ATƏT-in Bakı ofisi Azərbaycanda məhkəmə proseslərinin monitorinqi ilə bağlı son hesabatını açıqlayıb
ATƏT-in Bakı ofisi Azərbaycanda 2009-cu il üzrə məhkəmə proseslərinin monitorinqinin nəticələrinə dair hesabat hazırlayıb. SİA-nın məlumatına görə, ATƏT-in hesabat 2009-cu ilin mart ayından dekabr ayına kimi keçirilmiş məhkəmə proseslərini əhatə edir. Hesabatda qeyd olunub ki, 2009-cu il boyunca aparılan məhkəmə proseslərinin müşahidəsi göstərir ki, ofisin 2008-ci ildə məhkəmə proseslərinin monitorinqi ilə bağlı bundan əvvəlki hesabatının nəşrindən sonra nəzərə çarpacaq dəyişikliklərin olmasına baxmayaraq, yerli qanunvericilik və müvafiq ədalət mühakiməsi standartları ilə tam uyğunlaşma baxımından nöqsanlar aşkar edilib. Bunlar təqsirləndirilən şəxslərə vaxtında və tam şəkildə hüquqlarının izah olunmamağı, təqsirsizlik prezumpsiyası ilə bağlı problemlər, tərəflərin bərabərliyi ilə bağlı problemlər, təqsirləndirilən şəxsin şahid dəvət etmək, dindirmək və ya ona qarşı ifadə vermiş şahidi dindirmək hüququ ilə bağlı narahatlıqlar, hüquqi yardım almaq hüququ ilə bağlı narahatlıqlar, ehtiyac olan hallarda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CMP)10 99-cu maddəsində irəli sürülmüş meyara uyğun olaraq ya tərcüməçinin təmin edilməməyi, ya da tərcüməçinin təyin edilməməyidır.
Qeyd olunub ki, ofis Azərbaycanda məhkəmə və qanunvericilik islahatlarını dəstəkləməyə davam etməyə hazırdır. ATƏT Azərbaycan ədliyyə sektorunu təkmilləşdirmək məqsədilə bu hesabatın nəticələrinə əsaslanaraq, məhkəmə proseslərinin müşahidəsi zamanı müəyyən edilən pozuntuları aradan qaldırmaq üçün islahatlara dair ümumi tövsiyələr irəli sürüb. Bunlar: "Hakimlər işlərə müstəqil və qərəzsiz baxmalıdırlar. O cümlədən, onlar müdafiə olunan şəxsin təqsirinə dair öz mövqelərini ehtiva edən iradlar bildirməkdən çəkinməlidirlər. Təqsirləndirilən şəxsə tətbiq olunan təhlükəsizlik tədbirləri, xüsusilə, həbs-qətimkan tədbiri, hər bir işdə fərdi risk qiymətləndirmələrinə əsaslanmalı və ondan istifadə müvafiq yerli qanunvericilik və beynəlxalq standartlara uyğun olaraq, mümkün qədər məhdudlaşdırılmalıdır. Cinayət işlərində hakimlər hər iki tərəfə bərabər münasibət göstərməlidirlər. Təqsirləndirilən şəxsin səmərəli hüquqi təmsilçiliyi olmalıdır. Müdafiə tərəfinə işlə tam tanış olmaq imkanı yaradılmalıdır, İttiham tərəfi əksini sübut etmədikcə, hakimlər işgəncə, ləyaqəti alçadan və qeyri-insani rəftar nəticəsində əldə olunan sübutları iş materiallarından çıxarmalıdırlar, Məhkəmə prosesinin düzgünlüyünün və nəticə etibarilə, təqsirləndirilən şəxsin müdafiə olunmaq hüququnun tam təmin edilməsi üçün hökmlər əsaslandırılmalıdır, təqsirləndirilən şəxsi müvafiq yerli qanunvericilik və beynəlxalq standartla uyğun olaraq, ədalət mühakiməsi ilə təmin etmək üçün hakimlər yerli qanunvericilikdə mövcud təminatların tətbiqini təmin etməlidirlər".
ATƏT həmçinin ədalət mühakiməsini həyata keçirmək üçün ədliyyə işçilərinin peşəkarlığını və biliklərini daha da yüksəltmək məqsədilə hüquqşünasların və xüsusilə hakimlərin Azərbaycan məhkəmələrinin və Avropa Məhkəməsinin müvafiq presedent hüquqlarına dair mütəmadi olaraq məlumatlandırılmasını tövsiyə edib.
Qeyd edək ki, hesabatda 15 mart tarixdən 31 dekabr 2009-cu ilə qədər 1,088 cinayət və mülki iş üzrə 1,679-dan çox məhkəmə prosesi müşahidə edildiyi göstərilib. Məhkəmə müşahidəsi İcraçı Tərəfdaş və Ofis-in cəlb etdiyi və müşahidənin müstəqilliyi qərəzsizliyi, obyektivliyi, dəqiqliyi və ardıcıllığı üzrə təlim keçmiş 16 yerli müşahidəçi tərəfindən aparılıb. İcraçı Tərəfdaş və müşahidəçilər Ofisin Qanunun Aliliyi Şöbəsinin rəhbərinin nəzarəti və rəhbərliyi əsasında fəaliyyət göstəriblər.
Hesabatda əksini tapmış nəticələr və tövsiyələr Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə müntəzəm olaraq müzakirə edilib. Azərbaycanın dövlət orqanları tərəfindən ölkədə ədalət mühakiməsinin necə həyata keçirildiyini qiymətləndirmək üçün əldə edilmiş faktlardan diaqnostik vasitə kimi ən uyğun formada istifadə ediləcəkdir. Bundan başqa, Azərbaycanda məhkəmə sisteminin idarə olunmasını daha da təkmilləşdirmək üçün müvafiq dövlət orqanlarına kömək məqsədilə bu hesabata tövsiyələr daxil edilib.
Ofis eyni zamanda, 2006-2007-ci illərdə məhkəmələrin monitorinqi üzrə 2008-ci ilin aprel ayında dərc olunmuş sonuncu hesabatda əksini tapan bəzi narahatlıqlar və tövsiyələrdə əks olunan məsələlər dövlət orqanları tərəfindən hüquqi islahatlar və digər tədbirlərin həyata keçirilməsi, məhz vəkillərin və hakimlərin sayının artırılması və məhkəmə iclas zallarından tam uyğun istifadə məqsədilə məhkəmə binalarının təmir edilməsi vasitəsilə səmərəli şəkildə həllini tapmasını təqdirəlayiq hal kimi qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB