Hikmət Şikarov: “Nəhayət Paşinyan anladı ki...” RƏY

Hikmət Şikarov: “Nəhayət Paşinyan anladı ki...” RƏY

“MDB-nin dövlət başçıları Şurasının Düşənbədə keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyev ilə Nikol Paşinyan arasında olan söhbətdən sonra münaqişənin həlli ilə bağlı danışıqlar Azərbaycan və Ermənistan arasında davam etdiriləcək”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov sözügedən məsələyə münasibətini bildirərkən deyib.

“Nəhayət, Ermənistanın baş naziri hakimiyyətdə olduğu beş aydan sonra ənənəvi danışıqlar formatını dəyişmək və qondarma Dağlıq Qarabağ rejimini müstəqil tərəf kimi danışıqlar prosesinə qatmaq iddiasından geri çəkildi”, deyən Hikmət Şikarova görə, Ermənistanın yeni rəhbərinin danışıqlara konstruktiv yanaşma tərzi isə əhəmiyyətli dönüş anıdır: “Düşənbə söhbətindən sonra Paşinyanın mövqeyində kifayət qədər ciddi və müsbət dəyişikliyin olduğu açıq-aydın görünür. Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması Ümummilli Liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutub. Yalnız, onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan Prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 140-a qədər görüş keçirib”.

“Ümummili Liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, Azərbaycan Prezidenti seçildiyi ilk gündən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən cənab İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirir”, deyə vurğulayan YAP Pirallahı rayon təşkilatının sədri həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan Prezident İlham Əliyev ölkəmizin xarici siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edib: “Azərbaycan Prezidenti bütün xarici səfərlərdə, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda, hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulayıb”.

Hikmət Şikarov sonda bildirib ki, Düşənbə görüşü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Nikol Paşinyanın irəli sürdüyü iddiaların beynəlxalq birlik tərəfindən qəbul edilmədiyi, Azərbaycanın mövqeyinin birmənalı şəkildə qəbul edildiyi anlamına gəlir: “Nikol Paşinyan bu görüşü erməni xalqının xilası kimi qiymətləndirməli və münaqişənin sülh yolu ilə həll olunması üçün fürsət kimi dəyərləndirməlidir. Çünki Azərbaycan gec-tez işğal altında olan torpaqlarını geri qaytaracaq”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə