Bakıda Azərbaycan Konstitusiyasının 15 illiyinə həsr olunmuş konfrans keçirilir - TƏDBİR

Bakıda Azərbaycan Konstitusiyasının 15 illiyinə həsr olunmuş konfrans keçirilir - TƏDBİR
Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş "İnsan hüquq və azadlıqlarının müdafiəsinin konstitusiya mexanizmləri" mövzusunda konfrans keçirir. SİA-nın xəbərinə görə, konfransı Konstitusiya Məhkəməsi Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Avropa Şurası Venesiya Komissiyası və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birlikdə təşkil edib. Tədbirdə bir sıra xarici ölkələrin konstitusiya məhkəmələrinin sədr və hakimləri, habelə Azərbaycan Respublikasının dövlət qurumlarının və hüquq ictimaiyyətinin nümayandələri iştirak edirlər.

Konfrası giriş sözü ilə açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkə konstitusiyasının keçdiyi tarixə nəzər salıb. O bildirib ki, Azərbaycanda məhkəmə və hüquq sahəsində islahatlar əsasən ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanılıb. F.Əliyev vurğulayıb ki, ölkədə Konstitusiya Məhkəməsinin yaradılmasında ümummilli lider Heydər Əliyevin böyük əməyi və müstəsna xidmətləri var: "Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb".

Daha sonra o, ictimai həyatda Konstitusiyanın formalaşmasını əsas amillərdən biri hesab edib. Məhkəmə sədri insan hüquq və azadlıqlarının təmin edilməsində konstitusiyanın əhəmiyyətinə toxunaraq vurğulayıb ki, məhz konstitusiyanın ən böyük bölməsi insan hüquq və azadlıqlarının təmin edilməsinə ayrılıb.

"15 il ərzində Azərbaycanın Konstitusiyası tam formalaşıb və ictimai həyatda əsas amillərdən birinə çevrilib. Xüsusən də dövlət tərəfindən vətəndaşların şəxsiyyətinin hüquqi formada təkamülü üçün Konstitusiyaya daha çox önəm verilir", - deyə o əlavə edib.

Azərbaycanda konstitusiya nəzarəti institutlarının formalaşması və cəmiyyətdə inteqrasiyasının xüsusi önəmi olduğunu bildirən Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bu istiqamətdə, yəni konstitusiya nəzarəti institularının insan hüquq və azadlıqlarının qorunmasında xeyli iş gördüyünü bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan konstitusiyası insan hüquq və azadlıqlarının qorunmasında xüsusi işlər görür: "Bugünki konfrans hüquqi təbliğatdır, hüquqi təbliğat isə hüquqi nailiyyətdir. Hüquqi nailiyyət isə inkişaf deməkdir. Bu zəmində hüquqların qorunmasında Azərbaycan Respublikasının Konstitusiyası xüsusi çəkiyə malikdir. Bir sözlə, konstitusiya - dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasları təsbit edir".

Daha donra çıxış edən Avropa Şurası Venesiya Komissiyasının nümayəndəsi Tanya Qervyen qurumla Azərbaycan arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. O bildirib ki, Venesiya Komissiyası tərəfindən Azərbaycana tövsiyə olunan bütün müddəalar yüksək səviyyədə yerinə yetirilir: "Ümidvaram ki, yüksək səviyyəli əməkdaşlıq bundan sonra da inkişaf edəcək və həyata keçirilən birgə əməkdalıq Azərbaycan Respublikası Konstitusiyasının təkmilləşməsinə öz köməkliyini göstərəcək"

Beynəlxalq Hüquqşünaslıq İttifaqının sədri Andrey Drebkov isə çıxışında gənc demokratik dövlət olan Azərbaycanda 15 il ərzində konstitusiyanın inkişafını yüksək dəyərləndirib. O qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması yüksək dərəcədə təmin olunub: "Bu fikir Azərbaycan Respubliaksının Konstitusiyasında göstərilən müddəalarla tanışlıqdan sonra formalaşdı. Çünki konstitusiyada insan hüquq və azadlıqlarına çox mühüm yer verilib. Bunu da demokratik dəyərlərin və insan hüquqlarının yüksək göstəricisi kimi qiymətləndirmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə