siyasi proseslər fonunda Heydər Əliyevin başçılığı ilə YAP tezliklə müxalifət partiyasından iqtidar partiyasına çevrildi: “1993-cü ilin iyununda Ulu öndərin hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycan onu gözləyən bəlalardan tezliklə xilas oldu. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Milli Məclisə ilk seçkilər keçirildi. Tezliklə hüquqi islahatların aparılması üzrə komissiya yaradıldı. Xüsusi vurğulamaq istəyirəm ki, ölkənin əsas sənədi - Konstitusiyanın hazırlanmasında və yeniqanunvericilik aktlarının qəbulunda Murtuz müəllimin təcrübəli hüquqşünas kimi böyük əməyi olmuşdur”.

Komitə sədri qeyd edib ki, Murtuz müəllimin qanunverici orqana sədr seçilməsi parlamentin işinə yeni abı-hava gətirdi: “Ulu Öndərin rəhbərliyi ilə ölkədə aparılan islahatların Milli Məclisdə hüquqi bazasının yaradılması ilə yanaşı, aqrar sahəyə aid də həyati əhəmiyyətli qanunlar qəbul olundu. Parlamentin beynəlxalq əlaqələri daha da gücləndi. Qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində əməli addımlar atıldı”.

E.İbrahimov bildirib ki, Murtuz müəllim həm gözəl hüquqşünas, həm də dünya tarixinə dərindən bələd olan dəyərli ziyalı idi: “O, dünyada baş verən proseslərdən düzgün nəticə çıxarmağı bacaran təcrübəli siyasətçi idi. Heç də təsadüfi deyildir ki, müstəqilliyimizin möhkəmləndirilməsi üçün önəmli olan illərdə məhz Murtuz müəllim Milli Məclisə rəhbərlik etmişdi. Onun əziz xatirəsi əqidəsinə sadiq ziyalı, gözəl insan, ictimai-siyasi xadim kimi Murtuz müəllimi sevənlərin yaddaşında daim yaşayacaqdır”.

Musa Quliyev: “Murtuz Ələsgərovun bütün fəaliyyəti Heydər Əliyev siyasəti kursu ilə bağlı olmuşdur”

“Murtuz müəllim çox fəal və mənalı ömür sürmüş, öz istedadı, intellekti, zəhməti və biliyi sayəsində ad-san qazanmış, bütün ömrünü həsr etdiyi doğma universitetində tələbəlikdən rektorluğa qədər şərəfli bir yol keçmişdir. Respublikanın adlı-sanlı hüquqşünaslarından biri olan professor Murtuz Ələsgərov hüquq elminin müxtəlif sahələrində, xüsusi ilə “Beynəlxalq hüquq”, “Konstitusiya hüququ”, “Dövlət hüququ” sahəsində keçmiş SSRİ məkanında nüfuzlu alimlərdən biri kimi tanınmışdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, uğurlu elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, Murtuz müəllim həm də fəal ictimai xadim, maarifçi ziyalı kimi də uzun illər “Bilik” cəmiyyətinin xətti ilə Respublikamızın müxtəlif bölgələrində, idarə-müəssisələrində mühazirələr oxumuş, cəmiyyətimizin hüquqi, siyasi cəhətdən maarifləndirilməsində xidmətlər göstərmişdir: “Professor Murtuz Ələsgərovun maarifçilik fəaliyyətinin bir istiqaməti də Azərbaycan Dövlət Televiziyasının “Beynəlxalq icmal” adlı çox populyar bir verilişində nüfuzlu ekspert kimi iştirakı ilə bağlıdır. 1988-ci ildə ermənilərin Qarabağda seperatçılıq fəaliyyətinə qarşı hərəkat başlayanda fəal ictimai xadim kimi professor Murtuz Ələsgərov da bu hərəkatın öncüllərindən biri kimi, dəfələrlə “Azadlıq” meydanında çıxışlar etmiş, xalqı respublikamızın ərazi bütövlüyü uğrunda mübarizəyə səfərbər etmişdir”.

“Müstəqil Azərbaycanın dövlətçilik tarixinin şərəfli səhifələrindən biri olan məşhur “91-lər hərəkatı”nın fəal üzvlərindən olan professor Murtuz Ələsgərovun ömrünün sonunadək bütün fəaliyyəti Heydər Əliyev siyasəti kursu ilə bağlı olmuşdur. Ulu Öndər tərəfindən Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olan Murtuz müəllimə böyük etimad göstərilmiş, o partiyamızın sədr müavini seçilmiş, Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra isə Bakı Dövlət Universitetinin rektoru, I-III çağırış Milli Məclisin deputatı və Milli Məclisin sədri olmuşdur” deyən millət vəkili onu da bildirdi ki, görkəmli ictimai-siyasi xadimin oğlu, professor Fuad Ələsgərovun Murtuz müəllimlə vida mərasimində söylədiyi lakonik bir fikir atasının xarakteri və siyasi əqidəsini çox dəqiq ifadə edir: “Atam çox cəsarətli, mərd bir insan olub, prinsipiallığı ilə seçilib və bir yolda olub, onun seçdiyi yol Heydər Əliyev ideyalarının müəyyən etdiyi yoldur". Əlbəttə ki, Murtuz müəllimin övladları Heydər Əliyev ideyaları ətrafında tərbiyə olunub və bu ideyalara daim sadiqdirlər”.

Şahlar Əsgərov: "Murtuz Ələsgərov Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından olub"

"Murtuz müəllim uzun müddət Milli Məclisə sədrlik edib. Yeni Azərbaycan Partiyasının yaradıcılarından və əsasnaməsini yazanlardan biri olub. Murtuz Ələsgərov Dahi Öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından olub. Eyni zamanda, Murtuz müəllim Azərbaycan dövlətinin qanunvericilik bazasının yaradıcılarından biri idi". Bunu YAP Siyasi Şurasının üzvü Şahlar Əsgərov SİA-ya açıqlamasında deyib.

Ş.Əsgərov mərhum spikerin xarakterik xüsusiyyətlərindən də danışıb: "Murtuz müəllim söhbətlərinin birində demişdi ki, Universitetdə 6 prorektorumuz olacaq və istəyirəm, onların hərəsi bir bölgədən olsun. Yəni elə olmasın ki, bir bölgədən iki prorektor olsun. Onun bu addımı Ümummilli Lider Heydər Əliyevin də xoşuna gəlmişdi. Ədalətli insan idi. Kəsilən tələbələrə çox həlim yanaşırdı. İclaslarda həmişə deyirdi ki, "Məcburi köçkünü nə pula, nə də qiymətə görə universitetdən çıxarmaq olar. Şərait yaradın, uşaqlar oxusun və kursdan kursa keçsinlər". Bunu rektorlarda çox nadir hallarda görmüşəm. Murtuz müəllimlə xarici səfərlərdə də olmuşam. Mehriban, qayğıkeş insan idi. Onun dövründə prorektor işləmişəm, həm də parlamentin sədri olduğu dövrdə komitə sədri olmuşam".

Bütün xəbərlər Facebook səhifəmizdə