"Naxçıvanda baş verənlər vəziyyətin gərgin olduğunu göstərir" AÇIQLAMA

"Naxçıvanda baş verənlər vəziyyətin gərgin olduğunu göstərir" AÇIQLAMA

“Naxçıvanda Ermənistan tərəfindən həyata keçirilən təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması, vəziyyətin gərgin olduğunu göstərir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, Ermənistan tərəfi təxribatlardan əl çəmir, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və beynəlxalq hüquq normaları çərçivəsində həllinə cəhd göstərmir: “Digər tərəfdən də düşmən ölkədə yeni təyin olunan XİN başçısının cəbhə xəttinə gəlməsi və orada Azərbaycanın mövqeləri ilə bağlı fikir bildirməsi ümumiyyətlə diplomatiyada yol verilməz bir haldır. Bunun özü göstərir ki, hakimiyyət müharibəyə köklənib və Azərbaycanın ərazi bütövlüyünü tanımaq fikrində deyil”.

A. Mirzəzadə qeyd edib ki, yeni hakimiyyətin indiyə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyinin olmaması və məsələni primitiv formada şərh etməyə çalışması vəziyyətin ən mürəkkəb hissəsi sayıla bilər. Azərbaycan bu vəziyyətdə hansı addım atacağını ciddi şəkildə götür-qoy etməlidir”.

Xatırladaq ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə