ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq parlament seçkilərinə dair açıqlama verib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq parlament seçkilərinə dair açıqlama verib. SİA-nın xəbərinə görə, A.Sterlinq bildirib ki, səfirliyin 31 əməkdaşı Bakıda və bölgələrdə keçirilən seçkiləri müşahidə edir. Onun sözlərinə görə, 45 amerikalı isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları üzrə Bürosunun missiyasında iştirak edir: "ABŞ bugünki seçkiləri çox maraqla izləyir. Dövlət katibi Hillari Klinton hələ Bakıya səfəri zamanı qeyd etmişdi ki, ABŞ demokratik ölkələrlə ən güclü əməkdaşlığa malikdir. ABŞ hökuməti inanır ki, Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafı ABŞ-la Azərbaycan arasında əlaqələrin dərinləşməsinə, Azərbaycanda aparılan demokratik və iqtisadi islahatların inkişafına ən yaxşı zəmanət verəcək".

Daha sonra ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq qeyd edib ki, parlament seçkiləri ilə bağlı yekun bəyanat sabah Vaşinqtonda açıqlanacaq.

A.Sterlinq M.Brayzanın Azərbaycana səfir təyin olunması ilə bağlı sualı isə cavablandırmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə