Əli Həsənov: “Jurnalistlərin problemlərinin həllinə yardım etmək qəbahətdirmi?” AÇIQLAMA

Əli Həsənov: “Jurnalistlərin problemlərinin həllinə yardım etmək qəbahətdirmi?” AÇIQLAMA

“Yeni mənzillərinizdə öz həyatınızı, yaradıcılığınızı uğurla davam etdirin. Mən təsəvvür etmirəm ki, bundan gözəl, yaxşı nə ola bilər? Bu sevinc sizin çöhrənizdən, nikbin baxışlarınızdan hiss olunur. Azərbaycan dövlətinin jurnalistlərlə bağlı həyata keçirdiyi humanist aksiyaya minnətdarlıq dolu baxışlarınızı gördükdən sonra qəbahətə yol verən bəzi insanların hərəkətlərinə təəssüf edirəm”. Bu fikirləri Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlər üçün inşa olunan ikinci binanın sakinlərinə açarların təqdim olunması mərasimində səsləndirib.

Əli Həsənovun sözlərinə görə, çox təəssüflər olsun ki, bəziləri qəbahətə yol verərək iddia edirlər ki, Azərbaycanın media siyasəti iflasa uğrayıb: “Məgər öz dövlətinin vətəndaşlarına, dövlətdaxili və xarici aləmdə baş verən hadisələrlə tanış etmək istiqamətində fəaliyyət göstərən jurnalistlərə dövlət qayğısı göstərmək, onların maddi-mənəvi problemlərinin həllinə yardım etmək qəbahətdirmi? Bu, o qədər qəbahətli bir haldır ki, bunu dövlətin media siyasətinin iflası kimi dəyərləndirilər?

Prezidentin köməkçisi vurğulayıb ki, iflasa uğrayan Azərbaycan dövlətinin jurnalistlərə yönəlik humanist siyasəti deyil, illərlədir yüz milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasətidir: “İflasa uğrayan o siyasətdir ki, illərdir özünün vergi ödəyicilərinin pullarını qrant adı ilə başqa ölkələrin jurnalistlərini, başqa dövlətlərin media nümayəndələrini təsiri altına salaraq öz dövlətinə, milli maraqlarına qarşı istifadə etməyə çalışanların siyasətidir”.

Əli Həsənov diqqətə çatdırıb ki, bu günlərdə qrant mediasının “ünlü nümayəndələri”, qrant siyasətini həyata keçirənlərin Azərbaycan jurnalistlərindən hazırladıqları, formalaşdırdığı vətəndaşlar Avropanın ayrı-ayrı mərkəzlərində - Fransa, Almaniya, İngiltərə, İtaliya parlamentləri qarşısında yığışaraq “no TAP” aksiyası, yəni Azərbaycanın strateji marağı olan “TAP layihəsinə yox deyək” aksiyası həyata keçirmək istəyiblər: “Əgər belə jurnalistlərin mövcudluğu və bir ölkənin müstəqil mediasını təsir altına alaraq onu öz dövlətinə, dövlətçiliyinə qarşı istifadə etmək inkişaf göstəricisidirsə, Azərbaycan dövlətinə belə inkişaf lazım deyil. Azərbaycan mediasının təməli sağlam qoyulub”.

Əli Həsənov bildirib ki, böyük maarifçi alim Həsən bəy Zərdabi milli Azərbaycan mətbuatını yaradarkən, 1875-ci ildə “Əkinçi” qəzetini təsis edərkən və sonrakı dövrlərdə “Əkinçi” ənənələri ilə jurnalistikaya baş vurub Azərbaycan mediasını bu günə qədər yaşadan, onun inkişafına dəstəyini, xidmətini göstərən insanlar medianı bu cür təsəvvür etmirdilər. Media ilk növbədə insanları informasiya ilə təmin etməli, maarifləndirməlidir. Media insanlarda yaxşı nümunələr formalaşdırmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə