Və ya yeni müxalifət yarana bilərmi?
Son nəfəslərini alan radikal müxalifət partiyaları artıq siyasi səhnədən silinəcəklərini dərk etməyə başlayıblar. Xüsusilə, son prezident seçkisindən sonra bu reallıq özünü daha qabarıq göstərməyə başlayıb. Hətta sosial şəbəkələrdə canfəşanlıq göstərsələr belə, bu metod işlərinə yaramamış qaldı. Sübut olundu ki, Azərbaycan əleyhinə fəaliyyət göstərən müxtəlif xarici donor təşkilatların onlara xərclədikləri pullar batdı. Lakin radikal müxalifət partiyalarının sonunun labüdlüyü faktiki olaraq ortada olsa da, digər ənənəvi partiyaların da mövcudluqlarını qoruyub-saxlamaları sual altındadır. Yəni radikal müxalifət partiyaları deyərkən, burada yalnız özlərini “ana müxalifət” partiyaları elan etmiş AXCP, Müsavat deyil, eləcə də uzun illər ölkənin siyasi arenasında mövcud olan, lakin fəaliyyətləri ilə nəzərə çarpa bilməyən, gah radikallaşan, gah da loyallaşan KXCP, ADP, AXP, ALP, ALDP, AzDP, “Aydınlar”, VBP, “Azadlıq”, “Ədalət”, GAP, AMDP, “Əhrar”, “Qeyrət”, ACP, VİP və başqalarını, eləcə də zaman-zaman parlamentdə yer almış VHP, “Ümid”, AMİP tipli siyasi təşkilatları da göstərmək olar. Çünki reallıq da budur ki, ciddi müxalifət qüvvəsi olaraq, nə xalq tərəfindən nə də tərəfdaşları tərəfindən dəstək qazana bilməyən, adları çəkilən və çəkilməyən partiyalar öz siyasi ömürlərini başa vurmaqdadırlar.
Sədrlik reslolarını təhvil vermək fikrində olmadıqlarını nümayiş etdirən “liderlər” bu məsələnin gündəmdən çıxmasına çalışdılar, hətta nail oldular
Xatırladaq ki, hələ 2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkilərindən sonra təməlləri parçalanmağa başlayan ənənəvi və qeyri-ənənəvi müxalifət partiyaları o zamanlar məhvə doğru irəlilədiklərinin fərqinə varmağa başladılar və onda partiyaların yeni nəsillə əvəzlənməsi məsələsi gündəmə çıxarıldı. Ancaq öz kreslolarını təhvil vermək fikrində olmadıqlarını sərgiləyən sədrlər bu məsələnin gündəmdən çıxmasına çalışdılar, hətta nail oldular. 2008-2013-cü ilin prezident seçkiləri, eləcə də 2010-2015-ci ilin parlament seçkiəri də müxtəlif bəhanələrlə necə deyərlər, yola verildi və müxalifət həmin müddətdə də öz nimdaşlığını saxlamağa müyəssər oldu. Düzdür, ötən illər ərzində partiya sədrliklərini təhvil verənlər də oldu, ancaq onların təsir gücləri bu gün də siyasi təşkilatları üzərində qalmaqda davam edir. Misal üçün, İsa Qəmbər bu gün də Müsavata nəzarət gücünü saxlayır, eləcə də Pənah Hüseyn sədrlikdən istefa versə də, sonradan yenidən AXP-yə sədr seçildi. O cümlədən, ALP sədri Lalə Şövkətin ALP-yə nəzarəti bu partiyanın sədri Əvəz Temirxan olsa da qalmaqda davam edir, Rəsul Quliyevin ACP-si bağlandıqdan sonra onun GAP-a nəzarəti mövcuddur. Bütün bunlar isə köhnə və naftalin qoxusu verən müxalifətin iş üzünü bir daha qabarıq fonda nümayiş etdirir.
Radikalizm və xarici qüvvələrlə iş birliyi məsələsi əks-düşərgənin aludə olduğu ən zəif nöqtəsidir
Lakin fakt budur ki, dünyanın siyasi təcrübəsinə görə, nüfuzlu siyasətçilər partiyanı tərk edib, onların boş qalmış yerinə gənclər təyin olunub. Azərbaycanın dırnaqarası müxalifətində isə belə hallar ümumiyyətlə qəbul olunmur. Əksinə, partiyalar daxilində kreslo uğrunda ziddiyyətlər baş qaldırır, qruplaşma didişmələrinin sayı isə necə deyərlər, “N” qədərdir. Bu gün AXCP-nin 4-5 yerə, Müsavatın da eyni rəqəmlərə, AMİP-in iki yerə-VİP-ə, ADP-nin də iki yerə - “GAP”a və sairələrinin müxtəlif cinahlara parçalanması bütün bunları yetərincə sübuta yetirmiş olur.
Hazırda köhnə müxalifəti dəyişməyə cəhd edən “Ağ Partiya”, partiyaya çevrildiyini bəyan edən “REAL” və “ADR” hərəkatı, eləcə də daha bir neçə təşkilatlar var ki, onların məqsədlərinin reallaşması da mümkün görünmür. Hər halda, ölkədə formalaşmış radikalizm və xarici qüvvələrlə iş birliyi məsələsi əks-düşərgənin aludə olduğu ən zəif nöqtəsidir. Halbuki, bir çoxları yeni yaranarkən, yalnız milli dövlətçilik maraqlarına xidmət edəcəklərini, müxalifətçiliyin dövlət maraqlarına xəyanətlə əvəz olunmayacağını iddia edirlər. Lakin atalar demişkən, sən saydığını say, gör fələk nə sayır...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB