Əli Kərimlinin müşavirinin məhkəmə prosesində ANS TV-nın keçmiş əməkdaşı şahid qismində dindirilib

Əli Kərimlinin müşavirinin məhkəmə prosesində ANS TV-nın keçmiş əməkdaşı şahid qismində dindirilib

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə AXCP sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev və digər 4 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində ANS TV-nın keçmiş əməkdaşı Axundov Hikmət İlham oğlu dindirilib. Təqsirləndirilən şəxslər Racu Mehrəliyev və Qabil Məmmədrzayevi tanıdığını deyən şahid ibtidai istintaqa verdiyi ilkin yazılı ifadəni təsdiq edib. Eyni zamanda hazırda məhkəməsi gedən cinayət işi ilə əlaqədar məlumatsız olduğunu bildirib.

 

Hakim Tamella Nəsrullayevanın zərərçəkən Ruqiyyə Məmmədovanın məhkəmə prosesinə çağırılması tələbindən sonra proses noyabr ayının 26-na təxirə salınıb.

 

İttihama görə, 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvanına basqın olub. Basqın edən şəxslər - Elnur Mirzəliyev, Hüseyn Qurbanov və Racu Mehrəliyev evdə olan azyaşlılar Əmir Kərimlini və onun sinif yoldaşı Qədir Azadlını tapança ilə hədələyib, əl-qolunu bağlayaraq mənzildə axtarış aparıblar. Onlar evdən 200 min dollar və qızıl-zinət əşyaları aparıblar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb.

 

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə