“İnsanların sevincini yaşamaq bizim üçün xoş oldu” EKSKLÜZİV

“İnsanların sevincini yaşamaq bizim üçün xoş oldu” EKSKLÜZİV

“Ümumiyyətlə, “Bakı Metropoliteni” ASC-nin stansiyaları iki qrupa (yol davamiyyəti olan və olmayan qruplara) ayrılır. "Sahil" stansiyası yol davamiyyəti olmayan dərinözüllü stansiyadır. Dənizkənarı Milli Parkda dövlət əhəmiyyətli tədbirlər keçirilən zaman "Sahil" stansiyasını sərnişindaşımada digər stansiyalardan fərqlənir”. Bunu SİA-ya açıqlamasında "Bakı Metropoliteni" ASC-nin sədrinin müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, əgər adi hallarda 35 min sərnişin daşınırsa, həmin tədbirlər zamanı bu say 60-70 minə çatır: “Yəni bu stansiya çox önəmli rol oynayır. Ona görə də "Sahil" stansiyasının bugünkü gündə açılışının yay aylarına təsadüf etməsi öz sərnişinlərimiz üçün, Bakı metrosundan istifadə edən hər bir insan üçün, eləcə də şəhərimizin qonaqları üçün bir hədiyyədir. Bildiyiniz kimi 2017-ci ilin avqustun 21-də bu stansiya təmirə bağlanmışdı. Amma biz sərnişinlərin bu sıxlığını “28 May” stansiyasında hiss edirdik. Yəni bir stansiya normadan artıq yüklənmişdi. Elə düşünməyin ki biz stansiyanın tez bir zamanda açılışında maraqlı deyildik. Bizim üçün təhlükəsizlik, stansiyanın uzunömürlülüyü əsas idi. Məhz bu zamanın nəticəsi olaraq siz artıq yeni bir gözəlliyin şahidi olursunuz. Cənab Prezident İlham Əliyev stansiyanın açılışı etdikdən sonra insanlar "Sahil" stansiyasına daxil olarkən üzlərindəki sevinci gördük. Bu sevinci yaşamaq bizim üçün çox xoş oldu. Təbii ki, bunu sözlə ifadə etmək mümkün deyil.

"Sahil" stansiyasını təmir işlərindən sonra gözəl görkəm alıb. Stansiyada olan bütün texniki avadanlıqlar dəyişdirilib və yeniləri ilə əvəz olunub. Təmir-yenidənqurma işləri çərçivəsində istismar müddətini başa vurmuş "LT-3" tipli 3 eskalator sökülərək, əvəzinə Almaniyanın "Thyssen Krupp" şirkətinin istehsalı olan "Viktoriya Tube" tipli 4 yeni eskalator quraşdırılıb. Dərin özüllü stansiyaların xüsusiyyətləri nəzərə alınmaqla, konstruksiyasında bir sıra mühəndis-texniki yeniliklər edilmiş bu eskalatorlar ilk dəfə məhz Bakı metropolitenində tətbiq edilib. Üç eskalator əvəzinə dördünün tətbiq edilməsi isə bir giriş-çıxışı olan, həmçinin sərnişin sıxlığı ilə seçilən “Sahil” stansiyasında hərəkətin tənzimlənməsini daha operativ, təhlükəsiz və rahat təmin etməyə şərait yaradacaq”.

H.Məmmədov əlavə edib ki, hal-hazırda “Bakmil” stansiyasında böyük təmir-tikinti və quraşdırma işləri gedir: “Biz bu ilin oktaybr-noyabr aylarında “Xətai” stansiyasını təmirə bağlayacayıq. Təbii ki, orada da böyük işlər görüləcək. “Bakmil” stansiyası bizdə yeganə yerüstü stansiyadır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə