"Ölkəmizə nifaq salmaq istəyənlər peşman olacaqlar" VƏTƏNDAŞLARDAN SORĞU

"Ölkəmizə nifaq salmaq istəyənlər peşman olacaqlar" VƏTƏNDAŞLARDAN SORĞU

Xəbər verdiyimiz kimi ötən gün Gəncədə 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstərərək iki polis zabitinin qətlinə səbəb olublar. Azərbaycan dövlətçiliyinə yönələn aksiyanın qarşısı operativ tədbirlər nəticəsində alınıb. Baş verənlər vətəndaşlarımızın da narahatçılığına səbəb olub. Bakı sakinləri ötən gün baş verənlərlə əlaqədar narahatlıqlarını və bütün hallarda dövlətimizin yanında olduqlarını bildiriblər.

Bakı sakini Nail Şərifzadə Gəncədə baş verən hadisələrə yaxşı baxmadığını bildirib: “Gənc nəsil olaraq deyə bilərəm ki, bir-birimizlə düşmən olmamalıyıq. Ötən gün baş verənlər nəticəsində bizim iki polis vətəndaşımız bıçaqlanıb. Bu yaxşı hal deyil. Əgər biz özümüzə qarşı düşmən mövqe nümayiş etdirsək, o zaman bizi sevməyənlər buna baxıb daha da sevinəcəklər. Mən istəyirəm ki, hər kəs mehriban olsun və bir-birini sevib, dəstəkləsin. Azərbaycan vətəndaşları baş verənlərə yol verməməlidir. Gər biz daxildə müharibə şəraiti yaratmağa cəhd etsək, o zaman ölkəmizə qarşı kənar təzyiqlər daha da arta bilər. Buna imkan vermək olmaz. Başqa ölkələrə baxıb, orada nələrin baş verdiyini görürük. Lakin Azərbaycan sabit ölkədir və biz bu sabitliyi qorumalıyıq. Bir gənc olaraq sakit ölkədə yaşamaq istəyirəm”.

Bakı sakini Bəkirov Eldəniz bildirib ki, hüquq mühafizə orqanlarının işçiləri Azərbaycan vətəndaşlarının asayişini qoruyan şəxslərdir və heç kimin heç bir halda onlara təcavüz etmək ixtiyarı yoxdur: “İstənilən problemi Azərbaycanın ali qanunverici orqanları vasitəsilə həll etmək mümkündür. Azərbaycanı sevməyən qüvvələrin əli ilə baş verən hadisələr nəticəsində polis əməkdaşlarının qətlə yetirilməsi acınacaqlı haldır. Polis əməkdaşları ölkəmizdə sərbəst şəkildə gəzməyimizə kömək edən şəxslərdir. Bir vətəndaş kimi biz onlara kömək etməli, Azərbaycan əleyhinə həyata keçirilən işlərə mane olmalıyıq. Azərbaycanın sabitliyini pozmaq istəyənlər öz niyyətlərinə nail olmayacaqlar. Əminik ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə bu məsələlər tezliklə həllini tapacaq. Əsas odur ki, vətəndaşlarımız hər zaman olduğu kimi dövlətimiz ətrafında birləşib, bu cür hallara qarşı mübarizəsini davam etdirməlidir. Hər bizimi hadisələrdən düzgün nəticə çıxarmağı bacarmalıyıq”.

Bir ana olaraq baş verənlərdən narahatlığını dilə gətirən Bakı sakini Zərifə Yeşilla deyib: “Ötən gün Gəncədə baş verənlə məni çox narahat edib. Bir ana olaraq övladlarımın sakit şəraitdə yaşamasını istəyirəm. Azərbaycanda sülh şəraiti mövcuddur. Prezident İlham Əliyev hər zaman vətəndaşların arxasındadır. Müharibə şəraitində olan bir ölkəni idarə edən Prezidentimizə hər zaman dəstək olmalıyıq.

Gəncədə baş verənlərdə ilk olaraq insanları qıcıqlandıran, bu vəziyyətə salan səbəblər nədirsə onların qarşısının alınmasını istərdim. Hadisə zamanı iki polis əməkdaşının öldürülməsinə çox üzüldüm. Azərbaycan bütün dünyaya can deyərək özünü göstərən ölkədir. Hər kəs dövlətə dəstək olmalıdır. Azərbaycanı sevgi, məhəbbətlə yaşadaq. Ölkəmizin bu cür hadisələrlə gündəmə gətirməsinə imkan verməyək. Ötən gün hadisələr zamanı həyatını itirənlərə Allah rəhmətə Eləsin! Xüsusilə də bizi qoruyan, sahib çıxan, hər çətin anımızda yanımızda olan polis əməkdaşına, sistem işçisinə əl qalxmamalıdır. Bir-birimizi sevərək yaşamaq çox gözəldir. Ölkəmizə nifaq salmaq istəyənlər bir zamanlar peşman olub, olacaqlar da”.

Ötən gün baş verənlər zamanı həlak olan polis əməkdaşlarının ölüm xəbərini kədər hissi ilə andığını deyən şəhər sakini Raqif Abbasov bildirib ki, pozucu qüvvələrin günahsız yerə asayiş keşikçilərini qətlə yetirilməsi bütün vətəndaşlar tərəfindən narahatlıqla qarşılanıb: “ Hər zaman sabitliyi ilə seçilən ölkəmizin uğurlarına sevinməyən qüvvələr bu yola əl atmaq nəyəsə nail olacaqlarını düşünürlərsə, yanılırlar. Çünki, Azərbaycanda sabitlik daim qorunur və vətəndaşlarımızın təhlükəsizliyi hər zaman diqqətdədir. Hər il yay aylarında az müddətlik də olsa xarici ölkələrdən birinə sanatoriyaya istirahətə gedirəm. Getdiyim ölkələrin heç birində Azərbaycandakı sabitliyi görə bilmirəm. Ölkəmizdə günün istənilən saatı hər kəs sərbəst şəkildə çölə çıxıb, istədiyi mənzil başına heç bir təhlükə ilə üzləşmədən çata bilir. Bütün bumlar əlbəttə ki dövlət başçısının həyata keçirdiyi işlərin nəticəsindədir. bu işlərə kölgə salmaq istəyənlər istəklərinə nail ola bilməyəcəklər”.

80 yaşlı şəhər sakini Əli Məmmədov Gəncədə iğtişaşçılar tərəfindən polis əməkdaşlarının qətlə yetirilməsini pislədiyini dilə gətirib.

O qeyd edib ki, Azərbaycan polisləri istənilən hadisələr zamanı insanların köməyinə gəlib, vətəndaşlarımızı ən çətin vəziyyətlərdən xilas edən kəslərdir : “Polislərimiz ən ağır hadisələr zamanı fədakarlıq edib, öz canlarını qurban verə bilirlər. Polisə qarşı bu cür addımların atılmasının əleyhinəyəm. Təbii ki bunu edənlərin arxasında bizi sevməyən qüvvələr dayanır. Biz bu cür vəziyyətlərdən çıxmaq üçün Prezidentimizin ətrafında sıx birləşməliyik. Biz düşmənlərimizlə mübarizə aparıb, onlara haqlı cəzalarını verməliyik”.

Baş verənləri sosial şəbəkə vasitəsilə izlədiyini deyən Atakişiyeva Gülnar Gəncədə gərginlik yaratmaq istəyənlərə etirazını bildirib: “Biz bu cür hadisələrin baş verməsini istəmirik. Azərbaycan sakit və sabit ölkədir. Belə hadisələr düşmənlərimizin sevinməsinə səbəb ola bilər. Vətəndaşlarımız bu cür hadisələr həssas yanaşmalı, iğtişaşlara uymamalıdırlar. Sakitliyimizi pozmağa cəhd edəcək hadisələrdən uzaq durmalı, onlara qarşı mübarizə aparmalıyıq.Gənclərimiz bu cür hadisələrdə dövlətimizin yanında daha da sıx birləşməli, baş verənlərdən düzgün nəticə çıxarmalıdırlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə