Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini İşərişəhərlə tanış olub

Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini İşərişəhərlə tanış olub
Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini, şahzadə Xalid bin Səud bin Xalid Əl Səudun başçılıq etdiyi nümayəndə heyəti İçəri Şəhər ərazisi ilə tanış olub. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbaut xidmətindən SİA-ya verilən xəbərə görə, qonaqlara Qoruğun Konservasiya üzrə Master Plan əsasında aparılan abadlaşdırma və restavrasiya işləri barədə məlumat verilib.

İçəri Şəhər ərazisində gəzinti yeni bərpa olunan "Kiçik Karvansara" abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – "İncəsənət Bağı"nda sərgilənən rəsm əsərlərinə tamaşa edən qonaqlar Cümə məscidində və Şirvаnşаh I Хəlilullаh tərəfindən Bаkı sаkini Qаsım bəyin istifаdəsinə vеrilən, XV əsr abidəsi olan İkimərtəbəli Karvansarada olub.

Nümayəndə heyətinə əzəmətli görüntüsü, ucalığı və xarici görkəmi ilə Abşeronun, eləcə də Azərbaycanın müdafiə istehkamları içərisində diqqəti cəlb edən Qız Qalası barədə ətraflı məlumat verilib. Gəzinti zamanı həmçinin Sıratağlı dini-memarlıq kompleksi ("Bazar Meydanı") ərazisində Avstriyalı mütəxəssislərin hazırladığı layihə əsasında, ən müasir beynəlxalq tələblərə uyğun şəkildə yenidən təşkil olunmuş daş ekspozisiya ilə tanış olub.

Sonra ölkəmizin Mərkəzi Asiya və Hindistanla qədim iqtisadi əlaqələrinin mövcud olmasının göstəricisi olan Buxara və Multanı karvansaraları haqqında informasiya qonaqların diqqətinə çatdırılıb. Gəzinti Qoşa Qala Qapıları meydanı və burada yerləşən binalar barədə maraqlı tarixi məlumatlar verilməsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə