Azərbaycan-İndoneziya əlaqələri müzakirə edilib

Azərbaycan-İndoneziya əlaqələri müzakirə edilib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, komitə sədri Əli Hüseynli qonaqları salamlayaraq bildirib ki, İndoneziya xalqı bizə dost, qardaş xalqdır. Bizi bir-birimizə milli-mənəvi dəyərlər birləşdirir. O, vaxtilə İndoneziyaya səfərini xatırladı, orada “Parlamentlər korrupsiyaya qarşı” adlı beynəlxalq konfransda iştirak etdiyini söyləyib. Səfər zamanı bu ölkənin demokratik dövlət kimi inkişaf etdiyinin şahidi olduğunu deyib.
Əli Hüseynli qeyd edbi ki, Azərbaycanla İndoneziya arasında siyasi, iqtisadi, mədəni əlaqələr mövcuddur. Bu münasibətlərin möhkəmlənməsində dövlət və hökumət rəsmilərinin, parlament nümayəndələrinin qarşılıqlı səfərlərinin xüsusi rolu var. O, rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verərək bildirib ki, komitə üzvləri həm peşəkar hüquqşünas olaraq qanun yaradıcılığı prosesində yaxından iştirak edir, həm də mötəbər beynəlxalq təşkilatlarda səmərəli iş aparırlar.
Deputatlar Elşən Musayev, Çingiz Qənizadə, Tahir Kərimli çıxış edərək parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, aparılan fikir mübadiləsinin qanunverici orqanlar arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu bildiriblər. Millət vəkilləri Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açıblar. Ölkəmizin problemin sülh yolu ilə həllinə çalışdığını, lakin beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini, torpaqlarımızın 20 faizinin hələ də işğal altında olduğunu bildiriblər.
İndoneziya Xalq Məşvərət Məclisi nümayəndə heyətinin rəhbəri Zainut Tauhid Saadi səmimi görüşə görə minnətdarlığını ifadə edib. Azərbaycanın sürətlə inkişaf edən, gözəl ölkə olduğunu söylədi, xalqımızın qonaqpərvərliyi barədə xoş təəssüratlarını dilə gətirib. Ölkələrimiz arasında bir çox oxşarlıqların olduğunu deyib. O, İndoneziyanın Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə böyük maraq göstərdiyini bildirib. Qonaq İndoneziya parlamentinin fəaliyyəti barədə məlumat verib.
Sonra İndoneziya Xalq Məşvərət Məclisinin digər üzvləri öz çıxışlarında ölkələrimiz arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini söylədilər. Təhsil, idman, turizm sahələrində əməkdaşlığın geniçləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar Azərbaycanın üzləşdiyi problemlə bağlı ölkə ictimaiyyətini məlumatlandıracaqlarını, Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini, münaqişənin sülh yolu ilə həlli üçün səy göstərəcəklərini bildiriblər.
Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani iştirak edirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə