Pul və qrant davası müxalifətinin sonunu gətirib TƏRS BAXIŞ

Pul və qrant davası müxalifətinin sonunu gətirib TƏRS BAXIŞ

Sosial şəbəkələrdə gedən savaş isə qızışıb

Dağıdıcı müxalifətin qrant savaşı aparması kimsəyə sirr deyil. Belə ki, istər sosial şəbəkələrdə, istərsə də digər cinahlarda bir-birini nədəsə ittiham edib, ağaları qarşısında xal qazanmağa çalışan müxalifətçilər nəticə etibarilə gəlir qazanmağı düşünürlər. Misal üçün, xain və satqın Emin Millinin AXCP sədri Əli Kərimli və dəstəsi arasında başlatdığı qalmaqal daha da qızışır. Məhz bu amil də deməyə zəmin yaradır ki, baş verənlər bilavasitə qrant üstündə olan müharibədir.

Meydan TV radikal müxalifət liderlərinin üzünə bağlanıb

Onu da xatırlatmaq yerinə düşərdi ki, xüsusilə ABŞ Konqresinin binasında Helsinki Komissiyasının apardığı bəlli müzakirələrdən sonra Emin Milli və onunla hazırda işbirliyində olan "söyüş müxalifətçiləri" ilə radikal müxalifət təmsilçiləri arasında pul davası çərçivədən çıxaraq, daha da böyüyüb. “Söyüş müxalifəti” liderləri üçün açıq olan Meydan TV radikal müxalifət liderlərinin üzünə bağlanıb. Onlar da alternativ variant kimi Sevinc Osmanqızının kanalından bu günün özündə də istifadə edirlər. Sevinc Osmanqızının özü ilə Emin Milli arasında qrant məsələsindən dolayı ədavət olduğu açıq-aşkar görünür. Həm də artıq Emin Millinin radikal müxalifət liderlərini fürsət düşdükcə gözdən salması və söyüş müxalifətçilərini yeni müxalifəti liderləri kimi təqdim etməyə çalışması müşahidə olunur. Məsələn, Orduxan Teymurxanla Konqresə birgə qatılması da bunu sübut edir.

Digər tərəfdən, əgər əvvəllər Meydan TV-də radikal müxalifət – “Milli Şura” liderlərinə daha çox çıxış imkanları verilirdisə, onların mitinqlərinə getmək üçün Azərbaycan xalqına çağırışlar edilirdisə, indi əks proseslər baş verir.

Sevinc Osmanqızı ilə Emin Milli arasında xaricdən anti-Azərbaycan dairələrindən ayrılan media qrantları uğrunda açıq mübarizəsi gedir

Xaricdəki söyüş müxalifətçiləri xalqı iğtişaşlara səsləyir və bu zaman gəlib liderlik funksiyalarını öz üzərlərinə götürə biləcəklərini deyirlər. Bu da belə qənaətə gəlməyə əsas verir ki, Sevinc Osmanqızı ilə Emin Milli arasında xaricdən anti-Azərbaycan dairələrindən ayrılan media qrantları uğrunda açıq mübarizəsi gedir. Eyni zamanda artıq radikal müxalifətlə xaricdəki söyüş müxalifəti arasında müxalifətə liderlik uğrunda mübarizə başlayır. Bu mübarizədə Sevinc Osmanqızı radikal müxalifətin, Emin Milli isə söyüş müxalifətinin tərəfindədir. Lakin ayının min oyunu bir armudun başında olduğu kimi, yaxud Molla Nəsrəddin əhvalatında dava yorğan davası olduğu kimi bunların da əsas bölə bilmədiyi qrantlardır.

Anti-Azərbaycan dairələrinin ölkəmizdə sabitliyin pozulması üçün ayırdığı qrantlar ilk növbədə elə onların maliyyələşdirdiyi qüvvələr arasında sabitliyi pozub. Onların simasında bir daha görürük ki, bu insanları özlərinin iddia etdikləri kimi vətən, xalq kimi müqəddəs məfhumlar qətiyyən maraqlandırmır. Onlar üçün ən müqəddəs ideologiya elə puldur. Görünür, elə pul faktoru müxalifətin sonunu gətirib. Faktlar ortadadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə