1 noyabr 2010-cu il tarixində, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Janq Yannianı qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Xələfov Şanxay şəhərində keçirilmiş EXPO-2010 Dünya sərgisinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. X.Xələfov qeyd olunan sərgi çərçivəsində böyük uğurla keçirilmiş Azərbaycan günlərinin təşkil olunmasında Çin tərəfinin buna lazımi şəraitin yaradılmasına görə həmsöhbətinə təşəkkürünü bildirib.
Yannian buna cavab olaraq, Azərbaycan Respublikasının EXPO-2010 Dünya sərgisində iştirakının bu tədbirin ümumi müvəffəqiyyətinə dəyərli töhfə olduğunu qeyd edərək həmin tədbirin təşkilinə Azərbaycan tərəfinin verdiyi yüksək qiymətə görə minnətdarlığını bildirib.
Görüş zamanı "Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında Müqavilə"nin Ratifikasiya sənədlərinin mübadiləsi haqqında Protokol imzalanıb.
17 mart 2005-ci il tarixində imzalanmış bu Müqavilə müvafiq müddəalarına uyğun olaraq Ratifikasiya sənədlərinin mübadiləsi tarixindən otuz gün sonra, yəni cari ilin 1 dekabr tarixindən qüvvəyə minəcəkdir.
Tərəflər qeyd olunan sənədin imzalanmasını Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mövcud olan müqavilə-hüquq bazasının daha da genişləndirdiyini və iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsinin göstəricisi olduğunu vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB