Türkiyə istədiyini aldı

NATO-nun Lissabon zirvə toplantısında uzun müddətdir ki, müzakirə olunan "Strateji anlayış" ilə bağlı anlaşma əldə olunub. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, blokun "Strateji anlayış"ı Türkiyənin 4 şərti nəzərə alınaraq təsdiq edilib. Sənəddə heç bir ölkə təhlükə olaraq göstərilməyib, raketdən müdafiə sistemi hərbi bloku bütünlüklə əhatə edib. Həmçinin NATO-Avropa Birliyi əməkdaşlığında Türkiyənin tam iştirakı təmin edilib.

 

Təşkilatın fəaliyyətinin yaxın 10 ilini istiqamətləndirəcək yeni "Strateji anlayış"ı aralarında Türkiyənin də olduğu 28 üzv ölkə təsdiqləyib. "Soyuq müharibə"dən sonra 3-cü dəfə dəyişən strategiya sənədində raketdən müdafiə sistemi təsdiqini tapsa da layihənin texniki detalları burada yer almayıb.

 

Çətin müzakirələrin keçəcəyi gözlənilsə də tarixi toplantıda uzlaşma çox tez əldə olunub. Buna görə də NATO-nun baş katibi Anders Foq Rasmussen gözlənilmədən jurnalistlərin qarşısına çıxıb. Əlindəki "Strateji anlayış" sənədini göstərən Rasmussen bunun adi bir sənəd olmadığını, blokun hərəkət planı olduğunun ifadə edib: "NATO üçün tarixi bir andır. NATO bənzəri olmayan sülh, təhlükəsizlik və ortaq dəyərlər cəmiyyətidir. Amma dünya dəyişir. Yeni təhlükələr və hədələrlə üz-üzəyik. Bu sənəd NATO üzvlərinin təhlükəsizliyini zəmanət altına alacaq".

 

İttifaqın yeni sənədində Türkiyəni təmin edən hissələr isə aşağıdakılardır:

 

Maddə 3: "Biz həmrəylik, ortaq hədəf çərçivəsində müdafiə olunmağa davam edəcəyik" ifadəsi əksini tapıb.

 

Maddə 4: Vaşinqton razılaşmasında əksini tapan və bir üzvə hücum olduğu halda bunun bütün üzvlərə edilmiş hesab ediləcəyi ifadə olunan 5-ci maddəyə istinad edilərək ümumi müdafiə təsdiqlənib. Müdafiə ittifaqın bütün sərhədlərini və əhalini əhatə edicək.

 

Maddə 16-Maddə 19 : Təhlükə olaraq heç bir ölkə adı vurğulanmayıb. Fransa İran və Suriya kimi ölkələrin təhlükə olaraq göstərilməsini istəsə də kütləvi qırğın silahlarına qarşı ittifaqın birlikdə mübarizəsi vurğulanıb. Rusiya ilə aktiv əməkdaşlıq ediləcəyi sənəddə əksini tapıb.

 

Maddə 32: Türkiyə Avropa Birliyi ilə əməkdaşlığı şərtlə təsdiqləyib. Sənədin təsdiqlənməsi zamanı ən uzun müzakirələr 32-ci maddə ilə bağlı olub. Türkiyə Kipr probleminə görə, AB-yə qarşı mövqeyini qoruyub. Sənədin mətninə AB və NATO arasında strateji ortaqlıq üçün "AB üzvü olmayan müttəfiqlərin tam iştirakı əhəmiyyətlidir" (Türkiyə-Malta-Norveç) ifadəsi yer alıb. NATO və AB-nin bir-birini tamamlayıcı və gücləndirici rol oynaya biləcəyi qeyd olunub.

 

"Strateji anlayış"da Rusiya ilə ortaqlıqla bağlı iki paraqraf ayrılıb və "NATO Rusiyadan bir təhlükə görməməkdədir" ifadəsi yer alıb. Sənəddə həmçinin "NATO nüvə silahlarından təmizlənmiş bir dünyanı hədəfləyir, bu bir daha təsdiq edir ki, nüvə silahları dünyada olduğu müddətdə NATO bir nüvə ittifaqı olaraq qalacaq" ifadəsi də işlədilib.

 

Raketdən müdafiə sistemi mövzusu isə ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın dövrünə (1981-1989) qədər uzanır. "Ulduz müharibələri" adlandırılan bu layihə ABŞ-ı raket hücumuna qarşı qoruyacaq bir sistemin inkişaf etdirilməsini hədəfləyib. İllər sonra prezident Corc Buş bu layihəni yenidən gündəmə gətirmiş və 2008-ci ildə NATO-nun Buxarest toplantısında müttəfiqlərinin də dəstəyini almışdı. Ancaq onun iqtidardakı ömrü layihəni tamamlamağa çatmayıb. Rusiya müdafiə sisteminin Polşa və Çexiyada yerləşdirilməsinə qarşı çıxıb. Obama isə layihədə köklü dəyişiklər edib, Obama mövzunu ABŞ çərçivəsindən çıxararaq NATO layihəsinə çevirib.

Bütün xəbərlər Facebook səhifəmizdə