“Feyxoa yerli bazardan daha çox xarici bazarda satılır”

“Feyxoa yerli bazardan daha çox xarici bazarda satılır”

Astara rayonunda feyxoa yığımına başlanılıb. Rayon İcra Hakimiyyətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, rayonda 1600 hektar sahədə sitrus bağları mövcuddur. Son illər yerli əhalinin əksəriyyəti şaxtaya və zərərvericilərə daha davamlı olan sitrusçuluğun bu sahəsinə xüsusi maraq göstərir.

Bu il havaların əlverişsiz keçməsi ilə bağlardan feyxoa yığımı 15 gün gecikdisə də, məhsul boldur. Uzun müddətdir sitrusçuluqla məşğul olan fermer Rafiq Cəfərov deyir ki, bu il bağlarda bol feyxoa məhsulu yetişib və bu yaxşı gəlir vəd edir.

Fermerin sözlərinə görə, il boyu feyxoa ağaclarına düzgün aqrotexniki qulluq göstərilərsə, bol məhsul əldə etmək mümkündür. Belə ki, düzgün qulluq edildikdə təkcə bir ağacdan 150 kq-a yaxın meyvə götürmək mümkündür.

Bağban yerli bazardan daha çox məhsullarını xarici bazara satdığını bildirir.

Hazırda feyxoa xarici bazarlara aparılmaq üçün fermerlərdən kilosu 1 manatdan alınır. Astaranın dağlıq ərazilərində məhsuldarıq daha yüksəkdir. Ağacları zərərvericilərindən qorumaq üçün görülən qabaqlayıcı tədbirlər məhsulun bol olmasına səbəb olub.

Qeyd edək ki, ötən il rayon ərazisindəki sitrus bağlarından ümumilikdə 22 min 558 ton məhsul yığılmışdısa, bu il 25 min tona yaxın məhsul yığımı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə