Paşinyan baş nazir seçildi, bəs sonra..? ANALİTİK

Paşinyan baş nazir seçildi, bəs sonra..? ANALİTİK

Ermənistanın taleyi hələ də sual altında qalmaqdadır

Ermənistanda bir aydan artıq müddətdir ki, davam edən “məxməri inqilab” nəticə etibarı ilə “Çıxış” blokunun lideri Nikol Paşinyanın baş nazir seçilməsi ilə nəticələndi. Söz yox ki, qısa zaman kəsimində cərəyan edən prosesləri bir daha təhlil edərsək, biz burada Qərb və Rusiya qarşıdurması açıq şəkildə müşahidə edə bilərik. Lakin məsələnin daha bir tərəfi də budur ki, aclıq və səfalət içində boğulan Ermənistanın taleyi hələ də sual altında qalmaqdadır.

Vladimir Putin və Dmitri Medvedev Paşinyana ünvanladıqları təbrik teleqramlarında nəyə eyham vurdular?

Xüsusilə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində yeni baş nazirin mövqeyi bəlli deyil və onun işğalçılıq siyasətini davam etdirəcəyi halda ölkəsi bir sıra regional və beynəlxalq layihələrdən təcrid olunmuş vəziyyətdə qalmağa davam edəcək. Əgər, Paşinyan hadisələrə dolğun qiymət verməklə, həqiqətən də erməni xalqının xilasını düşünən biri olacaqsa, yəni sağlam düşünməyi bacararsa, sözügedən problemin həlli istiqamətində yeni və sülh meylli siyasət quracaqsa, bu zaman Ermənistan xəritədən silinmək təhlükəsindən qurtulmağı bacaracaq.

Lakin ortada digər ilginc detallar da mövcuddur ki, bu da baş nazir postuna seçilər-seçilməz Rusiyanın prezidenti Vladimir Putinin və bu ölkənin baş naziri Dmitri Medvedevin Paşinyana ünvanladıqları teleqramları və bu teleqramlarda qeyd edilən ifadələridir. Rusiya Federasiyasının hər iki siyasi lideri erməni baş nazirə Avrasiya İqtisadi İttifaqında, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iş birliklərini davam etdirməyə yönəlik sözləridir, daha dəqiq desək, dolayı yolla sərgilədikləri təhdidləridir.

Qərb Ermənistana nə isə verə biləcəkmi?

Ümumiyytətlə, bu məktubların məzmunundan çox rahatlıqla qənaətə gəlmək olar ki, “məxməri inqilab” başlayan dövrdən Paşinyanı dəstəkləyən erməni ictimaiyyəti başda Rusiya prezidenti və onun siyasi çevrəsi olmaqla, hər kəsi özlərinə düşmən hesab ediblər. O zamana qədər ki, artıq rəsmi Moskva uzun illər forpostu kimi istifadə etdiyi Ermənistana müəyyən vasitələrə hədə-qorxu gəlməyə başladı. Xüsusilə, Rusiyanın siyasi ruporları Ermənistandakı xalq etirazını tənqid, hətta təhqir hədəfinə aldılar, üstəlik daha öncəki hakimiyyətdəki adamlarını Kremlə dəvət edərək, sona qədər Paşinyana qarşı müqavimət göstərilməsi vacibliyini bildirdilər. Artıq istefa vermiş Serj Sarkisyan komandasının - baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanın, Nalbəndyanın və s. hakim Respublika partiyasının digər “ağır çəkili” adamlarının “məxməri inqilab” dövründə ard-arda Rusiyaya getmələri də belə deməyə əsas verir. Ancaq açıq desək, Qərb bu məsələdə Rusiyaya qalib gəldi və Nikol Paşinyanın qələbəsi də belə düşünməyə zəmin yaradır. Lakin bu andaca növbəti sual meydana çıxır - Qərb Ermənistana nə isə verə biləcəkmi? Əslində, son illər Ukraynada və s. ölkələrdə Qərb siyasətinin uğur qazanmadığının da şahidləri olmaqdayıq. Misal üçün, Ukraynanın sabiq prezidenti Kuçmadan üzü bu yana – Yuşşenkodan Poroşenkoya qədər zaman aralığını xatırlasaq, uzun illərdir siyasi böhranda çabalayan Ukrayna kimi nəhəng ölkənin “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası” kimi separatçı “ölkələrə” parçalanmasını, Krımın ilhaqını görə bilərik. Üstəlik, Qərbin bu ölkəyə gətirdiyi “demokratiyanın” üzərində Rusiya buludlarının qaldığını da qeyd edilən faktlarla isbatlaya bilərik.

Əks halda, Ermənistan Azərbaycanı qarşısında görməli olacaq və nəinki işğal etdiyi Qarabağı, eləcə də üzərində “Ermənistan” qurulmuş tarixi Qərbi Azərbaycan torpaqlarını da itirməli olacaq

Bu gün Ermənistanın köhnə, yaxud təzə siyasi cameəsi ölkələrinin Azəraycana qarşı işğalçılıq siyasəti yürütməsi faktını nə qədər inkar etsələr belə, çox yəqin ki, dərk edirlər. Lakin bu ölkənin tarixi Qərbi Azərbaycan torpaqları üzərində qurulması faktı səslənərkən, onlar həyəcan təbili çalmağa başlayırlar. Çünki qarşılarında güclü və qüdrətli Azərbaycan Ordusunun dayandığını anlayırlar. 2016-cı ildə baş vermiş Aprel savaşında işğal etdikləri ərazilərin və strateji yüksəkliklərin itirilməsindən sonra bu faktor erməni siyasi-ictimai rəyində daha çox qabardılmağa başladı. Beləliklə, zəif, siyasi böhran və tənəzzül dövrünü yaşayan işğalçı ölkə və bu ölkənin sükanını ələ keçirmiş N.Paşinyan reallıqdan çıxış edib doğru nəticələr çıxarmağı bacararsa, ən azından, işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətində planlarını qurarsa, bu zaman Ermənistanın çoxsaylı böhranlardan çıxmasına müəyyən şanslar yarana bilər. Yox, əgər işğalçılıq siyasəti Paşinyan hakimiyyətində də davam edərsə, onda bu gün Rusiyanı istər dolayısı, istərsə də birbaşa düşmən elan edən Ermənistan paralel olaraq, Azərbaycanı da qarşısında görməli olacaq və nəinki işğal etdiyi Qarabağı, eləcə də üzərində “Ermənistan” qurulmuş tarixi Qərbi Azərbaycan torpaqlarını da itirməli olacaq.

Paşinyan bel çantasını və başına qoyduğu beysbolkasını qarşısına qoyub dərin düşünməlidir

Bütün bu kimi siyasi amilləri nəzərə almalı olan Paşinyan Rusiyanın prezidenti və baş nazirinin necə deyərlər, eyham vurulan teleqramları üzərində də düşünməli, qərar verməlidir. Lakin hər iki mənada onun uduzan tərəf olacağını da proqnozlaşdırmaq mümkündür. Əgər ermənilərin yeni baş naziri Rusiya ilə istər sözdə, istərsə də əməldə özünün dediyi kimi strateji müttəfiqliyini davam etdirəcəksə, Ermənistanda yeni oliqarxiya sistemi yaranacaq və bu gün Yerevanın mərkəzi meydanında sevinclərini bölüşən kütlə ona qarşı çevriləcək. Yox, Rusiyadan imtina ediləcəksə, Paşinyan əmin olmalıdır ki, ölkəsi parçalanacaq və xəritədən silinəcək. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, onun qarşısında güclü orduya və iqtisadiyyata malik olan Azərbaycan reallığı da dayanacaq. Ona görə də Paşinyan bu və ya digər hallarda etiraz dalğası boyunca gəzdirdiyi “məxməri inqilab” atributlarını - bel çantasını, eləcə də başına qoyduğu beysbolkasını qarşısına qoyub dərin düşünməlidir. Artıq o, buna məhkumdur...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə