"AŞPA-nın şantaj xarakterli “hesabatı”nda yer alan mülahizələr subyektiv fikirlər üzərində qurulub"
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) 1974-cü ilədək Məsləhətçi Assambleya adlanıb. Adı dəyişdikdən sonra da funksiyaları dəyişməyib. Yəni, hazırda AŞPA yenə də məsləhətçi assambleya funksiyasını yerinə yetirir. Bu baxımdan, AŞPA-nın hazırkı fəaliyyəti onun funksiyaları ilə qətiyyən üst-üstə düşmür. Belə ki, adıçəkilən məsləhətçi orqan hazırda az qala bütün milli və beynəlxalq strukturların funksiyalarına sahiblənmək iddiası ilə çıxış edir. Hətta Avropa İnsan Haqları Məhkəməsi belə AŞPA qədər iddialı deyil.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib. Ekspert qeyd edib ki, AŞPA hansısa naməlum və konkret faktla təsbit olunmayan iddialara əsaslanaraq bu və ya digər ölkə ilə bağlı məsələni təftiş edir, yəni, istintaq aparır və sonra da özünün apardığı istintaqın nəticələrinə uyğun olaraq “hökm” çıxarır. Belə mexanizmlər yalnız feodal Avropasında, inkvizisiya dönəmində olub. Avropa Şurasının Parlament Assambleyası özünü, sözün həqiqi mənasında, inkvizisiya məhkəməsi kimi aparır.
Elçin Mirzəbəyli deyib ki, AŞPA-nın Azərbaycanla bağlı son “hesabatı”na gəldikdə, bu qərəzli sənəddə yer alan mülahizələr yalnız subyektiv fikirlər və ehtimallar üzərində qurulub. Məsələn, qurumda təmsil olunan deputatlardan hansısa biri təsəvvür edib ki, Azərbaycan təmsilçiləri ona rüşvət təklif edirlər, yaxud ağıllarından bu barədə fikir keçir. Bu cür ehtimallar və fərziyyələr üzərində məhkəmələr isə yalnız inkvizisiya dövründə mümkün idi.
Ekspert vurğulayıb ki, rüşvət və korrupsiya dünyanın hər yerində olduğu kimi, Avropada da cinayət əməli sayılır. Əgər AŞPA üzvü olan deputatlardan hər hansı biri ona rüşvət təklif edildiyini düşünürdüsə, o zaman hadisənin baş verdiyi ölkənin hüquq mühafizə orqanlarına müraciət etməli və faktı rəsmiləşdirməli idi. Amma göründüyü kimi, belə faktlar yoxdur. İttihamlar yalnız ayrı-ayrı şəxslərin subyektiv fikirləri, ehtimalları üzərində qurulub.
“Əslində, bu “hesabat”da Azərbaycanın lobbiçilik fəaliyyəti ilə bağlı olan bəzi məqamlara diqqət yetirilərsə, onun tam mahiyyəti ortaya çıxa bilər”, - deyən siyasi ekspert hesabatdakı bir fikri diqqətə çatdırıb: “Azərbaycan hakimiyyəti işi o səviyyəyə gətirmişdi ki, hətta parlamentin iclasında az-az iştirak edənlər Azərbaycanla bağlı məsələ olduqda iclasa qatılırdı və Azərbaycanın lehinə səs verirdi”. Bu məsələyə aydınlıq gətirən müsahibimiz vurğulayıb ki, bu, əslində Azərbaycanın lobbiçilik fəaliyyətini yaxşı qurmasının etirafıdır. Sual olunur, Azərbaycanın lobbiçilik fəaliyyəti nəyə xidmət edir? Şübhəsiz ki, işğalçı Ermənistanın öz adı ilə çağırılmasına, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ifşa olunmasına, aqressiv separatizmin və terrorizmin qətiyyətlə pislənilməsinə, münaqişələrin həllinin tezləşdirilməsinə və s. Yəni, Azərbaycanın lobbiçilik fəaliyyəti beynəlxalq hüququn prinsiplərinin AŞPA müstəvisində dəstəklənməsinə, Avropa Şurası məkanında təhlükəsizliyə təhdid yaradan amillərin aradan qaldırılmasına xidmət edir. Bu fəaliyyət isə beynəlxalq hüququn prinsiplərinin qorunmasında, terrorizmə, separatizmə qarşı mübarizədə maraqlı olan bütün dövlətlərin mənafeyinə uyğundur, əlbəttə, Ermənistan və onu himayə edən qüvvələr istisna olmaqla. Əgər Azərbaycanın lobbiçilik fəaliyyəti kimlərisə narahat edirsə, bu, o deməkdir ki, onlar Ermənistan və bu işğalçı ölkə vasitəsilə Cənubi Qafqazda hərbi-siyasi mövcudluğunu qorumağa çalışan, terrorizmə və aqressiv separatizmə dəstək verən dairələr tərəfindən satın alınıblar.
Ekspertin fikrincə, bu “hesabat”ın ortaya atılması Azərbaycana qarşı payızda gerçəkləşməsi planlaşdırılan təxribat kampaniyalarının seçkilərin ertələnməsi səbəbindən fiaskoya uğraması və Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaqla ölkəmizi özündən asılı salmağa çalışan qüvvələrin öz arzularına çatmaması ilə bağlıdır. Digər tərəfdən, bu “hesabat”ın Ermənistanda hakimiyyət boşluğu yarandığı bir dövrdə qəbul edilməsi də maraq doğurur. Əslində, Ermənistanda baş verən hadisələrin mahiyyətinə diqqət yetirilərsə, Sarkisyan və komandasının iflasa uğraması bu ölkədə sonuncu parlament seçkilərinin nəticələrinin total şəkildə saxtalaşdırılmasının sübutudur. Əgər seçkilərdə rəsmi olaraq 7,78 faiz səs toplayan fraksiyanın sadəcə 1 təmsilçisi seçkilərdə 57 faiz səs toplayan hakim koalisiyanın təmsilçisini istefaya göndərə bilirsə, bütövlükdə Respublika partiyasının hakimiyyətdən getməsi üçün bütün xalq ayağa qalxırsa, bu, o deməkdir ki, həmin xalq Respublika partiyasına səs verməyib. AŞPA göz önündə olan bu fakta diqqət yetirmir və Ermənistandakı seçkini “demokratik” adlandırır. Bu da həmin beynəlxalq təşkilatın nüfuzunu zədələyir.
Ekspert vurğulayıb ki, bu qurum artıq xeyli müddətdir qlobal və regional proseslərdə geosiyasi təzyiq aləti funksiyasını yerinə yetirir. Bu qurumun sonuncu “hesabat”ı isə şantaj xarakterlidir və Azərbaycanın leqal lobbiçilik fəaliyyətinin qarşısının alınmasına yönəldilib. “Hesabat”ı hazırlayanlar və qəbul etdirənlər rəsmi Bakı ilə əməkdaşlıq edən, erməni işğalını pisləyən, aqressiv separatizmə və terrorizmə qarşı açıq mübarizə aparan, azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini etiraf edən bütün beynəlxalq təşkilatları, ölkələri və parlamentariləri şantaj edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB