Dövlət və onun Prezidenti ölkədə sabitliyin pozulmasına, cinayətkar əməllər törədilməsinə qətiyyən dözmək niyyətində deyil
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən sui-qəsdin terror hadisəsi olması bu cinayət ətrafında həbs edilənlərin ad və soyadlarının ictimailəşməsindən sonra bir daha təsdiqini tapmış oldu. Belə ki, Azərbaycanın dövlət müstəqilliyinin təhlükəyə atılmasına, stabil həyat tərzinin pozulmasına yönəlmiş çirkin cəhdlərdə ölkəmiz əleyhinə fəaliyyət göstərən qaranlıq xarici dairələrin də əlinin olması şübhəsizdir. Ortaya çıxan faktlar da məhz bu cür düşünməyə əsas verir. O cümlədən, sözdə müxalifət adlandırılan radikal və dağıdıcı düşərgə “liderlərinin” göstərişlərinə əsasən, sosial şəbəkələrdə itaətsizliyə, qanunları pozmağa, habelə vəziyyətdən sui-istifadə edərək, xaos yaratmağa çalışanların da saxlanılaraq müvafiq cəzalar almaları bir faktoru ehtiva etməkdədir - Azərbaycanda terror arzulayanlar qanunun sərt üzü ilə qarşılaşacaqlar!
Xain düşüncə tərzinə malik olanların qanun müstəvisində cəzalandırmaları artıq digər məqamları da üzə çıxarmaqdadır
Görünür, bu gün özlərini “media təmsilçiləri” hesab edən bəzi qaragüruhçu “baş yazarlar” – sayt və portal rəhbərləri, sosial şəbəkələrdə müəyyən qruplar yaradaraq xalqı itaətsizliyə çağıranlar hələ də Azərbaycan dövlətinin gücünə və qüdrətinə yaxşı bələd deyillərmiş. Gah dini, gah da digər zəminlərdən çıxış edən belələri xarici ağaları qarşısında açıq-aşkar quyruq bulayaraq, bir neçə dollara görə Vətən və dövlət maraqlarını satmaqla işlərini bitmiş hesab edirlər. Ancaq bu cür xain düşüncə tərzinə malik olanların qanun müstəvisində cəzalandırmaları artıq digər məqamları da üzə çıxarmaqdadır. Daha dəqiq desək, onların xarici ağaları geriyə - öz ilan yuvalarına çəkilməkdədirlər. Zamanı çatanda isə, onların da başları “əziləcək”!
Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq, burada terrorlar vasitəsilə “beşinci kolon” yaratmaq cəhdləri əbəsdir
Ümumiyyətlə, Gəncədə baş vermiş terror hadisəsi və bu hadisədən sonra süni ajiotaj yaratmağa çalışanlar hüquq-mühafizə orqanlarının peşəkar və operativ fəaliyyəti ilə yanaşı, xalqın haqlı hiddəti, nifrəti ilə üz-üzə qalmalı oldular. Bütün bunlar, eləcə də hüquq-mühafizə orqanları tərəfindən saxlanılanların müvafiq cəzalara layiq görülmələri bir daha Azərbaycan dövlətinin və xalq-hakimiyyət birliyinin qətiyyətini, gücünü ortaya qoymuş oldu. Atılan addımlar onu göstərdi ki, dövlət və onun Prezidenti ölkədə sabitliyin pozulmasına, cinayətkar əməllər törədilməsinə qətiyyən dözmək niyyətində deyil. Həmçinin bu cür qüvvələrə dəstək verən xarici qüvvələr də özləri üçün dərs götürmüş oldular ki, Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq, burada terrorlar vasitəsilə “beşinci kolon” yaratmaq cəhdləri əbəsdir. Azərbaycan hüquqi və demokratik dövlətdir və bəlli qaragüruhçuların, sosial şəbəkələrdə itaətsizliyə çağırış edənlərin, terrora dəstək verənlərin məlum fəaliyyətlərinin heç bir perspektivi yoxdur, olmayacaq da.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB