Azərbaycan Ordusu erməni işğalçılarına bu dəfə “Polonez” rəqsini oynadacaq
Silahlı Qüvvələrimiz güclü ordular sırasında daha 6 pillə yüksəldi
Azərbaycan hərbi güc reytinqində 136 dövlət arasında 53-cü yeri tutur. SİA xəbər verir ki, bu barədə “Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) təşkilatının dərc edilmiş hesabatında qeyd olunub.
Belə ki, Azərbaycan ötən illə müqayisədə öz mövqeyini möhkəmləndirib və 59-cü yerdən 53-cü yerə qədər 6 pillə irəliləyib. Qeyd edək ki, işğalçı Ermənistan reytinq cədvəlinin austsayderləri sırasında – 84-cü yerdə qalmaqdadır.
Bu arada onu da qeyd etmək olar ki, Azərbaycan Ordusunun malik olduğu silah potensialı günü-gündən gücləndirilir. Bununla bağlı erməni mediası da təlaşa düşüb. Misal üçün, Ermənistanın largir.am saytında gedən “Bakı “Polonezi seçir” başlıqlı yazıda Azərbaycanın silah arsenalının gücləndirildiyi yazılıb. (Link burada: http://www.lragir.am/index/rus/0/comments/view/62262)
Artıq Silahlı Qüvvələrimizin istifadəsinə növbəti arsenal – Belarus dövlətinin hərbi sənayesinin istehsal etdiyi “Polonez” raket kompleksləri daxil olacaq. Bununla bağlı Rusiyanın nüfuzlu “Kommersant” qəzeti yazır. Nəşrdə qeyd edilir ki, bu il ərzində Belarus “Polonez” reaktiv yaylım atəşi sistemlərinin ixracına dair ilk müqavilənin yerinə yetirilməsinə başlayacaq. Müqavilə çərçivəsində 10 “Polonez” kompleksinin ixracı nəzərdə tutulur, alıcı isə Azərbaycandır.
“Polonez” kompleksləri ilk dəfə 2015-ci ildə Minskdə hərbi parad zamanı nümayiş etdirilib
Qeyd edək ki, “Polonez” raket komplekslərinin ilk ixrac partiyasının bu il ərzində müştəriyə çatdırılacağı barədə “Kommersant”a Belarus Müdafiə Nazirliyinə yaxın qaynaq bildirib. Mənbə deyib ki, ilk ixrac müqaviləsinə əsasən sifarişçiyə 10 kompleks çatdırılacaq. Bura raketlər, nəqliyyat-doldurucu maşınlar, idarəetmə məntəqəsi, radiolokasiya stansiyası və s. daxildir.
Mənbənin sözlərinə görə müqaviləyə dair hüquqi sənədlər final mərhələsindədir, müştəri isə “öz maliyyə məsələlərini həll edib başa çatdırmaq üzrədir”. Mənbə əlavə edib ki, söhbət Belarus tərəfdən ayrılan kreditdən getmir. Yəni sifarişçi raketləri öz puluna alır. Mənbə sifarişçi açıqlamaq istəməyib. Amma Rusiyanın müdafiə sənayesi müəssisəsinin iki top-meneceri bildirib ki, söhbət Azərbaycandan gedir. “Kommersant” həmçinin xatırladır ki, Azərbaycan müdafiə naziri Zakir Həsənov ötən il Belarusda səfərdə olub və “Polonez” komplekslərinə baxış keçirib. Müdafiə naziri yaxın vaxtlarda yenidən Minskə səfər etməyə hazırlaşır.
Xatırladaq ki, “Polonez” kompleksləri ilk dəfə 2015-ci ildə Minskdə hərbi parad zamanı nümayiş etdirilib. Daha sonra raketlər poliqonda uğurla sınaqdan keçirilib və 450 kiloqramlıq döyüş başlığına malik raketlər 300 kilometr məsafədə hədəfi 10-20 metr dəqiqliklə vurub. Beləliklə, Çinin A-200 raketləri ilə təchiz edilən, Belarus hərbi sənayesinin idarəetmə sistemi ilə hədəfə yönləndirilən “Polonez” kompleksləri yüksək dəqiqlikli silah sistemi kimi özünü doğruldub.
Ermənistanın malik olduğu 4 “İsgəndər” kompleksi eyni vaxtda maksimum 8 raket buraxa bilərsə Azərbaycanın əldə edəcəyi 10 “Polonez” kompleksi 80 belə raketlə eyni vaxtda zərbə endirməyə imkan verəcək
Qeyd edək ki, Azərbaycan silahlı qüvvələrinin kvaziballistik trayektoriya ilə hərəkət edən, raket əleyhinə sistemlər tərəfindən tutulmayan və 300 kilometr radiuslu raketlərə tələbatı Rusiyanın 2016-cı ilin aprel döyüşlərindən sonra işğaıçı Ermənistana 4 “İsgəndər” operativ-taktiki raket kompleksi verməsindən sonra yaranıb. Bu raketləri alandan sonra işğalçı ölkənin rəhbərliyi, eləcə də hərbi ekspertləri hər addımda lovğalanaraq guya Azərbaycanla hərbi tarazlığa nail olduqlarını iddia edirdilər. Lakin Azərbaycan Belarusdan daşıdığı raketlərin sayına, eləcə də atəş gücünə görə, “İsgəndər” komplekslərindən daha üstün olan 10 “Polonez” kompleksi alacaq. Belə ki, bir “Polonez” kompleksi hər biri 450 kiloqram döyüş başlıqlı 8 raket daşıyır. Müqayisə üçün “İsgəndər” kompleksi hər biri 500 kiloqram döyüş başlıqlı cəmi iki raketə malikdir. Yəni indiki halda Ermənistanın malik olduğu 4 “İsgəndər” kompleksi eyni vaxtda maksimum 8 raket buraxa bilərsə Azərbaycanın əldə edəcəyi 10 “Polonez” kompleksi 80 belə raketlə eyni vaxtda zərbə endirməyə imkan verəcək. Necə deyərlər, erməni işğalçılarının təxribatları olarsa, Azərbaycan Ordusu bu dəfə onlara daha sarsıdıcı zərbə vuraraq, onlara “Polonez” rəqsini oynadacaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB