Əli Əhmədov: “Parlament seçkilərində dəstək əldə edə bilməyənlərin alternativ bir struktur yaratması hüquq müstəvisindən kənar bir cəhddir”- AÇIQLAMA

Əli Əhmədov: “Parlament seçkilərində dəstək əldə edə bilməyənlərin alternativ bir struktur yaratması hüquq müstəvisindən kənar bir cəhddir”- AÇIQLAMA
"Bəzi müxalifət partiyalarının "xalq məclisi", "xalq parlamenti" ideyasına siyasi baxımdan qiymət versək, belə bir nəticə çıxarmaq olar ki, bu sadəcə olaraq həyata keçirilməsi mümkün olmayan təşəbbüsdən başqa bir şey deyil". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, əgər müxalifətin ictimaiyyət arasında dəstəyi olsaydı, onlar 7 noyabr parlament seçkilərində hər hansı uğur qazanardılar. O, bu yaxınlarda keçirilən seçkilərdə uğur qazana bilməyən insanların guya ki, alternativ bir parlament yaratmaq haqqında ideya irəli sürməsi qədər cəfəng bir fikri təsəvvür edə bilmədiyini vurğulayıb.

"Seçkilərdə dəstək əldə edə bilməyənlərin alternativ bir struktur yaratması tamamilə hüquq müstəvisindən kənar bir cəhddir. Bu, Azərbaycanın Konstitusiyasına, qanunlarına hörmətsizlikdir. Çünki Azərbaycanda istənilən strukturlar, o cümlədən qanunverici orqan dövlət tərəfindən müəyyənləşdirilmiş qanunlara uyğun formalaşdırılır. Azərbaycanda konstitusion əsasda formalaşmış parlamentə alternativ bir strukturun yaradılması cəhdi, bu ideyanın ortaya qoyulması əslində bu insanların hüquq müstəvisindən kənara çıxması deməkdir. Hesab edirəm ki, belə bir addım atılarsa, ona hüquq müstəvisində qiymət veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə