İstifadə müddəti bitən şəxsiyyət vəsiqələri ilə də səs vermək mümkün olacaq - TƏDBIR
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk olaraq Azərbaycan Respublikasının vətəndaşlarının seçkilərdə şəxsiyyət vəsiqələrindən istifadəsi ilə bağlı məsələyə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, vətəndaşlara Azərbaycan Respublikasının Konstitusiyası ilə verilən seçmək və seçilmək hüququ daha üstün tutulmalıdır və imzatoplama kampaniyasında yaradılan imkanlar seçki prosesinin sonrakı mərhələlərində, eyni zamanda seçkilər günündə də təşkil edilməlidir. Bununla bağlı qərar layihəsinin hazırlandığını deyən MSK katibi qeyd edib ki, layihədə istifadə müddəti bitən şəxsiyyət vəsiqələrindən də səsvermə zamanı istifadəsi nəzərdə tutulur. Qərar MSK üzvləri tərəfindən yekdilliklə qəbul olunub.
İclasda MSK-ya daxil olmuş şikayətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, baxılan bütün müraciətlər yenidən baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.
Daha sonra MSK nəzdində Mətbuat Qrupunun rəhbəri Azər Tağıyev çıxış edərək 29 saylı Səbail Seçki Dairəsi üzrə Milli Məclis üzvlüyünə namizədliyi qeydə alınmış Fuad Muradovun etdiyi müraciətlə bağlı məlumat verib. Müraciətin Mətbuat Qrupunda müzakirə edildiyini deyən A.Tağıyev bildirib ki, F.Muradov müraciətində 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa digər namizəd Həsən Kərimovun ("AXCP-Müsavat" seçki bloku) təşəbbüsü ilə "Azadlıq" qəzetində onun əleyhinə yazılar dərc olunduğunu qeyd edib. Hər iki namizədlə söhbət edildiyini deyən MSK üzvü vurğulayıb ki, H.Kərimov F.Muradovun iddiaları ilə razılaşmayaraq yazıların onun təşəbbüsü ilə çap olunmadığını dilə gətirib. Aparılan araşdırmalarla bağlı məlumat verən A.Tağıyev diqqətə çatdırıb ki, "Azadlıq" qəzetinin ümumiyyətlə seçki təşviqatını aparmaq hüququ yoxdur: "Qanuna görə, təşviqat prosesində iştirak etmək istəyən KİV-lər bir ay əvvəl MSK-ya bildiriş təqdim etməlidirlər. "Azadlıq" qəzeti isə bunu etməyib və belə olan halda təşviqat prosesinə qoşulmaqla ciddi qanun pozuntusuna yol verib. Məsələnin Mətbuat Klubunda müzakirəsindən sonra iki təklif səsləndi. Birinci təklif İctimai Televiziyanın nümayəndəsi tərəfindən səsləndi. O, təklif etdi ki, qəzetə sərt sanksiyalar tədbiq olunsun. MSK-nın mətbuat katibi Azər Sarıyevin təklifi belə oldu ki, məsələ MSK-da müzakirə olunsun. Səsvermədə birinci təklif daha çox səs topladı. Mən özüm də daha loyal qərarın qəbul olunmasının tərəfdarı olardım". MSK-da aparılan müzakirələrdən sonra isə F. Muradovun şikayətinin müvafiq seçki dairəsinə göndərilməsi ilə bağlı qərar qəbul edilib.
Sonda çıxış edən MSK sədri Məzahir Pənahov bu günə qədər parlament seçkilərini müşahidə etmək istəyən 1016 beynəlxalq müşahidəçinin müraciət etdiyini və bütün müraciətlərin müsbət cavablandırıldığını deyib. Ölkə üzrə qeydə alınan müşahidəçilərin sayının 3466 olduğunu bildirən MSK sədri konkret seçki dairələri üzrə bu rəqəmin 42494 olduğunu diqqət çatdırıb. O, ümumilikdə müşahidəçilərin sayının təxminən 46 min olduğunu deyib.
MSK sədri parlament seçkilərini izləmək üçün 18 beynəlxalq kütləvi informasiya vasitəsinin (KİV) qeydə alındığını söyləyib. Həmin KİV-ləri isə ümumilikdə 41 nəfər təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB