Elxan Poluxov: "Ermənilərin Ağdamın adının dəyişdirilməsi haqqında qərarı heç bir əhəmiyyət kəsb etmir" - MÜNASİBƏT
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Ordusunun işğal etdiyi Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma qurum tərəfindən Ağdam şəhərinin adının dəyişdirilməsinə münasibət bildirib. XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov SİA-ya açıqlamasında qondarma "Dağlıq Qarabağ Respublikası"nın Azərbaycanın Ağdam rayonunun adının Akna adlandırılması haqqında qərarının heç bir əhəmiyyət kəsb etmədiyini bildirib: "Bir məsələ təəccüb doğurur ki, Ermənistan tərəfi son zamanlar işğal olunan ərazilərə xaricdən qonaqları dəvət etməklə, işğal olunan əraziləri onlara göstərməklə danışıq prosesinə mənfi təsir etmək istəyir. Ermənistanın siyasi elitaları arasında çox güman ki, belə bir qüvvələr var ki, bugünki gündə həyata keçirilən danışıqlara belə bir addımlarla kölgə gətirmək istəyirlər və regionda mövcud olan danışıqlar prosesinə gərginlik yaratmaq istəyirlər".
XİN mətbuat xidmətinin rəhbəri deyib ki, belə addımlar heç zaman real nəticə verə bilməz: "Azərbaycan sərhədləri dünya dövlətləri tərəfindən birmənalı olaraq tanınıb və təcrübə də göstərib ki, xarici qonaqlar əvvəlcədən biləndə ki, proqramda işğal altında olan Azərbaycan torpqalarına səfər də nəzərdə tutulub, səfərdən imtina edirlər. Belə bir nümunə Fransanın məhşur aktyoru Jerar Departyedir. Yaxud ermənilər hansısa yalan üsullara əl ataraq tanınmış şəxsləri işğal olunan torpaqlara gətirirlər. Daha sonra həmin şəxslər hər şey biləndən sonra onlar öz təəssüflüyünü bildirirlər. Məsələn, Rusiyanın məhşur müğənnisi Katya Lel etiraf etmişdi ki, onları aldadaraq Dağlıq Qarabağa gətiriblər. Ermənistan tərəfi dərk etməlidir ki, bu gün yalnız çıxış yolu Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılmasından və qaçqınlar və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından ibarətdir. Buna nail olmaq üçün konstruktiv danışıqlar prosesi həyata keçirilməlidir".
Qeyd edək ki, bu gün Qondarma "Dağlıq Qarabağ Respublikası" hökumətinin qərarı ilə Ağdamın adı dəyişdirilərək Akna adlandırılıb.
Ağdamın yeni adı təsadüfən seçilməyib. Belə ki, "Akna" ermənilərin (Armenian Secret Army for Liberty for Armenia - ASALA) Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu terror təşkilatının Livandakı ən fəal üzvlərindən biri, 1976-cı ildə Beyrut yaxınlığında güllələnmiş Varujan Çecyanın ləqəbidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB