İsrail Türkiyəni Yunanıstan vasitəsilə qısqandırır

İsrail Türkiyəni Yunanıstan vasitəsilə qısqandırır

İsrail-Türkiyə münasibətlərinin gərginləşməsindən sonra Türkiyənin İranla yaxınlaşması gündəmə gəldi. İsrail isə adekvat addım ataraq Yunanıstanla əlaqələrini yaxşılaşdırmaq niyyətini ortaya qoyub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, artıq Yunanıstanla İsrail arasında əməkdaşlıq hərbi sferada özünü biruzə verməyə başlayıb. Belə ki, ötən həftə iki dövlətin Hərbi Hava Qüvvələri (HHQ) hava hücumundan müdafiə sistemini təkmilləşdirmək məqsədi ilə birgə təlim keçiriblər. Dərhal bundan sonra HHQ arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Qısa vaxt ərzində iqtisadi sferada da əlaqələr genişlənməyə doğru başlayıb. Hazırda İsrailin təbii qazının Yunanıstan vasitəsilə xarici dövlətlərə satılması istiqamətində aktiv danışıqlar aparılır. Belə ki, təbii qazın nəqli üçün nəzərdə tutulan qaz kəməri layihəsi hazırlanıb və iki dövlət tərəfindən yaradılan birgə komissiyaya təqdim edilib.

 

Süni dostluq əlaqələri isə Türkiyənin narahatçılğına səbəb olub. Türkiyənin dövlət naziri Əli Babacan qeyd edib ki, Türkiyə ilə İsrail arasındakı münasibətlər region üçün önəm daşıyır. O, bildirib ki, rəsmi Ankara İsrail üçün qapılarını heç vaxt bağlamayıb: "Türkiyənin tək istəyi ondan ibarətdir ki, Qəzzaya tətbiq edilən mühasirə ortadan qalxsın. Eyni zamanda İsrail ordusu tərəfindən humanitar gəmiyə edilən basqın nəticəsində həyatını itirən 9 türk vətəndaşına görə, rəsmi Tel-Əviv üzr istəsin".

Bütün xəbərlər Facebook səhifəmizdə