Yaxud Əli Kərimlinin planları niyə dəyişib?
Son vaxtlar mediada "Milli Şura"nın sədri Cəmil Həsənlinin qurumdan uzaqlaşdırılacağı ilə bağlı məlumatlar yayılmaqda idi. Lakin bu söz-söhbətlər əsnasında o, sosial şəbəkə və media vasitəsilə bu kimi xəbərlərin yalan olduğunu bildirərək, "Milli Şura"dan istefa verməyəcəyini, hətta bundan sonra uzun müddət sədrlik postunda qalacağını iddia etmişdi. Ancaq sonrakı proseslərdə, xüsusilə, müxalifətin passivlik yuxusundan ayıla bilmədiyi bir zamanda onun yalanı üzə çıxmış oldu. Ümumiyyətlə, son illər AXCP sədri Əli Kərimli C.Həsənlinin ona heç bir siyasi və şəxsi səmərə, mənfəət vermədiyini görüb, "Milli Şura"ya da, bilavasitə rəhbərlik etməyi çoxdan planlaşdırıb. Sadəcə, bunu elan, ya da bəyan etmək üçün münbit vaxt gözləyir.
Əslində, C.Həsənlinin “Milli Şura”nın sədrlik postunda qalması yalnız bir tərəfdən Ə.Kərimliyə sərf edir ki, bu da qoca professorun AXCP sədrinin verdiyi müəyyən tapşırıqları xarici ölkələrdə icra etməsi ilə bağlıdır. Amma Ə.Kərimlinin onu əvəzləyəcək və hələlik sirr saxladığı başqa adamın olduğu da bəllidir. Bununla bağlı cəbhəçilərə yaxınlığı ilə seçilən inanılmış mənbə bizə bildirib.
Mənbə: "Cəmil Həsənli bu məsələdə, sadəcə, görüntü rolunu alıb"
"Məsələ həm də ondadır ki, Ə.Kərimli onsuz da qeyri-formal qaydada "Milli Şura"ya sədrlik edir. C.Həsənli isə bu məsələdə, sadəcə, görüntü rolunu alıb", qeyd edən mənbə, həmçinin bildirib ki, C.Həsənlinin mediadan tamamilə kənarda qalması, müxalifət düşərgəsindəki çəkisinin, nüfuzunun olmaması, eləcə də yeni ideyalarla çıxış etməməsi, sadəcə, boşboğazlıqla məşğul olması Ə.Kərimlinin səbr kasasını daşdırıb və onu necə deyərlər təngə gətirib. Nəticədə AXCP sədri C.Həsənlinin istefa məsələsi barədə düşünməyə başlayıb. “Ə.Kərimli əvvəllər də bu kimi qərar vermək istəyərdi, lakin sonradan tərəddüd edirdi”, deyə qeyd edən mənbə bu dəfə həmin qərarın 100% veriləcəyini bildirib.
Digər iddia: “Bu qərar əvvəllər ehtimal olsa da, hazırda reallığa daha yaxın görünən faktor kimi qiymətləndirilə bilər”
Mənbə öz sözlərini belə əsaslandırıb: “Artıq Ə.Kərimlinin “Milli Şura”nı C.Həsənliyə həvalə etmək fikri yoxdur və indi hər şey başqa cürdür. Bu qərar əvvəllər ehtimal olsa da, hazırda reallığa daha yaxın görünən faktor kimi qiymətləndirilə bilər”
Daha bir nüans AXCP sədrinin zaman-zaman Azərbaycanda baş verən real inkişaf və Silahlı Qüvvələrimizin əldə etdiyi uğurları ilə bağlı erməni dəyirmanına su tökəcək qədər xəyanətkar mövqelər sərgiləməsidir. Misal üçün, istər 2016-cı ilin aprel zəfərində, istərsə də bu il Naxçıvanda qazanılan hərbi uğurlarımız AXCP sədri Ə.Kərimlini ciddi şəkildə narahat edirdi. Həmin vaxtlar o hər vəchlə qazanılan qələbələrə kölgə salır, sanki ermənilər qədər məyus olduğunu sərgiləyirdi.
Sonradan isə məlum olub ki, C.Həsənli Ə.Kərimlinin erməni mətbuatına sərf edən fikirlər bildirməsini dəstəkləməyib. Düzdür, bu ehtimal olsa da, reallığa daha yaxın görünən faktor kimi qiymətləndirilə bilər. Sübut üçün belə bir mümkün versiya da irəli sürmək mümkündür ki, cəbhədə müəyyən gərginlikliklər baş qaldırmamışdan öncə, C.Həsənlinin "Milli Şura"dan gedəcəyi, ya da göndəriləcəyi barədə söz-söhbətlər olmurdu. Lakin qazanılan hər bir uğurlu hadisələrdən dərhal sonra həmin məsələ ortaya çıxmağa başlayır. Təbii ki, C.Həsənli Ə.Kərimliyə müəyyən iradlar bildirə bilər və nəticədə, AXCP sədri onun kənarlaşdırılması üçün addımlar atmağa başlayar ki, bu daha real görünən amilə bənzəyir.
Beləliklə, Ə.Kərimlinin planlarının dəyişdiyini görmək mümkündür. O, C.Həsənlidən uzaqlaşaraq "Milli Şura"nın da sədrliyini əlinə keçirməklə bir müddət siyasi arenadan silinmək təhlükəsini aradan qaldırmaq məqsədini güdür. Ancaq o, buna nail ola biləcəkmi? Zaman göstərir ki, Kərimlinin bu cəhdləri də boşa çıxacaq. Hətta C.Həsənlidən yaxasını qurtarsa belə...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB