Monteneqronun xarici işlər naziri: “Ümidvaram ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini uğurla həll edəcək" - AÇIQLAMA

Monteneqronun xarici işlər naziri: “Ümidvaram ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini uğurla həll edəcək" - AÇIQLAMA

"Mən ümidvaram ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini uğurla həll edəcək". SİA-nın xəbərinə görə, bunu Monteneqronun xarici işlər naziri Milan Roçen Azərbaycan Respublikasına rəsmi səfəri zamanı jurnalistlərə verdiyi açıqlamasında bildirib. O, qeyd edib ki, Azərbaycan hazırda regionda stabil və etibarlı tərəfdaşdır.

 

Milan Roçen deyib ki, Azərbaycana səfəri zamanı iki ölkə arasında ikitərəfli əməkdaşlıq haqqında ilk sənəd imzalanacaq: "Azərbaycan və Monteneqro xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında protokol, eləcə də diplomatik xidməti və xüsusui pasportları olan şəxslər üçün vizasız rejim haqqında saziş, o cümlədən iqtisadi əməkdaşlıq, eləcə də digər sahələr üzrə sənədlər də imzalayacağıq".

 

Monteneqronun xarici işlər naziri qeyd edib ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə də görüşləri nəzərdə tutulub. Görüşdə ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və bir sıra digər məsələlər müzakirə mövzusu olacaq.

 

Qeyd edək ki, bu gün Monteneqronun xarici işlər naziri Milan Roçen Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə