SAM-da “Xəzər enerjisinin Avropa istiqaməti” mövzusunda dəyirmi masa keçiriləcək

SAM-da “Xəzər enerjisinin Avropa istiqaməti” mövzusunda dəyirmi masa keçiriləcək

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Trans-Xəzər siyasi platformasının birgə təşkilatçılığı ilə "Xəzər enerjisinin Avropa istiqaməti" mövzusunda dəyirmi masa keçiriləcək. SAM-dan SİA-ya verilən məlumata görə, tədbirdə Rumıniya Xarici İşlər Nazirliyinin Enerji təhlükəsizliyi məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Mihnea Konstantinesku "Müdrik əməkdaşlıqda fərasətli investisiyaların zamanı", Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia "Avropa İttifaqının enerji təhlükəsizliyi", "Avropa Təhlükəsizliyi" jurnalının baş redaktoru və Atlantik Şurasının (Atlantic Council) Enerji və ətraf mühit proqramının direktoru Kevin Rozner (Böyük Britaniya) "Enerji Təchizatının təhlükəsizlik yönünün hesablanması: Avropa-Xəzər Enerji həlqəsini necə funksional və etibarlı etmək olar", "Shell" kompaniyasının Orta Asiya regionu üzrə keçmiş icraçı direktoru Neyl Karmişel (Böyük Britaniya) "Xəzər regionunda enerji təchizatının artımı: mənbələr və istiqamətlər", BP şirkətinin Xəzər Qaz Marketinq İdarəsinin meneceri Breyn Hanter (Brüssel) "Şah Dəniz-2 layihəsinin mövcud durumu", Beynəlxalq Enerji Agentliyinin Qlobal Enerji Dialoqunun Xəzər-Qara dəniz regionları üzrə rəhbərliyinin proqram meneceri Tim Quld isə "Avropa-Xəzər enerji sahəsində əməkdaşlığı 2035-ci ildə: Beynəlxalq Enerji Agentliyinin 2010-cu ildəki nöqteyi-nəzərindən perspektivləri" mövzusunda məruzələrlə çıxış edəcəklər.

 

Dəyirmi masada Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı rol, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri məsələləri, Xəzər-Cənubi Qafqaz regionunun müasir geosiyasəti, regional əməkdaşlıq məsələləri, ölkəyə yeni sərmayələrin cəlb olunması, işgüzar əməkdaşlığın möhkəmləndirilməsi və digər məsələlər ətrafında geniş müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə