“Milli Şura”nı nə gözləyir? SİYASİ RAKURS

“Milli Şura”nı nə gözləyir? SİYASİ RAKURS

Yaxud, ölü qurumun Cəmil Həsənli “epoxasına” son qoyulur

Yarandığı gündən ənənəvi müxalifət düşərgəsində nə siyasi, nə də ictimai cəhətdən formalaşa bilməyən, hazırda da ölü qurum kimi tanınan radikal və dağıdıcı təfəkkürə malik “Milli Şura”nı növbəti siyasət mövsümündə daha ağır vəziyyətlər gözləyir. Ümumiyyətlə, 2013-cü ildən bu yana, yəni ötən 5 ildə heç bir siyasi nailiyyət əldə edə bilməyən, əksinə, kəskin tərəfdar itkisinə məruz qalan “Milli Şura” artıq son dayanacağına çatıb. Bu qurumda yaşananların əsas baiskarı olaraq isə, məhz AXCP sədri Əli Kərimli göstərilir.

Son vaxtlar Cəmil Həsənlinin səsinin gəlməməsi özü-özlüyündə bir sıra qənaətlərə gəlməyə rəvac verməkdədir

Əslində, sədr vəzifəsini daşıyan Cəmil Həsənlinin sadəcə, müqəvva rolu oynadığını hər kəs bilir. Ara-sıra bəyanatlarla çıxış edən sədrin fikirləri isə ümumiyyətlə, həmin çevrələrdə ciddi qəbul olunmur. Çünki hər kəs yaxşı bildir və agahdır ki, Ə.Kərimlinin “otur-dur” komandası ilə fəaliyyət göstərən C.Həsənli özbaşına heç bir fikir-ifadə səsləndirmir. Əsas olaraq, sosial şəbəkələrdə AXCP-“Milli Şura” adından danışan Ə.Kərimlidir və bu ərəfələrdə ümumiyyətlə, C.Həsənlinin səsinin gəlməməsi özü-özlüyündə bir sıra qənaətlərə gəlməyə rəvac verməkdədir. Misal üçün, artıq bu cür nəticəyə gəlmək olar ki, AXCP sədri C.Həsınli kartından istədiyi qədər istifadə edib və bundan sonra ona lazım deyil, əksinə, başqasının “Milli Şura”ya sədrlik etməsi Kərimlini qane etmir və bir neçə aydan sonra onun sessiya keçirib, özünü sədr elan etməsi ehtimalı daha çox görünməyə başlayıb. Beləliklə, “Milli Şura”nın C.Həsənli “epoxasına” son qoyulduğunu bəri başdan proqnoz edə bilərik.

Əli Kərimli Cəmil Həsənlidən bezib və “Milli Şura”da öz təbirincə, “yeniliklər” etməyi planlaşdırır.

Lakin C.Həsənli ilə yanaşı, unutmamalıyıq ki, bu ölü qurumun “fəxri sədri” Rüstəm İbrahimbəyov faktoru da mövcuddur. Daha doğrusu, R.İbrahimbəyovun daha çox C.Həsənliyə dəstək göstərməsi amilini nəzərə alarsaq, Ə.Kərimlinin C.Həsənlini çıxdaş etməsi məsələsində onun sərt etirazlarını eşidə bilərik. Çünki R.İbrahimbəyov zaman-zaman bu quruma maliyyə dəstəyi göstərib, eyni zamanda, Rusiyanın və Qərbin qaranlıq siyasi dairələri ilə hazırda da əməkdaşlıq edir. Həmin dairələrin isə Ə.Kərimlidən çox, C.Həsənliyə etimad göstərmələri barədə məlumatlar mövcuddur. Bu baxımdan, AXCP sədrinin ikinci ehtiyat planı işə düşə bilər. O, “Milli Şura”nı buraxıb, onun yerinə digər qurumu təsis edə bilər ki, bu planın nə qədər real görünməsi də şübhələr doğurmaqdadır. Çünki Kərimli yeni qurum yaradarsa, onun maliyyələşməsi və tərəfdar toplaması üçün hər şeyi sıfırdan başlamalıdır. Ona qarşı müəyyən dairələrin münasibətlərinin necə olmasını isə təkrarlamağa dəyməz. Lakin fakt budur ki, Ə.Kərimli C.Həsənlidən bezib və “Milli Şura”da öz təbirincə, “yeniliklər” etməyi planlaşdırır.

AXCP sədrinə gizli və ya açıq dəstək göstərənlər kimlərdir?

Onu da qeyd edək ki, bu qurumda olan-qalan siyasi uğursuzlar – Oqtay Gülalıyev, Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Tofiq Yaqublu, Hacıbaba Əzimov və başqa bir neçə nəfər də C.Həsənlinin sədrlikdən getməsi üçün Ə.Kərimliyə gizli, ya da aşkar dəstək göstərməkdədirlər. AXCP sədrinin ona dəstək göstərəcək şəxslərə nə isə vəd etməsi də sirr deyil. Ancaq bütün bunlara rəğmən, siyasi ölümlə qarşı-qarşıya qalan “Milli Şura”nın növbəti siyasi fəsildə “həyatına son qoyması” faktı qaçınılmazdır. Xüsusilə, son vaxtlar düşərgədə yaranan yeni müxalifət partiyaları, eləcə də siyasi orientirlərni radikallıqdan loyallığa, eləcə də konstruktivliyə dəyişən siyasi təşkilatlar fəaliyyətlərini artırdıqca, “Milli Şura”nın siyasi ölümü daha da yaxınlaşır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə