Tapdıq Abbas: “Xalqımızın Prezident və Ordu ilə fəxr etdiyini görmək çox xoşdur” AÇIQLAMA

Tapdıq Abbas: “Xalqımızın Prezident və Ordu ilə fəxr etdiyini görmək çox xoşdur” AÇIQLAMA

“Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyinə həsr olunmuş hərbi parad olduqca möhtəşəm keçirildi”. Bunu SİA-ya açıqlamasında "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.

Onun sözlərinə görə, bu hərbi parad ilk növbədə Azərbaycan Ordusunun qüdrətinin həm dünyaya, həm də düşmənə nümayişi idi: “Hərbi parad bir daha Azərbaycan dövlətinin çox böyük hərbi qüdrətə və gücə malik olduğunu təsdiq etdi. Ermənistan bu paraddan sonra Azərbaycanın hansı böyük hərbi gücə malik olduğunu gördü və təbii olaraq belə bir gücün qarşısında dayana bilməyəcəyini də dərindən dərk etdi. Hətta demək olar ki, hərbi parad düşməni vahimələndirdi. Bu Ermənistan mətbuatından da aydın sezilir. Hərbi paradda ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin söylədiyi möhtəşəm nitqi dinlədikdən sonra, hər bir ölkə vətəndaşı kimi, mən də ölkəmizin hərbi gücü ilə bir daha fəxr etdim! Fəxr etdim ona görə ki, Ali Baş Komandanımızın qətiyyətlə, cəsarətlə - "Biz Xankəndinə, Şuşaya, işğal altında olan torpaqlarımıza mütləq qayıdacağıq!"- deməsi düşmənə açıq şəkildə ciddi xəbərdarlıq idi. Cənab Prezidentimizin qətiyyətli mövqeyi hər bir vətəndaşımız üçün çox böyük ruhlandırıcı amildir. Etiraf edək ki, Cənab Prezidentin son illər apardığı uğurlu daxili və xarici siyasət ölkəmizin hərbi qüdrətinin güclənməsinə səbəb olub, ölkəmizin beynəlxalq nüfuzunun artmasına gətirib çıxarıb. Hər bir ölkə vətəndaşının öz güclü Prezidenti və Ordusu ilə fəxr etdiyini görmək çox xoşdur”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə