“Astara-Rəşt dəmiryolu Azərbaycan və İran üçün xüsusi əhəmiyyətə malikdir" MÖVQE

“Astara-Rəşt dəmiryolu Azərbaycan və İran üçün xüsusi əhəmiyyətə malikdir" MÖVQE

“Ümumiyyətlə İran-Azərbaycan münasibətləri son vaxtlar yüksək əməkdaşlıq səviyyəsində davam etdirilir. Tendensiyalar elədir ki, bizim həm müştərək işlərimiz, həm də ikitərəfli əlaqələrimiz sözün həqiqi mənasında inkişaf etməkdədir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, şimal-cənub dəhlizində İranın iştirakı belə Azərbaycan və İran üçün çox mühüm əhəmiyyət kəsb edir: “Astara-Rəşt dəmiryolunun çəkilişi də iki ölkə üçün xüsusi əhəmiyyətə malikdir. Bildiyiniz kimi Xəzərin hüquqi statusu ilə bağlı yaranan müəyyən problemləri bu gün artıq İran və Azərbaycan öz arasında həll etməklə birgə yataqlar deyilən o yataqlardan insanların rifahı üçün istifadə edəcəklər. Digər məsələ isə kənd təsərrüfatı istiqamətində İranın Azərbaycanda müştərək müəssisələrinin yaradılmasıdır, avtomobil zavodunun tikilməsidir. Yəni bütün bunlar hamısı İranla Azərbaycanın yaxınlaşması deməkdir. Təbii ki, iqtisadi problemlərin həlli eyni zamanda siyasi məsələlərin müsbət həllinə gətirib çıxarır. Unutmaq lazım deyil ki, İranda 30 milyondan artıq bizim həmvətənlərimiz yaşayır. Təbii ki, bunlar da həm mədəni, həm də digər əlaqələrlə ölkəmizlə sıx münasibətlər saxlayırlar.

Son vaxtlar kütləvi informasiya vasitələrində (KİV) və digər yerlərdə İranla-Ermənistanın mühüm əlaqələrinin olması ilə bağlı qabartmalar həddindən artıq çoxalmışdı. Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevlə İran prezidenti Həsən Ruhaninin görüşündən sonra bu məsələlərə də müəyyən qədər aydınlıq gəldi. Yəni iqtisadi məsələlər vasitəsilə biz siyasi məsələlərimizi müsbət istiqamətdə həll edə bilərik. Beləki Ermənistanı təcrid edə bilərik və Dağlıq Qarabağ münaqişəsinin həllində də müəyyən addımlar ata bilərik. Ona görə də İranın Azərbaycanla əlaqəsinin möhkəmlənməsi həm vətəndaşlarımızın rifahı üçün, həm də regionda siyasi, iqtisadi və hətta deyərdim ki, hərbi məsələlərin həllində müsbət rol oynayacaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə