Xaricdən idarə olunan media orqanlarının məqsədi nədir? ŞƏRH-ÖZƏL

Xaricdən idarə olunan media orqanlarının məqsədi nədir? ŞƏRH-ÖZƏL

“Son illər xaricdən idarə olunan media orqanlarının düşmən fəaliyyəti ilə tez-tez rastlaşırıq. Xüsusilə də son Gəncə hadisələri fonunda onların bir qədər də aktivləşdiyini gördük”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Sözügedən media orqanlarının haradan maliyyələşdirildiyi, informasiya, eləcə də ideoloji dəstək aldıqları haqqında təxmini bilgilərin olduğunu deyən baş redaktor söyləyib ki, həmin saytların hesablarında paylaşdıqları müraciətləri, şüuarları, müraciətləri və çağırışları izlədikdə Azərbaycana qarşı düşmən mövqe tutduqlarını açıq şəkildə görmək mümkündür: “Azərbaycana qarşı bu cür mövqe nümayiş etdirən saytların fəaliyyəti istədikləri nəticəni vermədi. Çünki, ölkəmizdə buna lazımi qədər ictimai müqavimət var. Azərbaycanın özünün media orqanlarının ictimai rəyi formalaşdırmaq istiqamətində apardıqları böyük iş, müsbət nəticə verir, ictimai rəyin parçalanmasına imkan verilmir. Beləliklə də həmin təxribatçı saytların təbliğatları heç bir nəticəyə gətirib çıxara bilmir”.

Ölkəmizdə Prezidentlə cəmiyyət arasında qarşılıqlı etimad mühitinin olduğunu deyən A.Quliyev söyləyib ki, bunu Gəncə hadisələri zamanı bir daha gördük: “Belə ki, Gəncədə radikal qüvvələr nə qədər qanunsuz, qeyri-insani hərəkətlərə meylləndisə, ölkə ictimaiyyəti bir o qədər dövlət başçısını daha çox dəstəkləməyə başladı. Beləliklə iki faktorun - həm Azərbaycan mediasının xaricdən gələn o ziyanlı təxribatları zərərsizləşdirməsi istiqamətində göstərdiyi fəaliyyəti, həm də ölkədə ictimaiyyətin dövlətin, hakimiyyətin siyasəti ilə həmrəy olması dediyimiz saytların təxribatlarının hansısa nəticəyə gətirib çıxarmasının qarşısını tamamilə aldı. Biz bundan sonra da bu cür təxribatlarla üzləşə bilərik. Yəqin ki, həmin o dairələr bu fəaliyyətlərini davam etdirəcəklər. Amma unutmaq lazım deyil ki, ölkədə, cəmiyyətdə möhkəm sabitlik və həmrəylik olduğu şəraitdə bu cür saytların ideoloji təxribatları heç bir nəticəyə gətirib çıxara bilməz”.

Baş redaktor qeyd edib ki, bu cür saytlara qarşı ilk növbədə hüquqi müstəvidə tədbirlər görülməlidir: “Çünki, o resursların çağırışları bizim dövlətçiliyimizin əsaslarında insan hüquqlarına, təhlükəsizliyinə, qanunun mənafelərinə qarşı cinayət tərkibli olduqları üçün onların qarşısı hüquqi müstəvidə alınmalıdır. Eyni zamanda həmin resursların sığındıqları ölkələrin ərazisində onların ziyankar fəaliyyətlərinin məhdudlaşdırılması üçün dövlətlər arasında münasibətlərin verdiyi imkanlardan bəhrələnmək lazımdır”.

A.Quliyev əlavə edib ki, baş verənlərə konkret şəxslərlə yanaşı, vaxtilə Azərbaycanda olan sonradan ölkəni tərk edən radikal müxalifətdə bu gün də dağıdıcılıq fəaliyyəti ilə məşğul olan müəyyən şəxslərin, separatçılıqla məşğul olub, Vətəndən gedib kənarda sığınacaq alan müəyyən bəlli adamların dəstək verməsi aşkardır: “Bunu hər kəs gördü. Onların düşmən fəaliyyətinin davam etdirməsi bizim üçün təəccüblü deyil. Lakin məsələ tək onlarda ibarət deyil, Çünki, bu şəxslərin özləri də daha böyük qüvvələrin əlində alətdirlər. Ona görə də bizim üçün əsas vəzifə daha böyük qüvvələrin çevrəsini müəyyənləşdirməkdir. Bu da müəyyən qonşu dövlətlərdə olan QHT-lər, bəzi dövlət təşkilatları ola bilər. Bu gün həmin qonşu ölkələrlə dövlətlərarası səviyyədə bu məsələ həll olunmadığı üçün hazırda konkret ad çəkmək düzgün olmaz. Həmin təxribatçıqüvvələr qonşu ölkənin ərazisində fəaliyyət göstərsələr də, ola bilsin ki, bu fəaliyyət həmin ölkənin dövlət orqanlarının iradə çərçivəsində deyil, Azərbaycanla həmin ölkə arasında münasibətlərin korlanmasına hesablansın. Bu baxımdan indidən hansısa ölkəni ittiham etmək düzgün olmaz. Hesab edirəm ki, bu məsələ dövlətimizin, dövlətlər arası gedən prosesin nəticələrini gözləmək daha düzgün olar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə