"Tehran görüşü regionun və bu ölkələrin taleyini həll edə bilər" RƏY-ÖZƏL
"İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşündə Suriya ilə yanaşı, sanksiyalar məsələsi də müzakirə olunacaq". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, əgər İranla Rusiya İdlibə geniş miqyaslı hücum təşkil etsələr, sanksiyalar özünün zirvə nöqtəsinə çatmaqla yanaşı, ABŞ-ın Suriyada rejim dəyişikliklərinə apara biləcək addımlarına yol aça bilər.
Rusiya ilə İranın çox ciddi riskə getdiyini deyən Q. Hüseynli söyləyib ki, bu risk həddindən artıq təhlükələrlə doludur: "Artıq ABŞ, Avropa ölkələri də xəbərdarlıq edib. İdlibə hücum təxminən 3.5 milyon əhalinin yaşadığı hücumdur və burada silahlı müxalifət dəstələri də var. Rusiya və İran bunların hamısını terrorçu adlandırır. Əslində bunlar vaxtilə Türkiyə tərəfindən formalaşdırılan "Suriyaya Azadlıq" ordusunun müəyyən hissələridir. Türkiyə bu ordunun formalaşması üçün xeyli vəsait sərf etməklə yanaşı, təlimlər keçib. Düzdür sonradan bu ordunun Şam deyilən qismi Türkiyənin mövqeyindən uzaqlaşıb. Amma onlar Əsədə qarşı mübarizədə dik dura bilirlər".
Politoloq vurğulayıb ki, belə olan halda, Türkiyənin İran və Rusiya kampaniyasında özünü necə hiss etməsi, bu ölkələri İdlib məsələsində güzəştə getməyə vadar edə biləcəyi məsələsi sual altındadır: " İdlibdə olan hər hansı müharibə əməliyyatı Türkiyəyə qarşı çevrilmiş hərəkat olacaq. Çünki, ilk növbədə oradakı silahlı qüvvələrin əksəriyyəti Türkiyəyə tabe olan dəstələrdir. İkincisi isə qaçqın köçü başlasa, o zaman bu köç Hatay, Türkiyənin cənub bölgələrinə uzana bilər. Belə bir şəraitdə Türkiyə İdlib məsələsində Rusiya və İranı qarşısına almalıdır. Bu həm Türkiyənin geostrateji maraqlarına cavab verir, həm də bölgədə iri miqyaslı müharibənin qarşısını ala bilər. Zənnimcə Rusiya artıq ABŞ-ın və Qərb ölkələrinin əhval-ruhiyyəsini anladığı üçün bu məsələdə müəyyən kompromislər əldə oluna bilər. Əks halda, İran üçün daha ciddi hökm çıxarıla Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər".
Q. Hüseynli qeyd edib ki, ölkələrin atacağı addımdan asılı olaraq, bölgədə təhlükəli hadisələr baş verə bilər: " Suriya yer üzündən yox ola, Bəşər Əsəd hadisələr nəticəsində hakimiyyəti ilə yanaşı, canından da ola bilər. Buna görə də bölgədə təkcə 3 dövlətin deyil, bütövlükdə Qərb dövlətlərinin iştirakı ilə proses gedir. Bütün dünya BMT-nin rəhbərliyi altında bu işin nizamlanması işinə getməlidir. Bu baxımdan Tehranda Rusiya və İranın hansı mövqedə çıxış etməsi və Türkiyənin hansı mövqedə dayanacağı çox mühümdür. Bu baxımdan Tehran görüşünü tarixi görüş hesab edirəm. Bu görüş həm regionun, həm də orada iştirak edən ölkələrin taleyini həll edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB